Könlümdə bir dərya nəcib arzular,Yenə dərdli Araz qırağındayam.Xeyli var üzünü görmədiyimin –Cənublu dilbərin sorağındayam.

Deyirəm silinsin sinəmdən bu dağ,Qəlbləri oxuyum mən varaq-varaq.Hər iki sahildə deyiləm qonaq,Dədələr, babalar ocağındayam.

Gəzirəm qol-qola həqiqətimlə,Üz-üzə gəlirəm səadətimlə.Dünyaya sığmayan məhəbbətimlə,Öz anam torpağın qucağındayam.

Könlümə doğmadır mənim bu yerlər,Sizindir yazdığım bütün şeirlər.Süleyman Rüstəməm, belə deyirlər,Mahnımla ellərin dodağındayam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən