Nazim Hikmət
“Düşünən beyni Moskvaysa ölkəmizin,
Təzə qan dağıdan qəlbidir Bakı!”
Bu sətirlərin müəllifilə gənclik illərində hələ şəxsən tanış deyildim. O, Moskvadan “Maarif və mədəniyyət” adlı ədəbi, ictimai xarakterli jurnalımıza tez-tez, böyük ürək oduyla yazılmış gözəl şeirlər göndərərdi. Nazim Hikmətlə əvvəlcə qiyabi tanış olduq. Bir-birimizə məktublar yazdıq. Yeni, novator poeziyamız haqda fikir mübadiləmiz oldu. Nazim bizim Azərbaycan sovet poeziyası ilə çox maraqlanırdı. O, bizim oxucuların nə mövzuda, nə ruhda şeirləri xoşladığını bilmək istəyirdi.
Az bir zamanda Azərbaycan oxucuları türk xalqının vətənpərvər, inqilabçı, istedadlı şair oğlunu ürəkdən sevdi və alqışladı.
Nazim Hikmət Bakı həyatilə tanış olmaq və şairlərimizlə görüşmək arzusuyla çırpınırdı.
Məktublarında gənc şairlərin jurnal səhifələrində çap olunmuş şeirləri haqqında öz səmimi fikirlərini yazırdı. Azərbaycan poeziyasına öz məftunluğunu bildirirdi. 1927-ci ildə mən bir neçə məktubumda onu Bakıya qonaq çağırdım.
Nəhayət, bir gün dostumuz Nazim Hikmət öz həyat yoldaşıyla birlikdə, qatarla, aşağıdakı sətirləri yaza-yaza Bakıya doğru gəlirdi.
Tıqırdıyor trenin rayda təkərlikləri,
Devrilərək keçiyor teleqraf dirəkləri.
Yarı belimə qədər uzandım pəncərədən,
Tərə səsilə dolan havaları dinlədim.
Nazimin Moskvadan Bakıya gələrkən yolda yazdığı “yolçuluq notlarından” sərlövhəli şeirləri çox gözəl poeziya nümunələridir.
Bəli, Nazim Hikmət Bakıya gəldi. Bir-birimizi yaxından tanıdıq. Dostlaşdıq. Aramızda qızğın yaradıcılıq söhbətləri, ədəbi mübahisələr başlandı.
O zaman Mikayıl Rəfili, Əli Nazim, Vəli Hacıoğlu, Əli Hüseynzadə, Əbdülbaqi Fövzi, bir söz hamımız dostumuzun Bakıdakı günlərinin səmərəli keçməsinə çalışırdıq.
Nazim Bakıya gəlişindən çox razı idi.
Bir axşam indiki akademiyanın binasında şairin oxucularla görüşünü təşkil etdik. Salondakılar Nazimi tribunadan buraxmırdılar. Bu gecə doğrudan da böyük şeir bayramı idi. Nazim sözün əsil mənasında novator şairdi. Nazim dənizi çox sevirdi. Vaxtımızın çoxunu onunla birlikdə, Xəzər sahilində keçirirdik. Axşamları qayıqla gəzintiyə çıxırdıq. Dənizdən gözəl şəhərimizi məhəbbətlə seyr edirdik. Nazim həsrətlə, ürək ağrısıyla İstanbulu xatırlayırdı.
Nazimi sonra bir neçə günlük Şüvəlana və Buzovnaya qonaq apardıq. Bir neçə gün Vəli Hacıoğlugilin bağında qaldıq. 12 yaşlı, pəhləvan gövdəli gənc Nazim idmanın bütün növlərinə yaxşı bələddi. Sahildə onunla güləşdiyimiz, qollarımızın gücünü sınadığımız, xatirimdədir. O günlər bizim üçün çox əziz günlərdi.
Günlər, həftələr, aylar keçdi. Nazimlə Moskvada proletar yazıçılarının birinci qurultayında və plenumlarında tez-tez görüşərdik.
Yadımdadır, Nazimi Ümumittifaq proletar yazıçıları qurultayına Azərbaycandan nümayəndə seçmişdik.
O zaman Moskvada Nazim kimi təhsil alan başqa türk gəncləri də vardı. Nazim bizi onlarla da tanış etdi.
27-ci ilə qədər Türkiyədə və Sovetlər İttifaqında Nazimin şeirləri yalnız qəzet və jurnallarda dərc edilmişdi. Nazimin hələ bir kitabı yox idi. Onun ilk şeirlər kitabı Bakıda çap olundu. Jurnallarımızda çap olunmuş şeirlərini toplayıb “Günəşi içənlərin türküsü” adıyla nəşr etdiyimiz üçün o bizə öz minnətdarlığını bildirdi. Kitaba bu adı da biz verdik.
Bu Nazimin ən gözəl şeirlərindən birinin adı idi. Bu kitabın nəşri gənc Nazimin şairlik həyatında bir şənliyə, hadisəyə çevrildi.
Sonra uzun illər Nazim Hikmətlə görüşmədik. O öz doğma vətənində illərlə həbsxanalar küncündə ömür sürdü. Lakin mübariz şairin iradəsi, mətanəti sarsılmadı. Nazim məşhur “Zoya” poemasını müharibə illərində zindanda yazdı.
İllər illəri əvəz etdi. Nazim Hikmətlə yenidən Moskvada görüşdük. Mikayıl Rəfili ilə birlikdə Nazimin yanına getdik. Bu gün biz onun qonağı idik. Nazim qarşımıza döşü önlüklü çıxdı. Biz gülüşdük. Mən ona “Nazim, şairlikdən aşpazlığa keçmisən, nədir?” dedim.
O, gülərək cavab verdi: “Dost yolunda aşpazlıq etmək fənami şeydir? Bu gün sizə, əski dostlarıma hörmət deyə mətbəxdə özüm yemək hazırlayıram. Sırf türk yeməkləri. Bən buna zindanda alışdım. Siz söhbətlə məşğul olunuz, mən də mətbəxə gedim”.
Nazim doğrudan da süfrəyə çox dadlı yeməklər düzdü. Döşlüyünü çıxarıb bizimlə oturdu.
Süfrə arxasında da söhbət şeirdən gedirdi. Nazim bizə yeni şeirlərini oxudu. Öz şəxsi həyatından, acı zindan xatirələrindən, nə kimi əsərlər üzərində çalışdığından xeyli danışdı. Yaşa dolduğuna baxmayaraq davranışı, danışığı, coşqun şairlik ehtirası narahat bir gənci andırırdı. Bu görüşlərdə Nazim Hikmətin ağır ürək xəstəliyinə tutulduğunu duymaq, hiss etmək çətindi.
Nazim Hikmət bir şair kimi, dostluq, sülh və azadlıq carçısı kimi dünyanın bir çox ölkələrini gəzib, dolaşmışdır. Onun alovlu, tribun şeirləri demək olar ki, dünyanın bir çox xalqlarının dilinə tərcümə edilmişdir.
Azərbaycanda da Nazimin şeirlərdən, pyeslərdən ibarət kitabları çap olunub çox geniş yayılmışdır.
Nazim Hikmət şerimizin dahi ustadları Nizami, Füzuli, Sabir, yazıçı və dramaturqlarımızdan Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı haqqında böyük məhəbbətlə danışardı.
Nazim Hikmət ikinci dəfə Sovetlər İttifaqına gələndən sonra da, Bakıda bir neçə dəfə olmuşdur.
Respublikamızın gündən-günə gözəlləşməsi, insanların firavan, xoşbəxt həyat sürməsi, mədəniyyətimizin çiçəklənməsi, zəhmətkeşlərin xariqələr yaratması onu ürəkdən sevindirirdi. Mehdi Hüseynlə mən onu Gəncəyə, Göy gölə, Şəmkirə və Qazaxa apardıq. Nazim yollarda maşını saxlatdırıb kolxozçularla şirin söhbət edirdi. Həsrətlə öz türk milləti haqda düşünürdü.
Nazim Hikmətlə dostluğumuzun indi 43 illik tarixi vardır. Onu da deyim ki, Nazim həm də çox kəskin zəkalı, hazırcavab, incə zarafat sevən bir adamdı.
O, bir dəfə gülə-gülə mənə belə dedi: “Qardaşım, sənin necə şair olduğunu bilirdim. Lakin yeni Molla Nəsrəddin olduğundan xəbərsizdim. Həkimlər mənə ürək xəstəliyimə görə dərd çəkməyi deyil, gülməyi, vaxtı şən keçirməyi məsləhət görürlər. Məncə artıq həkimlərə ehtiyac qalmır. Ya mən sənin yanında Bakıda qalım, ya da sən mənim yanıma Moskvaya köç”.
Bu söhbətdən sonra Nazim istər görüşümüzdə, istərsə, məktublarında mənə: “Mərhəba, ya molla Süleyman, mərhəba Nəsrəddin xocam, mərhəba ya Süleyman, Peyğəmbər” deyə müraciət edərdi. Qadınlar iştirak edən məclislərdə isə Sabirin
“Ev madam, mənzil madam, bulvar madam, talvar madam.
Müxtəsər, əqlim çaşıb, ey dadi-bidad Ərdəbil”
– beytini deyib qəhqəhə çəkərdi.
Nazim Hikmət çox qayğıkeş, həssas bir insandı. Ona müraciət edən gənclərə həmişə xeyirxah məsləhətlər verib, bütün varlığıyla onlara kömək etməyə çalışardı. Zəmanəmizin ən istedadlı şairlərindən biri olan Nazim Hikmət aramızdan sinəsi hələ açılmamış səhifələrlə dolu getdi.
Lakin dünyanın milyonlarla oxucusu üçün çox qiymətli əsərlər qoyub getdi.
Nazim Hikmət öz əsərlərilə dünyanın poeziya ordusu sıralarında əbədi qaldı.
Şair özü gözəl deyib:
Ölənlər
Döyüşlərdə öldülər.
Günəşə gömüldülər.
Vaxtımız yox onlara matəm saxlamağa.
Axın var,
Günəşə axın.
Günəşi zəbt edəcəyiz,
Günəşin zəbti yaxın.
Hazırda mənim kitabxanamda Nazimin mənə hədiyyə verdiyi əsərləri, 1928-ci və sonrakı illərdə çəkdirdiyimiz şəkillər və bir sıra maraqlı, gülgü, zarafat dolu məktubları vardır.
Bunlar uzun illər duz-çörək kəsdiyimizin, dostluğumuzun əziz və unudulmaz nişanələridir. Nazimin “Bayram oğlu” (Əli Bayramov) “Neftə doğru”, “Neftin cavabı” “Xəzər” kimi gözəl, səmimi şeirləri bizim xalqa, bizim vətənə həsr edilmişdir. Bunlar da Nazimdən bizə canlı xatirələrdir.
1968-ci ilin baharında biz bir qrup Azərbaycan yazıçısı Türkiyəyə, Nazimin vətəninə səfər etdik, İstanbulu, Bursanı, İzmiri, Ankaranı gəzib dolaşdıq. Həmişə, hər yerdə Nazimi xatırladıq.
İstanbuldan adalara gedərkən vaxtilə burada günlər keçirən Nazimi andıq. Yollarda bulaqlardan su içərkən Nazimi yad etdik. Meşələri, dağları, çayları, gölləri, əncirlikləri, üzümlükləri seyr edərkən türk dostumuz Nazimi düşündük. Nazim Hikmətin gənc yaşlarında bu yerlərdə udduğu havadan udduq. Türkiyədə Nazimin xalq tərəfindən necə dərin bir məhəbbətlə sevildiyinin şahidi olduq. Ziyalılardan tutmuş fəhlələrə, sürücülərə, məktəblilərə qədər hamı onun adını məhəbbətlə, hörmətlə yad edirdi.
Türk xalqının böyük şair oğlu, azadlıq, səadət aşiqi Nazim Hikmət bütün millətlər üçün əzizdir, doğmadır.
Fevral 1970
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-nazim-hikmet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Deyirsən ki, sənin vətən torpağına göz dikmişəm,Bu qırmızı yalanına daha mənim sözüm yoxdur.
AzərbaycandadırNeyləyim, dostlar, yenə qan qardaşım tufandadır,Yelkənim – hər dalğası, dağdan böyük ümmandadır.
VarMən bilirəm, bilməyən də qoy bilsin,Ayrılığın yaman qara üzü var.
Dədələr, babalar ocağındayamKönlümdə bir dərya nəcib arzular,Yenə dərdli Araz qırağındayam.
Başqa şairlərin şeirləri
Gecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Qəzəl: Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarəGəl ey badi-səba, söylə dilimdən şəm tək yarə,Qıl əfğan, ağla, şərh elə ki bəsdir yandım odlarə