Hüseyn Arifə

Bir ağ gün görmədi zəmanəsində,Dar gündə ümidi, pənahı sazdı.Ellərin dərdinə yandığı gündən,Həm fəryadı sazdı, həm ahı sazdı.

Ürəyində vətən, dilində vətən,Dedi zalımların qənimiyəm mən.Keçdiyi yollarda dadına yetənQibləgahı sazdı, Allahı sazdı.

Qeyrətli oğluna açmışdı qucaq –Səadət həsrəti hər ev, hər ocaq.Qansız haqsızların gözündə ancaqOnun bağışlanmaz “günahı” sazdı.

Şöhrətdi Nəbilər, Babəklər ona,Sərvətdi müqəddəs diləklər ona,Sirrini açırdı ürəklər ona,Yaslı ürəklərçin cərrahı sazdı.

Az bəla çəkmədi aşiqin başı,Damdı ürəyinə gözünün yaşı.Cəlladlara qarşı, yadlara qarşıÖmürlük susmayan silahı sazdı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən