Sənə üz versə kədər, məclisə cananı çağır,Ləbləri qönçəni, ol gözləri ceyranı çağır.

Söndürə bilməyəcəksən yenə eşqin odunu,İstəyirsən köməyə çayları, dəryanı çağır.

Eşqdir, hicrdir, aləmdə vüsaldır məna,Varsa şübhən buna, isbatına dünyanı çağır.

Sağalar məncə vüsal ilə bu hicran yarası,Çəkmə zəhmət, nə təbibi, nə də loğmanı çağır.

Səni qəmlər dənizi boğmağa eylərsə hücum,Özgə bir kimsəni yox, onda Süleymanı çağır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq