I

İnsan var ki, bütün ömrü bir heçə bənzər,
Bir saniyən döndü sənin əbədiyyətə.
Mən günəşli yollarına saldıqca nəzər,
Varlığımla inanıram bu həqiqətə.
Mərd adınla fəxr edirəm, öz bakılımsan
Bir şəhərin havasını udmuşuq, Qafur.
Getmir, getmir xəyalımdan surətin bir an,
İkimiz də doğru bir yol tutmuşuq, Qafur.
Ey el oğlum, pak, müqəddəs əməlinlə sən
Mənim şair ürəyimdə – öz evindəsən.
Çox demişəm, yeri gəlib deyirəm yenə,
Bir əməlin yolçusuyuq həyat eşqinə,
Ötürürük bir-birinə öz adımızı
Dalğalanan bayraq kimi həyatımızı.


Əziz həyatımızı cəbhədə bayraq kimi
Ötürüb bir-birinə dayanırıq dağ kimi.
Sən qara torpaq altda torpağa dönsən belə,
Şöhrətin bir nəğmə tək düşəcək dildən-dilə.
Al mənim bu qəlbimi, yaşa onunla, Qafur,
Vur mənalı ömrünü başa onunla, Qafur.
Bax mənim gözlərimlə, nəfəs al nəfəsimlə,
Yetir əməllərini nəsillərə səsimlə.
Nəğmələrin ilk sətrində çəkilir adın,
Ürəyimin gözlərilə görürəm səni.
Sən torpağa düşdünsə də, həlak olmadın,
Cürətindir, qüdrətindir coşduran məni.
Məzarını ziyarətə tələsir dostlar,
Həyəcanla danışırlar şücaətindən.
Məzarına gedən yolu basmayıb otlar

Ordan ayaq kəsilərmi?! Yox, yox, əbədən!
Təslim olmur cəsur adın qara torpağa
Silahını saxlayırsan öz yanında sən,
Bir gün yağı əl atarsa işdir, yarağa
Məzarından qalxıb yenə döyüşəcəksən.

II

Birmərtəbəli evdə, Dağ üstü park yanında
Hərbin alov püskürən ən dəhşətli anında,
İsti bir avqust günü böyük bir həyəcan var,
Qarşıda, kim bilməyir uzun yol var, hicran var.
Görünür bu həyətdən Bakı – sevimli şəhər,
Xəzərin qoynundakı gümüş, almas ləpələr.
Bu həyətdə tər töküb atasıyla gənc Qafur,
Təbiətin əlilə sanki asılmış budur.
Püstə ağaclarından salxım-salxım püstələr,
Canına qüvvət gələr ondan yesə xəstələr.
Çox dırmanıb uşaqkən Qafur bu ağaclara,
Bənzəmiş ilk baharda özü də ilk bahara.
Aramış budaq-budaq yuvasını quşların.
Qonşu uşaqlarına dost tək qanı qaynamış,
Onlarla “Kos aldı qaç”, “Çumur-çumur” oynamış.
Müxtəlif dünyası var dünyada hər uşağın,
Burda bardaş quraraq dövrəsində ocağın,
Əlləri yana-yana isti qutab yemişlər,
Bir-birinə tapmaca, bir də nağıl demişlər.
Bu ilk bahar ordusu hər gün verib əl-ələ,
Təbiətə qan verən günəşi nəğmələrlə
Səhər qarşılamışlar, axşam yola salmışlar.
Ondan qaranquşların sorağını almışlar.


Qafur gəzişib bir az, daldı düşüncələrə,
Canlandı qarşısında könül açan mənzərə.
Məhəbbətlə bir daha doğma şəhərə baxdı,
Sinəsitək qabaran şıltaq Xəzərə baxdı,
Sanki bir adam kimi gəldi dalğalar dilə,
Uşaqlıq xatiratı çəkdi onu sahilə.
Xəzər çağırır: “Qafur, məni danışdır deyir.
Mənimlə görüşməmiş cəbhəyə getmə, dostum!
Sənə bağlı könlümü pərişan etmə, dostum!
Öpmüş qədəmlərini yaz, yay bu dalğalarım,
Qoparır hicran çağı haray bu dalğalarım.
Sənin qəlbin çırpınır mənim arzularımda,
Yad gəlsə bu sahilə, boğaram sularımda.
Gəzişib sahilimdə, böyüyüb yetdim başa,
Ömrümü qat ömrünə, mənim kimi min yaşa.
Nəfəsim soyuqsa da, od tutub yanır içim,
Gəl sərin sularımda əl-qol atıb bir də çim.
O qoçaq rus balası dostun Volodya hanı?
O da sənin kimiydi, yaman qaynardı qanı.
Qafur, Qafur, – huy... Qafur, qağayılar uçur, gəl!
Gəl, sahildə büsat qur, qağayılar uçur gəl!
Durma, ayaqlarına qanad taxıb çıx yola,
Atanın süfrəsi tək həmişə açıq yola.
Evdəki dost-aşnanı yubanma, tez ötür, gəl!
Uşaqlıq yoldaşını – Volodyanı götür, gəl!
Nə almasdır, nə dürrdür, nə zərdir mənim adım,
Hər damlası bir dəniz, Xəzərdir mənim adım!”
Diksindi qəhrəmanım, dəniz də danışarmı?
O da canlılar kimi xatirəylə yaşarmı?
Xoş xəyallar içində sarılıb məhəbbətə
Uşaqlıq dünyasını yönəltdi səyahətə. –
Bu gün xəzri bərk əsir,
Dostlar sahildə gəzir.
Volodya deyir: – Çimək,
Kim gözəl üzür, görək.
Qafur deyir ki: – Sonra...
Bir bax o dalğalara!
Eh-söyləyib Volodya
Atılır birdən suya.
Budur üzür Volodya, səsləyir: – Gəl sən də üz,

Dalğalara bələddir körpəlikdən könlümüz,
Sahil istidir, Qafur, sularsa çox sərindir!
– Volodya, çimdiyin yer dayazdır, ya dərindir?
– Dərindir.
– Eybi yoxdur çətin deyil ki, üzmək!
Dənizlə dost olanda ürək gərəkdir, ürək!
Bir qırpımda körpüdən Qafur atılır suya,
Sahildəki uşaqlar baxıb düşür qorxuya.
Dənizdə fırtına var,
Dağ boydadır dalğalar.
Qafur üzür, cəld üzür,
Qağayılar tək süzür.
Dalğalar cilovunu gəmirən atlar kimi,
Sahibini belindən devirən atlar kimi.
Çılğın-çılğın kişnəyir, qalxıb-enir, nədir bu?..
Bəlkə də zəncirini qırmış divanədir bu?..
Qafur təslim olmayır, döyüşür dalğalarla,
Həyatında ilk dəfə qaç düşür dalğalarla.
Qızmış aslana dönmüş yoxsa bu gün təbiət?!
O, gah yatır, gah çıxır, yorulur ən nəhayət,
Gedir suyun dibinə birdən-birə daş kimi,
Volodya haray çəkir dost kimi, qardaş kimi.
Dönüb bir xilaskara,
Baş vurur dalğalara.
Sular qurğuşun kimi...
Dalğalarsa hücuma qalxmış bir qoşun kimi.
Boylanır həyəcanla sahildəki uşaqlar.
Əsirlər vahimədən yarpaq təki uşaqlar.
Sahildə köpüklənən dalğaların içindən,
Öncə iki baş çıxır, sonra iki yaş bədən
Heç qüvvət üstün deyil qardaşlığın gücündən,
Sahildən alqış səsi ucalır göyə birdən,
İki dost qucaqlaşıb öpüşür dönə-dönə.
İki dostun kölgəsi düşür qumlar üstünə.
Başlarının üstündə qağayılar qıy vurur,
Şən, bəxtiyar uşaqlar sahildə şənlik qurur.


Salır ötən günlərə Qafur yenidən nəzər,
Gözlərinin önündən keçir canlı lövhələr:
Bayıldakı yosunlu, sürüşkən qayalıqlar,
Tilovla tutduqları körpə, pullu balıqlar.
Axşamları həyətdə, “beş-daş” oynadıqları
Dilbər Şüvəlandakı əncir, üzüm bağları.
Əziz məktəb dostları, o çətin imtahanlar,
Müəllimlər, o sadə, o sevimli insanlar.
Nəhayət, mətbəədə mürəttiblik, iş, əmək,
Hər kitabda bir aləm, hər kitabda bir ürək.
Ayrılır bir an Qafur dərin düşüncələrdən
Doğrudan dar gündədir, anamız doğma vətən.
Ağır müharibədən, düşmənlə üz-üzəyik,
Düşmən üzü gecəyə, biz üzü gündüzəyik.
Müharibə, bu kəlmə min qanlı yük daşıyır,
Onun ağırlığını kiçik, böyük daşıyır.
Müharibə deyil dost təki, – quran ellərə,
Əsarət zəncirini çoxdan qıran ellərə.
Nə deyim, müharibə ayrılıqdır, kədərdir.
Bu kəlmənin dəhşəti yerdən göyə qədərdir.


Keçirdi qollarına hərbi çantanı, bir an
Budur, ayaq saxladı bizim bakılı oğlan,
Dedi həsrət içində: ana gəl halallaşaq,
Ürəyini sıxma gəl, oğlun deyildir uşaq.
– Bilirəm ki, deyilsən, bir dəqiqə dur bala,
Unutmuşdum az qala,
Bayaqdan görməyirdi gözlərim püstələri,
Yolda yeyərsən oğul, o çantanı ver bəri.
Ana püstə dərdikcə əl çatan budaqlardan,
Çəkmirdi gözlərini naməlum uzaqlardan.
Üzüb ayaqlarını bu dəmdə yerdən Qafur
Dırmandı pişik kimi ağaca birdən Qafur.

Püstə salxımlarını doldurdu çantasına,
Yarpaqlar arasından baxdı yurd-yuvasına.
Atılıb yerə öpdü anasını bir daha,
Qucaqladı məhəbbət dünyasını bir daha.
– Hələlik əziz ana, mən getdim.
– Get, yaxşı yol!
Get, oğlum, get, nəslin tək həmişə qəhrəman ol!
Ana əziz oğlunun baxır, baxır dalınca,
Gözündən ixtiyarsız yaşlar axır dalınca.


Qara dəniz dalğalar, gəmilər, sahil, şəhər,
Həyəcanlarla açır gözünü burda səhər.
Cəbhənin saatıyla hər gün oyanır sular,
Tökülən bombalardan alışıb yanır sular.
Qəliz, qara tüstülər yüksəlir yerdən göyə,
Qalxır alov sütunlar dərdli şəhərdən göyə.
Qara dəniz qəzəbdən düyümləyib alnını,
Qansız salacaq yola o hər əliqanlını.
Çətindir nəfəs almaq, hava qurğuşun kimi.
Düşmən təyyarələri ov gəzir quzğun kimi.
Baxışlar şimşək çaxır, ürəklər kinlə dolu,
Heçliyədir bu yerdən düşmənin zülmət yolu.
Dənizçilər vətəni, möhtəşəm hərbi liman
Deyir: “Əymərəm boyun qan sızsa da yaramdan.
Nəhəngcə bir gəmidir, sanki, bu məğrur şəhər,
Bağrı qandan qırmızı, dayanıb durur şəhər.
Sevastopol müqəddəs qəhrəman rus qalası,
Olmuşdur, olacaqdır hər zaman rus qalası.


Gəmilərdən atılan topların nərəsindən,
Vahiməylə qaçışan düşmənlərin səsindən
Az qalır ki, partlasın pərdəsi qulaqların,
Düşsün ürək-göbəyi Krımdakı dağların.

Dərə dolu, düz dolu faşist cəmdəklərilə,
Havanı zəhərləyən o it cəmdəklərilə.
Döyüşür neçə aydır Sevastopol durmadan,
Gözlərini yummayır bircə saat, bircə an.
Sevastopol! Qapından çox ordular qovulmuş,
Sənə göz tikənlərin burunları ovulmuş.
Poladdan bir qala tək dur, gözəl şəhərim, dur!
Düşmənlərin qəlbindən vur, gözəl şəhərim, vur!
Üstünə atlı gələn, atsız gedib bu yerdən,
Şöhrətli, adlı gələn, adsız gedib bu yerdən.
Dəmir axına bir bax,
Sənə göndərir dayaq
Bilirsən ki, unutmaz ölüm də kəssə yolu.
Xəzər Qara dənizi, Bakı Sevastopolu.
Budur, o qara gözlü, o qara qaşlı Qafur
Bakılı bir mürəttib, iyirmi yaşlı Qafur.
Bir gör necə vuruşur,
Gündüz, gecə vuruşur!
Azərbaycanlıdır o, möhkəmdir öz sözündə,
Şərəfdir dost yolunda ölüm onun gözündə.
Hələ bundan sonra sən tanıyacaqsan onu,
Bağrına basacaqsan Azərbaycan oğlunu.
Baxışları bu gündən gələcəyə nur saçır,
Zəfərlərə amansız süngüsüylə yol açır.


Gecədir... sakit gecə, hər yan qatı qaranlıq,
Çapır öz altındakı qara atı qaranlıq,
Susub toplar, tüfənglər... Sahildəsə bu ara
İki cavan diqqətlə göz gəzdirir sulara.
Rabitəçi Qafurla, komandir Sinetski
(Döyüşdə öz dostuna hayandır Sinetski)
Biri sakit, mərd, cəsur, biri dilli, diribaş.
Fərqi var bir-birindən onların iki-üç yaş,
Ulu babalarının olmuşsa da bir zaman
Bir-birindən ayrıca inamı, etiqadı,

Bu iki əsgərinsə, deyil kimsəyə pünhan,
Ayrı deyil, ekizdir etiqadı, həyatı.
Göy sakit, dəniz sakit, gecə qaranlıq gecə,
Bəs onlar bir-birini necə seçirdi, necə?!
Böyük inamlarının, ölməz diləklərinin,
Kremlin saatıyla vuran ürəklərinin
Məşəlilə görürdü bu dostlar bir-birini,
Dünya qədər sevirdi bu dostlar bir-birini.
Yaşım yüz deyilsə də,
Eşidənlər gülsə də,
Sanıram mən də vardım o tarixi savaşda,
Lap elə bu geyimdə, bu görkəmdə, bu yaşda.
Yağıların indi də o şanlı gündən bəri
– Odur, dostum qızarır yenə səhərin gözü
Lakin bitib tükənmir odlu sinəmin sözü,
Sənə bir sualım var, bax gözümün içinə.
Sevgilidən-filandan varındırmı, de mənə,
– Heç özüm də bilmirəm nə deyim, nə söyləyim.
– Necə yəni?
– Qoy sənə bir qədər şərh eləyim.
Var desəm, yox kimidir; yox desəm, var kimidir;
Onsuz da başıma dünya, demirəm, dar kimidir.
– Tez-tez məktub yazırmı?
– Hələ deyilik tanış.
– Bir şey başa düşmədim, bir qədər açıq danış!
– Qonşuluqda yaşayır, evimiz üzbəüzdür,
Mənə elə gəlir ki, qəlbim tək qəlbi düzdür.
Mən ona çox baxmışam, o da mənə baxıb çox,
Nə mən bir söz demişəm... Nə də o deyib... Yox, yox,
Bağışla, komandirim, bəlkə bu aldanışdır,
Səndən niyə gizlədim, gözlərimiz tanışdır.
– Gözəldirmi?
– Gözəldir!
Adı nədir!
– Ədilə!
– At bu utancaqlığı, qoy eşqin gəlsin dilə.
Bir məktub yaz o qıza, yazmasan mən yazaram
Yazaram ki, baş əyir dostum hüzurunuza.
Yox, özün yaz, yoxsa ki, ürəyim tutmaz aram.
Yazarsanmı?
– Yazaram.
– Məndən salam o qıza...
– Sən necə, evlisənmi?
– Nə evliyəm, nə subay,
Haray bu ayrılığın əlindən haray, haray.
Araya dava düşdü, toyumuz baş tutmadı
– Məktub yazırmı?
– Yazır, Lizadır onun adı.
– Bağışla komandirim, harda olur və kimdir?
– “Taman” qospitalında ürəklərə həkimdir...
Aldı atəş səsləri bu sözlərin üstünü,
Hər “dostun”, hər qazmanın, hər səngərin üstünü.
Başlandı partlayışlar... lap yaxında dalbadal,
Dincəlmək igidlərə burda mahaldır, mahal.
Budur cəbhə həyatı!.. Salam sənə ey səhər,
Atəşlə verdin cavab bizə yenə ey səhər!


Səhər açdı yuxusuz al qanlı gözlərini
Hərbin keşməkeşindən dumanlı gözlərini.
Qafur, bakılı Qafur əlində avtomatı,
Ölümün pəncəsindən qurtarmaqçın həyatı
Atır, vurub öldürür, düşmənə qan uddurur.
Gah sürünür üzü üstə, gah dayanır, gah durur,
Burda avtomatdadır söz-söhbət, sorğu-sual,
Avtomatla ver sual, avtomatla cavab al.
Yenə intiqam deyir topların kobud səsi,
Qanlı yollardan keçir könüllərin nəğməsi.
Qəhrəmanlar, bu yerdə qalmasın bir yad deyə,
Ölülərin üstündən keçirlər həyat, deyə.
Qaçan o, balıq gözlü sərxoş soldatlara bax,
Milçək kimi qırılan vicdansız yadlara bax.
Burda nə saat bəlli, nə dəqiqə bəllidir,

Bizdən ölən bircəsə, düşmənlərdən əllidir.
Həyat ölümsüz deyil, qurbansız gülməz zəfər.
Qafurun dörd yanına səpələnir güllələr.
Bir güllə bir əsgəri yaralayır başından.
Ayırır bircə anda yoldaşı yoldaşından
Bir qırpımda o gəncin enir göz qapaqları,
Titrəyir hiddətindən Qafurun dodaqları.
Gözünə sataşınca yadların pulemyotu,
Alışır ürəyində sönməz, intiqam odu.
Əlində qumbaralar sürünür torpaq üstə,
Bir polad dağ yeriyir sanki bir mum dağ üstə.
“Al payını!” söyləyib tullayır bombaları,
Düşmənlərin bağrını qanadır bombaları.
Faşist pulemyotçusu susur pulemyotuyla,
Vidalaşır əbədi, öz murdar həyatıyla.
Bu qəhrəmanlıq verir can, ürək matroslara.
Sinetski: – Dalımca! – deyərək matroslara,
Öz qoçaq dəstəsiylə keçir yenə hücuma
Qafur da cuma-cuma
Çatır Sinetskiyə, vəfalı yoldaşına
İgid komandirinə, öz cəbhə qardaşına.
Avtomatlar od saçır,
Yağı dovşan tək qaçır.
Döyüş susur... Komandir Qafuru qucaqlayır,
Ürəyini dostunun ürəyinə bağlayır.


Düşmən qüvvət toplayıb gəlir başı aşağı,
Ağ canavarlar kimi eşir qanlı torpağı.
Soxulur kor-koruna, ölə-ölə hər yana,
Lənətə gəlsin görüm vəhşilər doğan ana.
Komandir Sinetski döyüşlərin canıdır,
Onun əsgərlərisə istiqbal karvanıdır.
O, ən məsul, ən ağır vəzifə başındadır,
Ömrünə məna verən Vətən savaşındadır.

O, sorğusuz, sualsız bələddir hər əsgərə,
Oxumuş kitab kimi hər ürəyi min kərə,
Poladdan da möhkəmdir onun əmri döyüşdə,
O, yorulmaz keçsə də, bütün ömrü döyüşdə
Deyir, doğma yaramdır hər soldatın yarası
Tamam sağalsın gərək bu həyatın yarası!
Yenə qızışır döyüş, Sinetski öndədir.
Düşmən yaman gündədir...
Ətrafa od yağdırır Qafurun avtomatı,
Qorxudan faşistlərin yadından çıxır adı.
Sataşır gözlərinə qaya dibində bu an
Düşmən avtomatçısı... coşur ürəyində qan.
Aman, aman, nədir bu
Varlığını didir bu.
Düşmən, Sinetskinin bağrını almış nişan,
Avtomatda güllə yox, heç nəyə gəlmir güman.
Nə güllə doldurmağa, nə qumbara atmağa
Vaxtı yox, imkanı yox... qalxır birdən ayağa.
Yoldaş leytenant!.. deyə bağırır var səsilə
Şığıyır ildirimtək, qabaran sinəsilə
Qaldıraraq dostluğu qəlbində bayraq kimi,
Durur Sinetskinin önündə bir dağ kimi,
Bir qırpımda sinəsi rəng aldı lalələrdən,
Üzmək istəməyirdi ayaqlarını yerdən.
Silərək sağ əlilə sol döşünün qanını.
Qorumaq istəyirdi ölümdən öz canını.
Rəngi soldu get-gedə, çökən dağ kimi çökdü.
Gözündən iki damla əlvida yaşı tökdü.
Artıq gedirəm – deyə, məni bağışla, – deyə,
Böyük bir məhəbbətlə baxdı Sinetskiyə.
Nəsə demək istədi... Titrədi dodaqları.
Dostunun qucağında endi göz qapaqları...
Dolğun gözlü komandir bu itkidən bağrı qan,
Öpdü öz qardaşının soyuq dodaqlarından.
O, bu adla apardı cəsur döyüşçüləri
Müqəddəs vuruşlara... Düşmən çəkildi geri...

Qara dənizə yaxın bir təpənin başında
Qafuru basdırdılar... Onun məzar daşında
Yazdılar bu həyatda nəçi, kim olduğunu,
Cəbhəçilər döyüşdə bayraq etdilər onu,
Nəğmə qoşdu könüllər onun şücaətinə,
Görən də, görməyən də gəldi ziyarətinə.


Aylar, illər dolandı, dost ellər dünyasında,
Mən bu şəhərdə oldum... yerlilər arasında
Deyirdilər Qafurun anası çıxıb yola,
Bala məhəbbətilə gəlmiş Sevastopola.
Qucaqlamış can, deyə oğlunun baş daşını,
Bir ana tək axıtmış gözünün qan-yaşını.
Sanmış ki, hələ oğlu çıxmayıbdır bələkdən,
Qəbrini beşik bilib lay-lay demiş ürəkdən.
Özünü alıb ələ qalxmış ayağa birdən,
Hanı o dostun? – deyə sual etmiş qəbrdən,
Önündəki zabitə sataşınca gözləri,
Axmış, sərçeşmələr tək sadə ürək sözləri,
Sormuş: – Sən kimsən oğul?
– Sinetskiyəm, ana!
Qafurun yoldaşıyam, yetər, etmə qan, ana!
Ana bir ah çəkərək,
Sarılmış sarmaşıq tək
Qəhrəman rus oğlunun boynuna qollarıyla.
(Ey Vətən! İftixar et bu möhtərəm qarıyla!)
Səni görüb oğlumu yada salıram, deyə
Qafurumun iyini səndən alıram, deyə
Öpmüş Sinetskini – oğlunun yoldaşını,
Qanlı yollar şahidi, can, ürək sirdaşını.
Demiş: “Oğlum ölməyib, qəlbi, qəlbində vurur,
Eşidir qulağınla, baxır gözünlə Qafur.
Gəlir balamın ətri sənin gül nəfəsindən,
Eşidirəm səsini könül açan səsindən.
Bir tük də əskilməsin görüm, sənin başından.
Ürəyin dərdlənməsin gözlərimin yaşından.
Qanlı vuruşmalarda titrəməsin əllərin,
Əziz balası adlan bizim qardaş ellərin.
Qəbul et düz ürəkdən gələn xeyir-duamı,
Bilirəm yerdə qalmaz balamın intiqamı!
Deyirdilər bu yerə – matroslar diyarına,
O sadə el oğlumun – Qafurun məzarına
Bakılılar, Qafurla bir məhəlləli dilbər
Qara matəm haşiyəli əklillər göndəriblər.
Bəli, Qafur ölməyib, bu ada yaddır ölüm,
Belə qəhrəmanlara yenə həyatdır ölüm.
Burda yatan qəhrəman böyük imtahan verib,
Bu məzar unudulmaz, bu məzar deyil qərib.
Onun nəcib varlığı ürəklərdə yaşayır,
Arzusu, bu yerlərdə, bu göylərdə yaşayır.
Bilirəm, el oğlumu tapşırarkən torpağa
Hörmətlə qardaş ellər qalxmış bir an ayağa!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri