At belində yavaş-yavaş dırmanırıq dağlara,Öz əlilə gözəl bahar min rəng vurmuş bağlara,Ana torpaq nəfəs alır uşaq kimi dərindən...Bu lövhələr könülləri oynatmazmı yerindən?Üzüm gülməz, könlüm gülməz, düşünürəm, dalğınam;Bu diyarın dərdlərinə mən hamıdan yaxınam.Şair könül, nə durmusan dərya kimi dalğalan,Bax, alnını düyümləyib durur dərdli “Savalan”.Mən yanmasam varlığımla, nə söyləyər el mənə,Başı qarlı, ürəyisə yanan dağın dərdinə?!Şerim düşməz dildən-dilə həqiqətdən yazmasam,Ağaların, cəlladların nəşəsini pozmasam,Hər kəlmədə döyünməsə mərd xalqımın ürəyi,Qönçələnməz bu torpaqda azadlığın diləyi.Nə bir nəğmə eşidirsən bu yerlərdə, nə çalğı,Kimlər salmış matəmlərə mənə doğma bu xalqı?Dinmə! – deyə kim çıxarmış boğazından dilini,Kim soldurmuş tapdaqlarla bağçasında gülünü?Hər tərəfə göz gəzdirsən, qızıl qandan ləpir var,Hər addımda canlılardan qat-qat artıq qəbir var.Ətrafına çiçək səpmiş ətək-ətək ilk bahar,Könüllərdə xəzandırsa, nəyə gərək ilk bahar!Nəyə gərək bağrı yara bülbüllərin nəğməsi,Hər bucaqda qan ağlarkən könüllərin nəğməsi!Dərdlərimi mənə sadiq dostlarımla bölürəm,Bu al-əlvan çəmənləri seyr etdikcə bilirəm.Vaxtsız ölən körpələrin gözləridir çiçəklər,Bəxtsizlərin kirpiyindən qan-yaş damar hər səhər.Dilsiz, nakam hər məzarın bu həyatda gözü var,Ürəyində dünyalarca deyilməmiş sözü var.Nəyə gərək bahar, dedim, nəyə gərək əyləncə,Qan qardaşım zalimlərdən görürkən min işgəncə!

Könül! Səni aldatmasın bu diyarın zahiri,Qonaq kimi baxa bilməz buna sovet şairi!Mən cənubun dərdlərini ötəcəyəm sazımda,Onun qəlbi döyünəcək əşarımda, yazımda...

Gün altında yana-yana çatırıq kəndə,Ah, bilsəniz, nə arzular oyanır məndə.Evlərinin pəncərəsi günəşə baxır,Ortasından şırıl-şırıl körpə çay axır!Başdan-başa laləlikdir çölü, çəməni,Güllükləri bülbüllərin yurdu, məskəni.İydəliklər arasilə yol keçən hər kəsQoxusundan məst olmazmı aldıqca nəfəs?Dalğa-dalğa ətir saçan dağ çiçəkləriSevindirməz nə üzləri, nə ürəkləri...Hərdən-birdən qəmli-qəmli ötür bir kəklik,Sanki deyir: – Yaman dərddir dünyada təklik.Ürküb qaçır dağ döşündən bir sürü ceyran,Yol yoldaşım alır həmən onları nişan...– Vurma! – deyə tez tuturam onun qolunu,Məsum qanı axıtmağa qoymuram onu...Dırnağiylə bəzək vurub nəmli torpağa,Qoyun-quzu mələşərək qalxır yaylağa.Burda hər şey mənalıdır görən insana,Diqqət ilə baxıram mən gənc bir çobana.Ah... acından qonur gözü düşüb çuxura,Heyhat, keçir ömrü-günü kömürdən qara.Mən bu yerə ad verirəm qəmlər ölkəsi,Çinarların, söyüdlərin sərin kölgəsi.Nə bir məclis, nə də bir toy görmüş əzəldən...Düşünürəm hər tərəfə baxıramsa mən.Gülür bahar, gülür yer-göy, insan gülməyir,Vüsal deyib qan ağlayır hicran, gülməyir.Acı, qanlı xatirədir bu yerdə dağ, daş,Təbiətdən nə zövq alsın cənublu qardaş!Gömgöy etmiş kürəyini hər gün qamçılar,

Gözlərindən ürəyinə, qan-yaş damcılar.Ta həyata gələn gündən ayaqyalındır.Haqq sevəndir, düz ürəkdir, açıq alındır.O bilir ki, belə getməz həmişə dövran,Ürəyində alovlanır sönməz bir üsyan.Öz yol çəkən gözlərini dikib şimala,Deyir: – ey bəxt, yetir məni, yetir vüsala!Qan qardaşım! Nəhayət ver artıq yasına,Azadlığı alacaqsan qan bahasına!

Çatıb kəndin meydanına düşdük atlardan,Kənd axışdı yanımıza keçincə bir an,Atımızın cilovundan yapışıb hərəDedilər ki: – Salam olsun şurəvilərə!Dərdli kəndin ağsaqqalı çıxıb qabağa,– Gəlin! – deyə dəvət etdi bizi otağa.Baş əyərək girdi tək-tək bu otağa kəndlilər,Hörmət edər hər an əziz bir qonağa kəndlilər.Bizdən sonra hamı bir-bir bardaş qurub oturdu,Dövrəmizdə ehtiramla həlqə vurub oturdu.Kimsə dinmir, milçək uçsa, eşidərsən otaqda,Qonur gözlü bir uşaq da oturmuş bir bucaqda.Bizə baxır maddım-maddım, ürəyində nəsə var,Baxışından görünür ki, bilməz nədir ilk bahar.Nəzərləri cəlb eləyir gözlərinin kölgəsi,Gör nə günə qalmış bu gün səttarxanlar ölkəsi.Bir qoca da, zilləyərək gözlərini tavana,Ovuşdurub ovucunda tütün tökür qəlyana.Nə biləsən, nə arayır xəyalında bu qoca,Bənzəri var bu torpaqda kök salan bir ağaca.Pozmamışdır vüqarını nə qasırğa, nə tufan,Çox da olmuş illər boyu bu diyarda bağrı qan.Kibrit çəkib sonra saxsı qəlyanını yandırır,Bu görkəmlə bir qocaman yanar dağı andırır.Yan otaqdan bizə baxır ağ birçəkli bir ana,Ayaq üstə ərimişdir şam kimi yana-yana.Ağ saçları dərdləridir xeyli cavan ömrünün,Qar yağdırmış baharına acı dövran ömrünün...Astanada tüstülənir böyrü batıq samovar,Ləmədəsə, rəngi uçmuş beş-on nimçə, kasa var.Altımızda xalı deyil, cırım-cındır, həsirdir,Mən demirəm yoxsullarçın bu eyibdir, kəsirdir.Pəncərənin qıraqları kağızlarla yamanmışBir qul kimi ömür sürmək dünyada nə yamanmış!Birdən qəribə səslər eşidildi bayırdan,Kəndlilərin üzündə dalğalandı həyəcan.Bir anda “əmniyyələr” soxuldular otağa,Hamısı birdən çəkib tüfəngləri ayağa:– Oturduğunuz yerdən tərpənməyin! – dedilər,Bizi orda görən tək qorxudan titrədilər.Çəkib barmaqlarını tüfəngin çaxmağından,Rəis bixəbər kimi titrəyən ayağından.Söylədi, – Bağışlayın, bilmədik burdasınız,Bizim, şurəvilərə hörmətimiz var yalnız.Siz səfa gəldiniz bu gözəl Azərbaycana,Bu bişərəflər bizi cana gətirmiş, cana.Bunlar ki var, adamın boynunu daldan kəsər,Əmin-amanlıq olmaz, olmasa əmniyyələr.Gəlmişik çürütməyə bunlarla haqq-hesabı,Namərdəm, yatırmasam bu yerdə inqilabıVerib bunlar əl-ələ kənddən qovdular xanı,Haqlıyam, asilərin halaldır, desəm, qanı...Tərki-silah ediblər on iki əmniyyəni,Mərkəzdən göndəriblər cəza verməkçin məni...Qoca kəndli gülərək bu sözə dodaq büzdü,Əmniyyə rəisini başdan-ayağa süzdü,Bir qırpımda divardan aldı ələ qılıncı,Əmniyyənin bağrına dəydi qılıncın ucu.Qan tökülməsin deyə, qocaya – dayan! – dedik, –Birinin ölümüylə düzəlməz dövran, – dedik.Başı qarlı bu dağın od vardı ürəyində,Şimşəklər çaxdı-söndü sanki göz bəbəyində.

Bizə haqq verib yenə qoydu qılıncı qına,Sanki ildırım qondu onun qaşqabağına;Bu an yaxa bilərdi dünyanı nəfəsilə,Baxıb əmniyyələrə söylədi var səsilə:Şurəvi əfsərləri olmasaydı bu yerdə,Ömrünüzə çəkərdik öz qanınızla pərdə!Məqsədiniz, arzunuz aydındır bizə, aydın.Nə qədər ki, başınız salamatdır, qayıdın!Qayıdın, qəzəbimiz dünyalardan böyükdür,Söykəndiyiniz dirək təməlindən çürükdür,Uçulacaq o bir gün zərbəmizlə kökündən,Çəkinin qəlbimizdə alovlanan bu kindən!Əmniyyəsiz də burda vardır əmin-amanlıq,Qurtarmaz söyləməklə etdiyiniz yamanlıq.Başdan-başa müsəlləh, hər kəndə çıxanda siz,Üzürsünüz sel kimi tökdüyünüz qanda siz.Əl atdınız qızların irzinə, namusuna,Gedin, görünməyin bu intiqam ordusuna,Ağalar, gedin, artıq, kəndimizi tərk edin!..Rəis dodaq gəmirib qızdı: – Qoca, nə dedin?Aldığınız on iki tüfəngi verin geri!Uşaqlar, yubanmayın, axtarın tez hər yeri!Yoxsa sərbazlar gələr mərkəzdən bura birbaş,O zaman kəndimizdə qalmaz daş üstündə daş!Gəlin, tökün, bu daşı ətəyinizdən yerə,Bir ovuc kəndli neylər top-tüfəngli ləşkərə!..

Kəndlilər pıçıldaşıb dedilər ki: – Çox gözəl,Tüfəngləri alan tək gedin burdan əlbəəl!Qoca kəndli vüqarla açar saldı sandığa,On bir tüfəng çıxarıb tulladı ortalığa,Görüb lovğalandılar əmniyyələr bu halı,Rəis ağzı köpüklü bağırdı iddialı:Qan axmamış qaytarın on ikinci tüfəngi!Bucaqdakı uşağın birdən ağardı rəngi,Gözləri həlqələndi, titrədi dodaqları,Canlandı xəyalımda son bahar yarpaqları.Süzüb uşağı bir an öz-özümə dedim mən:On ikinci tüfəngdə nə hikmət var, görəsən?Nədən rəngi uşağın birdən-birə saraldı,Bütün varlıq gözündə bir qırpımda qaraldı?Baxıb əmniyyələrə qəzəblə altdan-altdan,Dedim: – Çıxarmaz sizi sovet şairi yaddan!Silaha əl atmağa yoxdu məndə ixtiyar,Qəlbimin sahilinə çırpıb qanlı dalğalar,Sarsıdıb mənliyimi yerindən oynadırdı,Rəisin hər kəlməsi, sanki, zəhər dadırdı.On ikinci tüfəngin üstündə söz uzandı,Kəndlilər bir ağızdan o son tüfəngi dandı.Əmniyyələr başladı otağı axtarmağa,Rəis nəzər salaraq rəngi solğun uşağa.Dedi: – Ey uşaq, bəlkə, sən bilirsən yerini,Deməsən, dabanından soyduraram dərini!Uşaq bağırdı... hamı qorxdu onun səsindən,Bir yumruq vurdu azğın rəisin sinəsindən.Tez uşağa çevrildi lüləsi tüfənglərin,Qorxmadı hədəsindən o, bu daş ürəklərin.Yan otaqdan cumaraq bağrı yaralı ana,Dedi: – Məni öldürün, ancaq dəyməyin ona!Odur mənim qaranlıq ömrümə işıq, çıraq,Dərdi dağlardan böyük sinəmə çəkməyin dağ!Yan otağa atıldı zavallı birnəfəsə,Gətirib atdı yerə əlləri əsə-əsə,Qundağı parçalanmış qan ləkəli tüfəngi...Uşağın kağız kimi ağardı yenə rəngi.Çılğın fəryad qoparıb tüfəngi qucaqladı,– Yox, yox vermərəm! – deyib hönkür-hönkür ağladı.Gücdə o bir yanaydı, əmniyyələr bir yana,Bənzəyirdi bu dəmdə qızmış körpə aslana.Rəis tüfəngi zorla ondan alıb apardı,Elə bil, sinəsindən ürəyini qopardı.Əmniyyələr də getdi... Olmadı sakit uşaq,

Öz dərdli anasına sığındı ağlayaraq.Qoca dedi: – Nəriman, ağlama, bəsdir, oğlum,Sənin bu göz yaşların, məncə, əbəsdir, oğlum.Gec-tez yetişəcəksən qəlbindəki o kama,Döyüşlər qabaqdadır, hazırlaş intiqama!

Yaxınlaşıb söylədim: – Danış, Nəriman, danış,Məni öz dərdlərinlə gəl et yaxından tanış.Danış, nə hikmət vardı on ikinci tüfəngdə?Danış ki, qövr eyləyir dərd qalarsa ürəkdə...Hirsindən açılmadı Nərimanın dodağı,Qoca kəndli doldurub gur səsilə otağı:– Qardaş, dərindir, dedi, onun ürək yarası,Bu dərdin başqa şey yox, intiqamdır çarası.Gördüyün bu Nəriman bir aydır ki, yetimdir,Sən də, mən də bilirik dünya ölüm-itimdir,Fəqət dərdi başqadır bizim bu Nərimanın,Qəlbi həsrətdir çoxdan ağ gününə dünyanın.Bir gözəl kənd yerləşir bu dağın o tayında,Gülür çölü, çəməni hər ilk bahar ayında.O kəndin oğlu, qızı ta qədimdən mərd olur,Bir naxələf çıxdımı, bütün kəndə dərd olur.Onlarla ta əzəldən dostuq, qohum-qardaşıq,Bir-birinin qəlbinə aşinayıq, sirdaşıq,Bir ay əvvəl o kənddə bir faciə baş verdi,Ordakı dostlarımız gül əkib, tikan dərdi,Bir ay əvvəl xan oğlu bir rəiyyət qızınaƏl atıb ləkə vurdu irzinə-namusuna.Nişanlısı xanlığa gedərkən şikayətə,Doğrayıb öldürdülər, yol açıb cinayətə.Zülmdən cana gəlmiş ac-yalavac kəndlilər,Əldə külüng, bel, yaba xan evinə getdilər,Dedilər ki: – Bu zülmə son verin, bəsdir daha.Xalqa qanlar uddurmaq xoş gələrmi Allaha!Xanın mühafizləri, bütün qohum-qardaşıDüşündülər: “Axmasa bu torpağa göz yaşı,Ayaqyalınlar bizim başımıza çıxarlar.Qurduğumuz büsatı bir zərbəylə yıxarlar”.Kəndlilərə açıldı xanın əmrilə atəş,Buludlarda gizləndi utandığından günəş.Xanın murdar niyyəti bir anda üzə çıxdı,Sarayın qabağında o gün qan dizə çıxdı.Hamı köməyə getdi bizim kənddən o kəndə,Baxma, saçım-saqqalım ağdır-ordaydım mən də.Tüfənglər işə düşdü... od püskürdü müsəlsəl,Yoxlayıb səngərləri gəzirdi ovçun əcəl.Nərimanın atası lap qabaq səngərdəydi,Onun qəlbinə güllə mənim yanımda dəydi.Güllədən tüfənginin parçalandı qundağı,Yarasından axan qan qızartdı boz torpağı.Gözləri axa-axa tüfəngi verdi mənə,Dedi: – Nərimanımı tapşırıram mən sənə.Qoy alsın düşmənimdən mənim intiqamımı,Fələk qəlbimdə qoydu gül açmamış kamımı...Nərimanın atası can verdi qucağımda:Elə bildim, tufanlar əsdi könül bağımda,Birdən ayağa qalxıb – Hücum! – deyə bağırdım,Öz dostlarımla birgə yüzədək yağı qırdım.Qan ləkəli tüfəngi gətirdim Nərimana,Məni sözsüz anlayıb ürəyi döndü qana,Bax, həmin bu otaqda od saçıb nəfəsindən:“Atamın qisasını alacağam, – dedi, mən...”On ikinci tüfəngin tarixi budur, oğlum.Ağlama, Nərimanım, bəsdir, qurbanın olum...Gözü yaşlı öz oğlunu ana basıb bağrına,Dedi: – Bala, mən yaxınam sənin ürək ağrına.Qoymamışdır göz açmağa bizi düşmən həyatda,Görməmişik bircə ağ gün nə sən, nə mən həyatda.Göz yaşının arasından yaxşı baxsan əgər sən,Ürəyinin yarasını ürəyimdə görərsən.Zaman məni tez ayırdı sənin əziz atandan,Könlüm, eşqim ayrılmayıb o torpaqda yatandan.

Nəfəsindən onun doğma nəfəsini duyuram,Qabaqdakı döyüşlərdə nərəsini duyuram.Sən qalmısan mərd atandan mənə təkcə yadigar,Nərimanım, bilirsənmi, ürəyimdə nələr var? –Bir dəhşətli intiqamçın bəsləyirəm səni mən,Hətta, bəzən, yuxumda da səsləyirəm səni mən.Dərdli ana sığallayıb öz oğlunun başını,Öpə-öpə sildi ağlar gözlərinin yaşını.Dilə gəlib qoca dedi: – Heç qəm yemə, Nəriman,Unutma ki, belə getməz bu yaşayış, bu dövran,Əmniyyələr çox da sənin quş qəlbini qanatdı,Zənn etmə ki, azadlığın göylərində gün batdı.Dözə bilməz bu dərdlərə, əzablara kənd, şəhər,Bir gün səhər bayraq kimi qızaranda şəfəqlər.İlk baharın müjdəçisi qaranquşlar gələndə,Qərənfillər, yasəmənlər, qızıl güllər güləndə,İgid ellər baş qaldırıb qoşulanda üsyana,Dağlar, daşlar lalə kimi boyananda al qana,İgid bala, sən də o gün başqa tüfəng taparsan,Üsyan etmiş kütlələrin ən önündə çaparsan.Dərdli anan yəhərləyər onda sənin atını,İntiqamla doğruldarsan öz müqəddəs andını!

Bu sözlərdən qüvvət alıb dağa döndü ürəklər,Gülümsədi Savalanın köksündəki çiçəklər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri