Rəşid bəy Əfəndiyev
Rəşid bəy Əfəndiyevi bir maarifpərvər, bir pedaqoq, bir şair kimi biz uşaqlıq çağlarımızdan tanıyırdıq. Onun ağır illərdə xalqın balaları üçün yazdığı, tərtib etdiyi tədris məcmuələri, uşaq şeirləri, rus klassik şairlərindən etdiyi tərcümələr cəsarətlə demək olar ki, böyük fədakarlıqdır.
Quşlar, quşlar, a quşlar,
Qaranquşlar, a quşlar –
şeri indi də bizim nəsildən olanların hafizəsindədir. Rəşid bəyin öz dövrünün qabaqcıl, tərəqqipərvər, proqressiv, azadlıq uğrunda mübarizə aparan nümayəndələrilə görüşləri, dostluğu öz xalqının vətənpərvər övladı olduğuna dəlalət edir. Gözəl bilirik ki, çar dövründə məktəblərimizdə ana dilimizdə şeirlərə, mahnılara, çox böyük ehtiyac vardı. Bu ehtiyacı aradan qaldırıb azərbaycanlı balalarının köməyinə çatmaq istəyənlər sırasında Rəşid bəy Əfəndiyev də vardı.
Bəli, illər keçdi. Vətənimizdə sovet hakimiyyəti quruldu, xalq öz müqəddəratını əlinə aldı, çar dövründə millətin səadəti, mədəniyyəti haqqında düşünən, çarələr axtaran Rəşid bəy indiki bu qaynar həyatdan, bu coşqun hərəkatdan kənarda qala bilməzdi. O, Oktyabr inqilabının fütuhatını, qələbələrini ürəkdən alqışladı. Rəşid bəy yaşının çoxluğuna baxmayaraq coşqun gənclik həvəsiylə, ehtirasilə ömrünün mənalı illərini millətinin tərəqqisinə, yüksəlişinə həsr etdi.
O, rus dilini çox gözəl bilirdi və bu dilə dərin məhəbbət bəsləyirdi. Onun Puşkindən, Lermontovdan məhəbbətlə tərcümə etdiyi şeirlər buna sübutdur.
Məncə Rəşid bəy Puşkinin “Bağçasaray çeşməsi” poemasının giriş hissəsini çox məharətlə tərcümə etmişdir. Bu poemanı sonralar böyük ədibimiz Məmməd Səid Ordubadi də tərcümə etdi. Səidin tərcüməsi küll halında gözəldir. Rəşid bəy poemanın ilk iki sətrini belə çevirmişdir.
Oturmuş fikrə piçidə çubuq əldə Gəray durmuş,
Hüzuri-dəhşətə qol bağlamış əhli-saray durmuş.
Çox yaxşıdır. Bu iki sətirdə biz həm Gərayın əhvali-ruhiyyəsini hiss edir, həm də saray əhalinin necə vahimə keçirdiyini görürük. Bu tərcümə Rəşid bəyin Puşkin ədəbi irsinə dərin məhəbbətinin təzahürüdür. Rəşid bəy Əfəndiyev sanki yenidən cavanlıq dövrü keçirirdi. Gündən-günə çiçəklənən, gözəlləşən vətəni tərənnümdən böyük zövq alırdı.
Rəşid bəy Əfəndiyev yeni yaranmaqda olan proletar ədəbiyyatının qızğın tərəfdarlarından, təbliğatçılarından biri oldu. O da Cəlil Məmmədquluzadə, Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Abdulla Şaiq kimi bu hərəkatı alqışladı və bu gənc orduya qoşuldu. Rəşid bəy Əfəndiyev Şəkidə yaşayırdı. O, tez-tez gənc qızıl Qələmlər ittifaqına məktublar yazırdı. Gənclərin müvəffəqiyyətlərinə ürəkdən, candan sevindiyini bildirirdi. Yadımdadır. Mən 1927-ci ildə Şəkiyə gənc Qızıl qələmlər ittifaqının bölməsini təşkil etməyə getdim. Yevlaxdan kiçik, köhnə bir avtobusa minərək çala-çuxurlu yollarla gəlib Şəkiyə çatdım. Avtobus dayanacağında xeyli fayton dayanmışdı. Faytonçular iki görkəmdə idi. Bəziləri həddindən artıq şişman, bəziləri isə olduqca arıq idi. Bir faytona minib mehmanxanaya doğru hərəkət etdik. Şəkinin təmiz havası, könül açan mənzərəsi yol yorğunluğumu apardı. Mehmanxanaya düşdüm. Bir saat keçməmişdi ki, Şəkinin gənc həvəskar yazıçıları, şairləri yanıma gəldilər. Bu mənim gənc qələmlərlə ilk tanışlığım idi.
Axşamüstü pəncərədən şəhərin dağ hissəsini seyr edirdim. Birdən mehmanxananın qarşısında bir fayton dayandı. Faytondan əli əsalı, gözü eynəkli dolğun, bığı, saqqalı qar kimi ağ bir adam düşdü; mehmanxana qapısındakılar onunla hörmətlə salamlaşdılar. Dedim görəsən, bu hörmətli adam kimdir. Birdən olduğum otağın qapısı astaca döyüldü. Tez qapını açdım, qarşımda faytondan düşən adam gördüm.
– Salam, oğlum, xoş gəlmisən, Rəşid bəy Əfəndiyev!
Qulaqlarıma inanmadım. Bakıdan yola düşərkən mütləq bu adamla görüşməyi qərara almışdım. Artıq budur, o özü lapdan yanıma gəlmişdir.
Onunla mehribancasına görüşdük.
– Oğlum, mən sənin dalınca gəlmişəm. Özünü görməsəm də, səni mətbuat vasitəsilə yaxşı tanıyıram. Amma yaxşı iş görməmisən. Şəkiyə gələsən, özü də mehmanxanaya düşəsən, tez ol, otaqda nəyin varsa götür gedək bizim evə.
Mən dedim ki, “Hörmətinizə görə təşəkkür edirəm. Lakin burda qalsam yaxşıdır. Çünki məni cavanlardan və təşkilatlardan axtaranlar olacaq”.
“Oğlum nə olar ki... Məgər cavanlar, təşkilatlar Rəşid bəyin evini tanımırlar. Getməsən, məni incitmiş olarsan”. Bunun üstündən artıq bir söz demək olmazdı. Faytona minib Rəşid bəygilə getdik. Rəşid bəyin ailəsi bizi öz ləziz xörəklərilə heyran etdilər. Mən Şəki şüyütplovunun, Şəki şirnilərinin adını, tərifini eşitmişdim, amma dadını bilmirdim. Mən bunları ilk dəfə Rəşid bəyin evində gördüm. Sanki dadı indi də ağzımdadır.
Rəşid bəyin sinəsi canlı, maraqlı, xatirələrlə dolu idi. Söhbətimiz gecə yarıya qədər çəkirdi. O məni vaxtilə çap olunmuş və olunmamış səhnə əsərlərilə də tanış etdi.
Biz Şəkidə, Azərbaycan gənc Qızıl qələmlər ittifaqının şöbəsini təşkil etdik. Yerli təşkilatların, gənc həvəskar yazıçıların arzusuyla Rəşid bəyi bu bölməyə sədr seçdik.
Bu, Rəşid bəyi bir qədər cavanlaşdırdı. Şəkidə olduğum müddətdə Xan sarayını gəzdim. Evlərə qonaq çağırıldım. Hər evdə yenə də məşhur Şəki plovu və şirniyyatı daddım. Bakıdan Şəkiyə yola düşərkən, bir şəkili qələm dostum mənə demişdi ki, “sənə bir kağız verim, dostlarım səninçün şüyütplov bişirtsinlər”. Mən ondan kağız almadan Şəkiyə gəlmişdim. Mənə kağız vermək istəyən dostum səhv edirmiş. Çünki mən plovu hər evdə kağızsız yedim. Ondan kağız almış olsaydım, bəlkə də Şəkidə yediyim plovları o öz kağızının hesabına yazardı.
Şəki ziyalılarının təşəbbüsilə Şəkidə bir ədəbi gecə təşkil edildi. Ədəbi gecəni Rəşid bəy idarə edirdi. Şəkinin gənc qüvvələri ilk dəfə idi ki, kütlə qarşısında çıxış edirdilər. Gənclər tribunaya qalxanda həyəcan keçirirdilər. Nədənsə iştirak etdiyim məclislər gülgüsüz, hadisəsiz olmur.
Bəli, bu ədəbi gecə də bunsuz olmadı.
Rəşid bəy çıxış edənlərin böyük siyahısını tutmuşdu. Onlara söz verdikdə siyahıya baxıb belə deyirdi: “Söz verilir Şəkinin birinci şairinə, söz verilir Şəkinin ikinci şairinə və i.a.”.
Çıxış edənlərə gecənin sonuna qədər bu şəkildə söz verildi. Salonda oturmuş bir nəfər tez-tez əl qaldırıb söz istəyirdi. Rəşid bəy isə bu adama əsla əhəmiyyət vermirdi. Bu əl qaldıran adam mənim nəzərimdən qaçmırdı. Nəhayət dedim: “Rəşid bəy, yaxşı deyil axı. Bəlkə əl qaldıran adamın bir sözü, bir təklifi var. Xahiş edirəm ona söz verin”.
– Oğlum sən onu tanımırsan axı. Şulux sala bilər.
– Niyə şuluq salır. Qorxmayın ona söz verin.
Nəhayət, Rəşid bəy elan etdi ki, “İndi isə söz verilir Şəkinin 37-ci şairinə”.
Tribunaya orta yaşlı, üzü gülər bir adam qalxdı. Salonda bir gülüş oldu.
Tribunadakı adam çox ciddiyyətlə şairanə görkəm alıb belə başladı:
Çəpərdə oturmuşdu sərçə,
Düşdü kəndirə oldu büryan...
Rəşid bəy ayağa qalxıb dedi: “Əbucabbar bəy, ayıbdır axı, sən nə özünə, nə bizə hörmət qoyursan. Bu nə cəfəngiyatdır ki, oxuyursan”. Rəşid bəyin dediyi Əbucabbar bəy aşağı düşərkən dedi: “Acığın niyə tutur Rəşid bəy, Şəkinin 37-ci şairi mənim kimi olar”. Mən sonra öyrəndim ki, bu Əbucabbar kişi Şəkinin ən zarafatcıl, hazırcavab adamlarındandır. Mən Bakıda bir neçə məclisdə onunla görüşüb söhbətlərindən zövq aldım.
Bu səfərdən başqa Rəşid bəylə digər vaxtlarda da Bakıda, təkrar Şəkidə bir neçə dəfə görüşmüşəm.
Şəkidə bölmə düzələndən sonra gənc şairlərin, yazıçıların şeirləri “Şəki fəhləsi” qəzetində və ayda bir dəfə qəzetə əlavə olaraq nəşr edilən ədəbi səhifələrdə şeirləri, hekayələri, oçerkləri dərc edilirdi.
Bu səhifələrdə Rəşid bəyin məqalələrinə və şeirlərinə də yer verilirdi. Rəşid bəyin o illərdə Bakı mətbuatında da bir sıra şeirləri çap olunmuşdur.
1937-ci il “Maarif və mədəniyyət” məcmuəsində də maraqlı bir şerini dərc etdik.
Həmin şeirdə bu sətirlər səslənirdi.
Əcəb nə keçdi o dövran əhli bizar idi.
Nə qəlbi şad, nə də ruhunda bir fərəh var idi.
Sirur, zövq nədir, bilməziydi, əğyar idi.
O əsr-lənətə layiq, zəmanəyi çar idi.
Tamam varlığım ilə həyatım ağlar idi.
Bütün o dövrdəki xatiratım ağlar idi.
Həyatın hər cəhəti cəbridi, fəlakət idi,
Xəlayiqi bürüyən fəqridi, səfalət idi.
Çəkil, çəkil, geri dur, Şaki, hər şikayətdən,
Alıb qızıl qələmi sən də yaz həqiqətdən,
O vaxt Şəkidə şair Nikamın adına bir küçə vardı. Mən bir dəfə Rəşid bəylə o küçədən keçərkən dedi: “kim bilir, bəlkə gündən-günə gözəlləşən, bu şəhərdə bir küçə də mənim adımı daşıyacaq”.
Rəşid bəy belə bir adamdı.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-resid-bey-efendiyev
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəl demə, “Sevgilim unudub məni,Yurdumu, yuvamı aramaz oldu”.
AxtararsınızBir gün yadınıza düşərsəm, məni,Bu doğma ellərdə axtararsınız.
Süleyman dərdiMəni yandırdı Füzuli kimi hicran dərdi,Uzun illər demədim xalqa bu pünhan dərdi.
Sən deyilmidin?Bir zamanlar öz yurdunda azad yaşayanEl bağından güllər dərən sən deyilmidin?
Başqa şairlərin şeirləri
Ətəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördümVücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
ItilgetHər kəs özü qəm çəkməyə daradır, itilget!Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur