Səhifə 2 / 3 · 33%

Durna (oxuyur.)

Eşqim qanadlanır, sənin adınla,
Dəryadan dərindir ala gözlərin.
Döyünən qəlbimi vermişəm sənə
Nədəndir gəlməyir yola gözlərin?
Ala gözlərin, ala gözlərin.
Nədəndir gəlməyir yola gözlərin?

Təbiət özü də vurğundur sənə,
Sənsən o həyatı sevdirən mənə,
Baxıram hüsnünə doymuram yenə.
Az qalır canımı ala gözlərin.

Qızlar son bəndi təkrar edir və oynayırlar.

Durna

Məndən gözəlsiniz, qızlar, a qızlar!
Sizə aşiq olan sızlar, ha qızlar!
Gənclər yolunuza səpər çiçəklər
Hər gün əlinizdən öpər çiçəklər.

Bu ana vətəni bəzər adınız,
Günəştək dünyanı gəzər adınız.
Məndən gözəlsiniz, qızlar, a qızlar!
Eşqə təməlsiniz, qızlar, a qızlar!

Eh, qızlar görəsən dünyada sevib-sevilməkdən, xoşbəxtlikdən də şirin şey varmı?!

Qəmər

Onu sən yaxşı bilərsən, Durnacan!

Durna

Niyə bilmirəm ki?

Qəmər (gülür)

Onda sağ əlin başımıza... Gedək, qızlar... Deyəsən gələn odur...

Durna

Kim?

Qəmər (saza işarə ilə)

O da...

Durna

Getməyin qızlar.

Qəmər

Dilin getmə deyir, ürəyin get. Ürəyə qulaq asmaq yaxşıdır. Gedək, qızlar!

Gülüşərək gedirlər.

Durna

Qızlar, qızlar! (Ağacın altında oturur. Dursun gəlib arxadan onun gözlərini əllərilə tutur.) Burax, Murad, burax.

Dursun (kənara)

Yenə Murad? Bir dəli şeytan deyir, əlini çəkmə qoy qiyamətəcən gözləri dünya işığına həsrət qalsın.

Durna

Burax, Muradcan, burax!

Dursun

Zəhrimar Muradcan, Dursuncan desən ölərsən?!

Durna

Burax, Murad, bağrım çatladı.

Dursun (kənara)

Qorxuram əlimi çəkəm, məni görüb yazığın ürəyi gedə.

Durna

Daha bəsdir, Murad! (Silkinib qalxır.) Bıy Dursun!

Dursun

Biriminci eşqimizə and olsun, lap özüməm ki var. Hörmət və ehtiram.

Durna

Dursun, tez ol get burdan! Görən olar, yaxşı düşməz.

Dursun

Görsünlər də... Mənim nəyim Muraddan əskikdir. Sən Durna, mən Dursun, adlarımız bir-birinə gör necə yaraşır. Durnası, əl çək o boşboğaz aşıqdan. Ondan sənə nə fayda?

Durna

Heç olmazsa sən danışma. Öz adını da, atamın adını da yerə vurmusan.

Dursun

Çalışaram, bundan sonra göyə vuraram.

Durna

Məzələlik eləmə. Atamın briqadasında sənin kimilər olmasaydı, o el içində bədnam olmazdı. Bir bax gör, Murad necə işləyir. İndi hamı ondan danışır.

Dursun

Əlbəttə hamı ondan danışar da... Nöşün ki, onunçün ki, ondan ötrü ki, o səbəbə ki, onun briqadasında sənin kimi özü ceyran, yazıq atanın briqadasında isə Lalə kimi üzünü mürdəşir yumuş, şeytan var, şeytan. Murad baxır sənə, şairlər demişkən, ilhamını səndən alıb özünü vurur oda, közə... Atan, mən baxırıq Laləyə, ödümüz ağzımıza gəlir; bayaq atanla birlikdə bir padpolnı iclas eləyib belə qərara gəldik ki, sən gərək Muraddan yerli-dibli əl çəkib keçəsən bizim briqadamıza... Qərar qətidir. Şikayət qəbul edilməyəcək!

Durna

Sən allah şit-şit danışıb, ətimizi tökmə! Sənin bu mənasız söz-söhbətin axırda məni el-oba arasında hörmətdən salacaq.

Dursun

Hay-hay, tərsinə, hörmətə mindirəcək, ay qız! Nə görmüsən onda? Mətləb sazdadırsa sabahdan bir saz alacağam özümçün. Kökləyib çalacağam səninçin. Kef-damaq eləyəcəyik özümüzçün. Qaldı ki, qəşənglik barədə, Muradla mənim aramda ancaq bircə təfavüt var. O da ibarət olsun onun bığlarından. Neynək, göz üstə, qaş üstə, baş üstə. Sabahdan hərifin atasını yandırmaqçın keçəcəyəm bığ qoymağa səninçün. Muradın acığına bığımı bir qarış onunkindən uzun eliyəcəyəm özümçün. Dayansın bığımın qabağında görüm necə dayanır. Qaldı planı doldurmaq, işə can yandırmaq məsələsi, onun çarəsi asandır. Sən bir bürüştə hə de, dönüm səninçün qırğıya, sığırçına, bildirçinə, sağsağana, qarğaya.

Durna

Sən allah burda ovçu bazarı açma görək!

Dursun

Ovçu dedin yadıma düşdü. Üstəlik qəribə ovçuluğum da var ey... Elə bu gün işə çıxmamağımın səbəbi qurd dərəsinə ova getməyimdir.

Durna

Qorxmadın ki?

Dursun

Dursun hara, qorxdu hara?!

Durna

Ova tək getmişdin, yoxsa tulayla?

Dursun

Tulanı neyləyirəm. Özümə nə gəlib.

Durna

Nə ovladın?

Dursun

Çox şey.

Durna

Məsələn?

Dursun (kənara)

Dilim-dilim olasan dilim. (Durnaya) Mən indi nədən danışırdım?

Durna

Ovdan.

Dursun

Hə, hə. Ovçuluq hər adamın işi deyil. Ovçuluğun ən vacib şərti odur ki, gərək çənədən möhkəm olasan, özünçün. Başını ağrıdıram, gərək ovçunun dili də tüfəngi kimi güllə ata, zalp ata. (Samovarın başından dudkeşi götürüb tüfəng kimi oynadıb tuşlayır.) Müxtəsər, əlimdə on iki lülə, on beş açılan pulemyot, tfu... bağışla... Pulemyot yox, tüfəng... Əsə-əsə, əsə-əsə, əsə-əsə.

Durna

Daha əsə-əsə niyə?

Dursun

Sən imanın mən əsə-əsə dedim, yoxsa tələsə-tələsə...

Durna

Yaxşı sonra.

Dursun

Mən indi nədən danışırdım?

Durna

Ovdan, ovdan.

Dursun

Bəli, qurd dərəsində tələsə-tələsə canavar axtarıram, özümçün. Vurub sərirəm yerə səninçin. Bu dəmdə bir mağaranın ağzında nəyə rast gəlsəm yaxşıdır?

Durna (gülərək)

Qırqovula.

Dursun

Savadsız danışma!.. Bir sürü canavara. Canın üçün, eləmə tənbəllik, düşdüm bu canavarların canına. (Meydan sulayır.) O canavar sənin, bu canavar mənim. Bu canavar sənin, o canavar mənim. O canavar Nisənin, bu canavar Kərimin. Bu canavar Şərəfin, o canavar Nəcəfin. O canavar mənim, (göyü göstərir) bu canavar onun...

Durna (gülür)

Gözə gəlmiyəsən belə ovçu!

Dursun

Sansız təşəkkür.

Durna

Sonra...

Dursun

Hə? Sonra... Yaxşı, indi mən nədən danışırdım?

Durna

Ovdan.

Dursun

Elədir... Ovdan...

Durna (kənara)

Bunu necə başımdan rədd eləyim. (Dursuna) A Dursun!

Dursun (sözünü dudkeşlə deyir)

Can Dursun!

Durna

Qoy canavarlar bir yanda dursun. İndi ki, belə mahir ovçusan, olmaz ki, mənə bir qəşəng qırqovul ovlayıb gətirəsən!

Dursun (özünü itirir)

Qırqovul? Elə bu dəqiqə?

Durna

Elə bu dəqiqə!

Dursun (kənara)

Dilim-dilim olasan dilim. (Durnaya) Nə deyirəm ki, elə bu dəqiqə olsun. Mənim gözlə ha!.. (Dudkeşi də özüylə aparır.)

Bir ovçuyam bu dağlarda,
Adım Dursun, özüm Dursun,
Sevgilimə göz dikəni
Görüm gürzə ilan vursun,
Sağ ol Dursun, var ol Dursun!..

Səhnə arxasından Muradın səsi eşidilir.

Murad

Gözəl həyatımın nəfəsi sənsən,
Könlümün arzusu, həvəsi sənsən.

Durna

Bu təmiz eşqimin nəfəsi sənsən
Ömrümün mənalı nəğməsi sənsən.

Murad kolxozçularla birlikdə oxuyaraq gəlir.

Xor

Aşıq bir ağız de, açılsın könül.
Mahnı dilə gəlsin, saz dilə gəlsin.
Səsinə səs versin sevdalı bülbül,
Bahar dilə gəlsin, yaz dilə gəlsin.

Murad

Elə səhərdən sizinçin oxuyuram da.

Qəmər (Durnaya işarə ilə)

İndi daha yaxşı oxuyarsan.

Murad

Ay şeytan... Nə deyirəm ki... (Oxuyur.)

Bağlarda əsəndə payız yelləri
Ağaclar saçını yolmasa olmaz.
Cananı ürəkdən, candan sevənin
Gözləri qan-yaşla dolmasa olmaz.

Qəlbim xəbər verir səadətimdən
O xumar gözlərə məhəbbətimdən
Mənim bu sevdalı təbiətimdən
Könüldə nişana qalmasa olmaz.

Yar deyib danışan, gülən hər aşiq
Ürəkdən dərdləri silən hər aşiq,
Eşqin mənasını bilən hər aşiq
Yar yolunda qurban olmasa olmaz.

Xor

Mizrabı tellərə vurduqca aşıq Murad
Var olsun, bu dünya durduqca aşıq Murad.
Könlümüz açıldı gözəl səsindən,
Həyata can gəldi xoş nəfəsindən.

Ayrılmaz ürəyim bahardan, yazdan
Dillənir könüllər çaldığın sazdan.
Könlümüz açıldı gözəl səsindən,
Həyata can gəldi xoş nəfəsindən.

Oxuyub oynadıqdan sonra, kolxozçular dağılışırlar. Səhnədə Murad və Durna qalır.

Murad

Durnacan, məni çoxdanmı gözləyirdin?

Durna

Bir az var.

Murad

Qoyurlar ki, yol boyu məni ay oxutdular ha...

Durna

Eşidirdim!

Murad

Durnacan! Mənim sazımı dilləndirən bu xoşbəxt varlıq öz sonsuz gözəlliyilə könülləri oxşayan bu zəngin təbiət və ona əbədi məna verən sənsən, sən! Sevgisiz bir həyatın nə mənası? Durnacan! Mən sənə, vətənə və məni yetişdirən xalqıma qoşduğum mahnıları oxuduqca cavanlar səsimə səs verib bir ağızdan oxuyur, özünü oda, közə vurur. Zəhmətin canı eşqdir, eşq!

Durna

Düz deyirsən, Murad! (Fikrə dalır.) Ancaq, hərdən atamın haqqında fikirləşəndə...

Murad

Başa düşürəm... Atan gərək məndən incimiyə.

Durna

Səndən yox, məndən inciyib...

Murad

Yox, gərək o səndən də incimiyə. Axı hamımız bir əməl uğrunda çalışırıq. Biz onun briqadası ilə yarışırıq. Vaxt vardı, Kərim dayı mahalın ən adlı-sanlı briqadiri sayılırdı. İndi isə o bizdən geridədir. Səbəbi də aydındır. Onun briqadasında möhkəm əmək nizam-intizamı yoxdur. Sən ona de ki, mən onun ən yaxın dostuyam. İstəsə ona kömək eləməyə hazıram.

Durna

Ona heç bu sözü demək olar?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri