Göz açdın həyata – açıldı baxtım,Dünyaya babalar gözüylə baxdım.

Dünyadan xəbərsiz nəvəmsən mənim,Qüssəsiz-kədərsiz nəvəmsən mənim.Bəşərə zərərsiz nəvəmsən mənim,Günlərin xoş keçsin niyyətin kimi,Yaşa adın kimi, millətin kimi!

Yadları gözündən tanıyır baban,Pərdəli sözündən tanıyır baban.Dəhşətli izindən tanıyır baban,Qorxma, keşiyində durmuşam, qızım,Səninçin kaşanə qurmuşam, qızım!

Deyirəm, dünyamız silahsız olsun,Bəşər sənin kimi günahsız olsun.Qoy naləsiz olsun, qoy ahsız olsun.Səni ayırmadım, ayırmaram mən –Bütün yer üzünün körpələrindən!

Deyirəm, nə ölüm, nə də qan olsun,Ellər bir-birinə mehriban olsun.Dünya körpələrə gülüstan olsun.Çalış vətəninçün, ad qazan, qızım,Ömrün nə qış görsün, nə xəzan, qızım.

Deyirəm gurlasın sülhün nəğməsi,Qan-qan deyənlərin boğulsun səsi,Verilsin nəhayət, sonuncu dərsi,Sussunlar əbədi, heç dinməsinlər,Körpələr beşikdə diksinməsinlər.

Deyirəm bir az da ömür sürəydim,Təbrizin yolunu açıq görəydim.Başına güllərdən çələng hörəydim,Səni o sahilə aparaydım mən,Qan qardaşım ilə aparaydım mən!

Xoşbəxtəm, görürəm bu çağlarını,Möhkəm bas torpağa ayaqlarını.Təbəssüm bəzəsin dodaqlarını,Gözəldir, göyçəkdir hər təbəssümün,Bir çəmən çiçəkdir hər təbəssümün!

Üzü baharayam, üzü bahara,Bu sözüm etməsin, qanını qara: –Baban son mənzilə köçəndən sonra,Hər yerdə vüqarla deyərsən ki, sən: –Süleyman Rüstəmin nəvəsiyəm mən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar