Üçüncü pərdə
Səhifə 2 / 3 · 33%
Biz öz sözümüzdə doğruyuq, düzük.
Qızı aparırıq bir şərtlə, inan,
Şuşada olacaq ona toy.
Şahməmməd
Aman...
Mahmud bəy
Qohumu olursan böyük bir bəyin,
Mənası varmıdır bu deyinməyin?
Get, qızı geyindir!
Şahməmməd (Özünü itirir.)
Bir az səbr elə!
Nə üzlə görünüm mən sabah elə?
Yer də ayrılmır ki, girim yerə mən.
Dünyaya gəlmişəm nahaq yerə mən.
Belə də zülm edər adam, adama?
Mahmud bəy
A kişi, özündən nağıl qurama!
Get, qızı geyindir... yaxşı olmaz ha!..
Şahməmməd
Sizi and verirəm o bir Allaha...
Mahmud bəy
Tez ol, tələsirik, yol da uzaqdır.
Şahməmməd
Qızdan soruşmamış?.. Bu ki, lap ağdır!
(Şahməmməd otağa keçir.)
Mahmud bəy
Qızı aparmasaq əgər bu gecə
Bütün bu tədbirlər dönəcək heçə.
Koxa
Həcər burda qalsa itəcək gözdən,
Nəbiyə qoşulub qaçacaq tezdən.
Mahmud bəy
Həcərlə qurtardıq, qaldı bir Nəbi
Bu addır eyləyən məni əsəbi.
Koxa
Mən verrəm Nəbinin fatəhəsini,
Bir də eşitməzsən onun səsini.
Şahməmməd (İçəridən)
Sən nələr edirsən, ay zalım fələk!
Həcər (İçəridən)
Yaralı bir quşdur sinəmdə ürək.
Səsimə səs verən görmürəm, Allah!
Az qalır, ürəyim partlasın, eyvah!..
Şahməmməd, Həcər və Gülbacı yan otaqdan çıxırlar.
Həcər
İnsan dəllalları, xoş gördük sizi!
Koxa
Xoş gördük, Səlim bəy göndərib bizi.
Həcər
Gedin, Səlim bəyə deyin ki, Həcər
Özünə seçmişdir Nəbi kimi ər.
Tüpürürəm onun üzünə, belə!
(Tüpürür.)
Şahməmməd
Qızım, dur...
Mahmud bəy
Bu nədir?
Koxa
Yaxşı fikir elə.
Həcər (Atasına)
Yoxsa sən də məni satırsan, ata?
Ətimi itlərə atırsan, ata?!
Mən onu, Nəbini sevirəm ancaq,
Onsuz yerim olsun qoy qara torpaq!
Mahmud bəyin işarəsilə Koxa qıza yaxınlaşır.
Mahmud bəy
Yolçu yolda gərək, yubanma, Koxa!
Həcər
Yoxa çıxasınız, görüm ki, yoxa.
Həcərin başını örtüb zorla çəkə-çəkə aparırlar.
Həcər
Buraxın, deyirəm, buraxın!
Mahmud bəy
Gəl!
Koxa
Gəl!..
Həcəri aparırlar.
Şahməmməd
Niyə sağ qalmışam, hardasan, əcəl!
At ayağı səsləri eşidilir.
Getdi həyatımın, ömrümün yazı.
Gülbacı
Bəlkə alnımızda beləymiş yazı.
Şahməmməd
Söndü evimizin çırağı, söndü.
Günəşli gündüzüm gecəyə döndü.
Onlar yan otağa keçirlər. İşıq sönür və yenidən yanır. Çimnaz böyük bir ehtiyatla içəri girir. Ətrafa göz gəzdirir.
Çimnaz
Deyəsən yatıblar... Həcər, ay Həcər!
Şahməmməd (Yan otaqdan çıxır.)
Çimnaz, sənsən?
Mehdi
Mənəm...
Şahməmməd
Nə var, nə xəbər?
Çimnaz huy çəkir. Nəbi yapıncıda barıdan aşır.
Şahməmməd
Nəbi, sənsən?
Nəbi
Mənəm, bəs Həcər hanı?
Şahməmməd
Düşdü yad əllərə Həcərin canı.
Koxayla Mahmud bəy yıxdı evimi,
Alıb caynağına quzğunlar kimi
Apardılar...
Nəbi
Hara?..
Gülbacı
Şuşaya tərəf.
Şahməmməd
Qorxuram qız edə özünü tələf.
Nəbi
Of, yaxşı, Səlim bəy, yaxşı, Mahmud bəy...
Sizin nəslinizi dənləyəm gərək.
(Xəncərini oynadır.)
Şahməmməd
Nəbi, qan olmasın, qadanı alım.
Nəbi
Qaralır gözlərim, dəyişir halım,
Yox, dözə bilmərəm bu dərdə yox, yox!
Bu heyfi qoymaram mən yerdə yox, yox!
Həcər, qorxma, Həcər, ölməyib, Nəbi,
Çox da ki, ömründə gülməyib Nəbi.
Nəbiyəm sözümü deyərəm qısa,
Bərkdə tanıyırlar mərdi, igidi,
Çevirməsəm onun toyunu yasa
Haram olsun mənə anamın südü!
Pərdə
Beşinci şəkil
Şuşada Təhmas bəyin bağı. Toy məclisidir. Yeyib içir, çalıb oynayırlar.
Koxa
Təhmas bəy, Təhmas bəy, baxtımız gülür,
Naçalnik Səlimin toyuna gəlir.
Təhmas bəy
Səni şad xəbər ol həmişə, Koxa!
Koxa
Budur, buyurdular naçalnik ağa.
Naçalnik (Gəlir.)
Toyunuz mübarək, Təhmas bəy, salam!
Təhmas bəy
Aha, xoş görmüşük, hardasan balam?
Səlim bəy
Naçalnik, xoş gəlib.
Naçalnik
Səlim bəy, yaşa!
Yaxın gəl eləyək sənə tamaşa...
İgiddir, qoçaqdır, göyçəkdir, göyçək.
Təhmas bəy
Polkovnik, buyurun, içəri keçək.
Naçalnik
Bəh-bəh, ətir saçır güllər, çiçəklər,
Bağçada oturaq hələ bir qədər.
Təhmas bəy
Naçalnik, bağışla, sevindiyimdən
Vallahi başımı itirmişəm mən.
Ayağın altında qoç kəsəm gərək.
Naçalnik
İstəməz, Təhmas bəy, dayan bir görək.
Təhmas bəy
Sizinçün yüz qurban kəssəm də azdır.
Naçalnik
Təhmas bəy qəribə mehmannəvazdır.
Təhmas bəy
Yerdən göyə qədər razıyam sizdən,
Gözümə nur gəldi gəlişinizdən.
Səlim bəy
Ə... quzu ətindən yaxşı kabab çək!..
Naçalnik
İçək sağlığına Səlimin, içək.
Koxa (Səlim bəyə)
Nəbi zağ-zağ əsir adın gələndə,
Rəhmətlik babanın gücü var səndə.
Mahmud bəy
Sənə tay tapılmaz, aslansan, aslan!
Görüm dağılmasın əsla büsatın.
Koxa
Bu ölsün, Nəbigil sənin qorxundan
Siçan deşiyini alacaq satın.
Naçalnik
Deyirlər ki, Nəbi çapır kəndləri,
Tutur körpüləri, tutur bəndləri.
Mahmud bəy
Düz buyurursunuz, bəladır, bəla
Min hiylə qurursan, düşməyir tora.
Naçalnik
Bu, sözün doğrusu gəldi xoşuma,
Bu xidmətlərini yadda saxlaram.
Koxa
Qorxaqdır, çox da ki, mərd çıxıb adı,
Onu xilas edir ancaq Boz atı.
Naçalnik
Bizim Səlim bəysə qoçaqdır, qoçaq,
Gec-tez hökumətdən medal alacaq.
Səlim bəy, cəhd elə, göstər özünü.
Səlim bəy
Doğrultmaq borcumdur sənin sözünü,
Naçalnik, görərsən gücümü.
Naçalnik
Əhsən...
Təhmas bəy
Görün, necə oğul böyütmüşəm mən!
Koxa (Lovğalanaraq)
O gün rast gəlmişdik Nəbiyə.
Xəlil
Necə?
Koxa, doğrudanmı?
Koxa
Sərçəymiş, sərçə,
Atışdıq, onunla bir neçə saat.
Xəlil
Sonra?
Koxa
O alçağı qurtardı Boz at.
Rastıma gələrsə bir də o tülkü
Bölərəm xəncərlə bilin tən iki.
Mahmud bəy
Camaat şişirdib onun adını,
Bilməyir zərbəmin hələ dadını.
(Naçalnikə)
Başına and olsun, əlimə düşə
Mən onun ətini çəkərəm şişə.
Mənə də Mahmud bəy deyərlər.
Təhmas bəy
Əhsən...
Səlim bəy
Atamın belindən gəlməmişəm mən
Tutub dərisini soymasam onun,
Anasını ağlar qoymasam onun.
Naçalnik
Ağalar, qorxmayın, qüvvət sizdədir,
Padşahın nəzəri üstünüzdədir.
Təhmas bəy
Nəbi qurmaq üçün bəylərə tələ
Torpaq vəd eləyir bu azğın elə.
Naçalnik
Təhmas bəy, ağalar, sizindir torpaq,
Sizindir... yenə də sizin olacaq!
Nədən qorxursunuz, bilmirəm, nədən?
Dağ kimi durmuşam arxanızda mən.
(Təhmas bəyə)
Etmə hər söz üçün qanını qara,
Torpaq istəyəni çəkdirrəm dara!
Hamı onu alqışlayır.
Koxa
Deyirəm, xanəndə qatar oxusun.
Naçalnik
Etiraz etmirəm, tatar oxusun!
Təhmas bəy
Gərək ərşə qalxsın səsi bu toyun,
Niyə durmusunuz, çalın, oxuyun!
Mahmud bəy
Çalın, qoy naçalnik oynasın bir az.
Naçalnik
Doğrusu, oynamaq bilmirəm.
Təhmas bəy
Olmaz.
Naçalnik
Səlim bəy yaxşıdır, bir hava çalın.
Oynasın qartalı sizin mahalın.
Rəqs havası çalınır. Səlim bəy oynayır. Sonra Koxanı oynamağa dəvət edir. Güllə səsləri. Səlim bəy tələsik çıxır, bu zaman Nəbi öz dəstəsilə həyətə girir. Hamı donub qalır.
Nəbi
Kimsə tərpənməsin yerindən, yoxsa...
Tərpənsə anası batacaq yasa!
Xəlil
Amandır, amandır, qırmayın bizi.
Nəbi
Yuxarı qaldırın əllərinizi!
Ayrılın, arvadlar, siz bu tərəfə.
Kişilər o yana... artıq bu dəfə
Sizə qan tökməyə vermərəm macal.
Qəhrəman, onların silahını al!
Mehdi can, sən də get, tez Həcəri tap,
Qurbanı olduğum o dilbəri tap!
Naçalnik (Bağırır.)
Bu nədir, sən kimsən?
Nəbi
Adamam, necə?
Koxa (Mizin altından)
Deyir ki, qonaq ol bizə bu gecə.
Vəli
Dilin topux çalır.
Koxa
Qurbanın olum,
Anadan gəlmədir.
Qəhrəman
Çərənləmə, yum!..
Qadınlar qorxudan çığırırlar.
Nəbi
Xanımlar, qorxmayın, dəymərik sizə,
Bunların gözüylə baxmayın bizə.
Biz, adam öldürən deyilik, ancaq
Bizi bu alçaqlar eləyib qaçaq.
Naçalnik
Vəhşilər yurduymuş doğrudan, Qafqaz.
Vasili
Kəs, səsini, cəllad.
Naçalnik
Aha, yaramaz!
Sən də bunlardansan?
Vasili
Bəs necə?
Naçalnik
Alçaq!..
(Ona əl qaldırmaq istəyir.)
Vasili
Bu dəfə niyyətin baş tutmayacaq.
(Vasili naçalnikin tapançasını çıxarır.)
Naçalnik
Qardaş, ağlın olsun, inadı burax,
Sən rus saldatısan, deyilsən qaçaq.
Vasili
Əcəb qardaşım var, alçaq yaramaz!
Dilin tövbə deyir, ürəyin qisas.
Nəbi
Vasili, sən ona dəymə hələlik.
Naçalnik
Köləlik yaraşır sizə, köləlik!
Nəbi
Adam hörmət elər gələn qonağa,
Gəldim nişanlımı aparım, dağa.
Toyum Salvartıda olacaq, bilin,
Təvəqqe edirəm, hamınız gəlin!
Mehdi və Həcər yan otaqdan səhnəyə gəlir.
Həcər
Nəbi can!
Nəbi
Həcərim, gülüm, çiçəyim.
Həcər
Çatdı arzusuna yazıq ürəyim.
Nəbi (Həcərin bəzəyinə işarə edir.)
Çıxart, at bunları, boyuna qurban.
Qızılın, daş-qaşın, dövlətin, malın
Üstündə yatmışdır bir qara ilan.
Həcər
Qandır bünövrəsi bu cah-cəlalın.
Mənə tüfəng verin, bu gündən belə!
Namuslu qız kimi qoşulub elə
Düşmənin bağrını didəcəyəm mən,
Nəbinin yoluyla gedəcəyəm mən.
Mehdi
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-qacaq-nebi-ucuncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xəzər sahilində gəldim dünyaya,Daşıdım yükünü ağır illərin.
Üç-dörd kəlməOğul, bu dünyada şan-şöhrət, ad-sanHünərlər göstərən qəhrəmanındır.
Ürək ağrısıSıramızdan getmiş*qələm dostlarımın*
DeyirəmDeyirəm, əsarətdə inləyən ölkələrdə,Ürəyi dağlılara ürək, dayaq olaydım!
Başqa şairlərin şeirləri
Siz rüşvət alan, mən şer yazan,Möhtəkir hara, sənətkar hara?!
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,