Bu ellər göz yaşında qərq olub boğulanda,Sevindi evdəkilər o dilbər doğulanda.Boynuna muncuq salıb dedilər: – Gəlmə gözə,Allah bilir, bəlkə də, düşdü ayağın bizə!Anası layla çaldı əmizdirərək onu,Bilmədi körpəsinin nə olacaqdır sonu.Adını Leyla qoyub, qızı qundaqladılar,Bəxtinə, taleyinə ümidlər bağladılar.Heyhat! Aldanırdılar, bunlar xəyaldı, xəyal,Bu torpaqda sevinmək, gülmək mahaldı, mahal...Şaxta qılınc çəkərək gur-gur gurladı, durdu,Aclıq ondan da betər gəlib qapını vurdu.Ehtiyac gözdən saldı Leylanın beşiyini,Artıq çəkən olmadı gecələr keşiyini.Aldı qanadlarına əcəl körpə Leylanı,Sübhədək ağladılar öpə-öpə Leylanı.Leylanı unutdular, Leylanı unutdular,Yuyub o gül bədəni ağ kəfənə tutdular.Aparıb tapşırdılar soyuq qara torpağa,Qaranquşlar qondular qəbrinə ağlamağa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm