Səhifə 2 / 2 · 50%

Qəmər, Zəhra və Şəmsi bəy daxil olurlar.

Qəmər. Ha-ha-ha...

Zəhra. Ha-ha-ha...

Hacər xanım. A qızlar, deyin görüm, nəyə gülürsünüz?

Qəmər. Pir baba, bu saatdan sən sultanı əzl edib, yerinə Şəmsi bəyi tə’yin edirəm.

Pir baba. A qızım, buna səbəb nə olmuş?

Qəmər. Şəmsi bəyin bimisl ovçu olmağı.

Zəhra gülür.

Şəmsi bəy. Qəmər bəyim, rica edirəm məni Pir babanın yanında xəcil etməyəsiniz.

Zəhra xanım. Xeyr, gərək nağıl oluna, yoxsa mən Pir babanın əzlinə razı deyiləm.

Şəmsi bəy. Onda qoyun, mən özüm söyləyim.

Zəhra xanım. Xeyr, mən razı deyiləm. Qoy Qəmər söyləsin.

Şəmsi bəy. Nə etməli, siz iki, mən tək, Qəmər bəyim, söyləyiniz.

Qəmər. Pir baba, meşəyə girdikdə qarşımıza dovşan çıxdı. Bunu gördükdə Şəmsi bəy, bizim ölkənin birinci ovçusu, xeyli nəzakət ilə qoşalüləsini çiynindən çıxarıb...

Pir baba. Ov etdikdə ovçunun tüfəngi əlində hazır olmalıdır.

Zəhra xanım. Bu da onun özünə arxayın olmasına bir sübut.

Qəmər. Dovşan dayanıb durmuşdu. Şəmsi bəyin gülləsi açıldı, dovşan yerindən tərpənmədi, güllənin biri də açıldı, dovşan yenə qaçmadı. Burada Zəhra xanım ilə mən elə qəhqəhə etdik ki, dovşan ildırım kimi götürüldü.

Gülüşürlər.

Pir baba. Görünür, dovşan uzaqda durmuşmuş.

Zəhra xanım. Xeyr, Pir baba, sonra ölçdük, bizim ayağımız ilə dovşan on iki addımda durmuşdu.

Şəmsi bəy. Pir baba. Bunlar mənim ovçuluğumu lağa qoyub güldü, fəqət öz qüsurlarını açmaq istəmirlər.

Pir baba. Sən də onlarınkını aç söylə, görək nə olmuş.

Şəmsi bəy. Pir baba, meşəyə bir az qalmış onda gördük ki, bu iki igid xanımdan bir elə qışqırıq qalxdı ki, dedim yəqin bunların qarşısına aslan çıxmışdır. Bilirsinizmi, Pir baba, bunlar nə görmüşlər.

Pir baba. Yəqin siçan görmüşlər.

Şəmsi bəy. Bəli.

Gülüşürlər.

Pir baba. Oğlum, arvad tayfasının əksəri siçandan qorxur. Rəhmətlik Xalisə də belə idi.

Bu halda Cəbi əlində bir çamadan, dalınca Çinkiz daxil olurlar.

Qəmər. Çinkiz gəldi. (Qaçaraq gedib onun boynunu qucaqlayıb öpür.)

Yasəmən. Ah, oğlum gəldi, allah, sənə şükür. Ay qız, bir dayan, mən də öpüm! (Çinkizi öpür.)

Hacər xanım. Oğlum, gəl səni mən də öpüm.

İstəyir öpsün, Çinkiz kənara çəkilir.

Çinkiz. Hacər xanım, mən haradan sizin oğlunuz oldum. Mən sizin qulluqçunuz kürd qızının oğluyam.

Hacər xanım. Ah, Çinkiz, oğlum, məni atəşə yaxma, Yasəmən mənim qulluqçum olmayıbdır, sevkili bacım olubdur.

Qəmər. Çinkiz, gəl, su tökəm əl-üzünü yu, yoldan gəlmisən, yorulmusan. Gəl, qardaşım, sonra danışarsan.

Çinkiz. Toxda, Hacər xanım, Əlimərdanı ölmüş görüb, mən oğlu Çinkizi Rusiyada bilib buraya gəlməyə cür’ət etmisiniz?

Pir baba. Çinkiz, Hacər xanım övladları ilə mənə qonaq gəlmişlər, sənə dəxli yoxdur.

Çinkiz. Bəs sən Əlimərdanın əmisi deyilsən? Necə qeyrətin qəbul edir ki, onun düşmənlərini qonaq edirsən? Məgər bilmirsən ki, mənim atam Əlimərdanın Sibirdə əlləri, ayaqları qandalda, sızlayıb fəryad etməyinə səbəb binamus Şahbaz bəy olmuşdur.

Şəmsi bəy. Çinkiz, mən elə fikir edirdim ki, atalarımızın ədavəti biz övladlarına keçməyəcəkdir, çünki hər iki tərəf bir-birlərindən intiqamını almış. Mən əmim İlyas bəyin və başqa qohumlarımın qanını səndən iddia etmirəm. Fəqət, indi görürəm ki, siz başqa fikrə düşmüsünüz, bismillah, mən meydandan qaçan oğlan deyiləm.

Çinkiz. Hə, indi biqeyrət Şahbaz bəyin oğlu Şəmsi bəy özünü bürüzə verdi.

Şəmsi bəy. Quldurbaşı Əlimərdanın oğlu Çinkiz də öz gədalığını göstərdi.

Çinkiz. Mənə gəda deyirsən?

Onun üstünə yeriş edir. Zəhra xanım başını uca tutaraq, döşünü gərərək onun qarşısında durur. Hacər xanım qışqırıb qaçış edir. Qəmər ağlayır.

Zəhra xanım. Çinkiz, biz düşmən də olsaq qapınıza gəlmişik, sizə qonaq olmuşuq, qonağın ehtiramı beləmi olur?

Çinkiz (başını aşağı salaraq). Zəhra xanım, məni əfv ediniz, xəcalətimdən üzünüzə baxa bilmirəm. Tutduğum əməldən özüm də peşmanam.

Zəhra xanım. Öz tərbiyəsilə cavanlar arasında şöhrət tapmış Çinkizi indi tanıdım, əfvinizi qəbul edirəm. Ancaq anamız Hacər xanımdan üzr istəməlisiniz.

Çinkiz. Hacər xanım, məni əfv etməlisiniz. (Əllərindən öpür, Hacər də onun alnından öpür.)

Hacər xanım. Oğlum, Çinkiz, mənə yenidən ruh verib dirildtdin, allah səni hər bəladan hifz etsin.

Qəmər (gedib Çinkizin əlindən tutub Şəmsi bəyə tərəf gəlir). Çinkiz, Şəmsi bəylə də barış.

Çinkiz (ona əl verərək). Şəmsi bəy, məni əfv ediniz, o sözləri deməyə ürəyimin qəm-qüssəsi səbəb oldu. Qürbətdə çəkdiyim əziyyətdən sonra əziz anamı, sevkili bacımı, qoca babamı sağ və salamat gördükdə, bixtiyar ömrünü Sibirdə çürüdüb axırı canını namus yolunda fəda edən yazıq atam yadıma düşdü. Özümü saxlaya bilməyib sizlərə biehtiramlıq etdim.

Yasəmən (gedib onu qucaqlayaraq). Oğlum, bu sözləri ilə yaralı ürəyimi oxladın. (Ağlayır.)

Pir baba. Yasəmən, sakit ol, naşükür olma, Çinkiz kimi oğlun, Qəmər kimi qızın var. Ölüm cümlə yaranmış üçün var. Oğlum, Çinkiz, bəs mən qoca baban ilə nə üçün görüşmürsən?

Çinkiz. Bağışla baba, bu gün özümü başqa halda görürəm. (Gedib onun əllərini öpür.)

Qəmər. İndi gəl gedək, su tökəm əl-üzünü yu.

Otağa girirlər.

Şəmsi bəy. Ana, siz də hazır olun, mən də gedib faytonu qoşdurum.

Pir baba. Oğlum, nə tələsirsən, çörək yeyib gedərsiniz.

Hacər xanım. Şəmsinin fikrini anlayıram, o qorxur ki, yenə aralarında toqquşma ola. Mən də onun fikrinə şərikəm.

Yasəmən. İndi Çinkiz nəinki yenidən toqquşmaq, hətta səy edəcəkdir ki, sizin könlünüzü alsın.

Pir baba. Yasəmən doğru deyir. Çinkizin ürəyi çox yumşaqdır, heç kəsi özündən incitməz.

Zəhra xanım. Biz Çinkizdən rəncidə olmuruq. Ürəyi yanıqlı idi, onun üçün də təbiətindən çıxdı. Sonra peşman olub bizdən üzr istədi. Bu bizə kifayət edər. İrəlilərdə mənə heç vaxt ədavət göstərməyibdir. Çox mehriban rəftar edibdir.

Çinkiz və Qəmər gülə-gülə gəlirlər.

Çinkiz. Pir baba, eşitdim səni sultanlıqdan əzl ediblər.

Pir baba. Ay oğul, çox da yaxşı ediblər, mənim sultanlığım keçmiş. Cavanlıqda atdığım güllə boşa çıxmazdı, indi isə çox vaxtı ovdan əliboş qayıdıram.

Çinkiz. Demək on iki addımda durmuş dovşanı daha vura bilmirsiniz.

Gülüşürlər.

Zəhra xanım. Şəmsi, payını aldın?

Şəmsi bəy. Allah heç kəsi Qəmər bəyimin dilinə salmasın.

Qəmər. Allah heç kəsi Şəmsi bəy kimi ovçunun ümidinə qoymasın, çünki şamsız yatar.

Gülüşürlər.

Çinkiz. Allah heç kəsi Qəmər kimi bacının ümidinə qoymasın, çünki səfərdən gəlmiş qardaşını çaysız qoyar.

Qəmər. Bu saat, qardaşım. (Ona çay tökub verir.) Gör bacın sənə badımcandan, pamidordan nə dürlü-dürlü ləziz xörəklər bişirəcəkdir.

Şəmsi bəy. Qəmər bəyim, nə qədər xörək bişirməkdə mahir olsanız, yenə də mənim bacım Zəhraya çata bilməzsiniz.

Zəhra xanım. Yəqin yenə də mənim qayğanaq məsələm meydana çıxacaqdır.

Şəmsi bəy. Əlbəttə çıxacaqdır. Camaat, bir dəfə çox bərk acmışdım, evdə də Zəhradan başqa heç kəs yoxdu. O da oturub roman oxuyurdu. Dedim, bacım, dur mənə qayğanaq bişir, yeyim. O vaxtı Zəhra xanım təzəcə kimnaziyanı qurtarmışdı. Bacım bişirdi, mən də yedim. Nəticəsi — indi də qayğanağa baxa bilmirəm.

Hacər xanım (gülür). Zəhra yumurtanı əvvəl suya salıb sonra yağa tökmüşdür.

Gülüşürlər.

Şəmsi bəy. Ana, mən bacımın icadının sirrini açmaq istəmədim, sən niyə açırsan?

Çinkiz. Pir baba, arıların nə haldadır?

Yasəmən. Anan ölsün, hər bal yeyəndə boğazımdan getmirdi. Bilirəm, sən balı çox sevirsən.

Pir baba. Oğlum, sənin bəxtindən bu il balım boldur, nə qədər xətrin istəsə ye, qurtaran deyil.

Çingiz. Çəbi lələ, get Piri babanın o tə’rifli balından kəs gətir, yeyək.

Piri baba. Topal, çökə ağacının altındakı səbətdən kəs gətir. Onun balı çox dadlıdır.

Çəbi gedir. Səfa daxil olur.

Həcər xanım. Səfa, nə var, xeyir ola.

Səfa. Xanım siz gedəndən sonra Şahbaz bəy gəlib çıxdı. Nurəli bəyin evində qumar oynayırmışlar. Ağa gecə də orada yatıb qalıbmış. Məndən soruşdu ki, Həcər xanım və uşaqlar haraya gediblər. Dedim Züleyxa xanımgilə qonaq gediblər, üç gündən sonra gələcəklər. Elə bunu demiş oldum, ağa hirslənib qışqırdı, söyməmiş bir xidmətçi qoymadı. Mənə dedi ki, atı minib çaparsan, harada çatdın qaytararsan. Bu halda ürəyi bitab olub yıxıldı. Qurban həkim dalınca getdi, mən də sizin.

Şəmsi bəy. Ana, durma gedək. Ah, atamın köhnə azarı qalxmış.

Həcər xanım. Gedək. (Qalxırlar.) Səfa, get faytonun yanında gözlə.

Səfa gedir.

Piri baba. Allah şəfa versin, daha sizi saxlaya bilmərəm. İnşallah yaxşı olar, yenə mənə qonaq gələrsiniz.

Həcər xanım ilə Yasəmən, Qəmər ilə Şəmsi bəy və Çingiz ilə Zöhrə xanım kənara çəkilib məxfi danışırlar.

Çingiz. Zöhrə xanım, siz ilə əlvida edərək yenə də rica edirəm ki, sizə etdiyim ehtiramsızlığı qəlbinizdən çıxarasınız.

Zöhrə xanım. Çingiz, mənim qəlbimdə, bilirsən, sənə ədavət yoxdur, başqa bir hiss...

Çingiz. Müşkül.

Zöhrə xanım. Nə üçün?

Çingiz. Çünki çox sədd var...

Zöhrə xanım. Ürəyin incə oxları müqabilində elə sədlər durmaz...

Çingiz. Ürəyin özünə sədd çəkməli.

Zöhrə xanım. O nə üçün?

Çingiz. Fələyin istədiyi bu.

Həcər xanım. Uşaqlar, gedək.

Zöhrə xanım. Əlvida, Çingizim.

Çingiz. Əlvida, xəyali-naümidim.

Həcər xanım. Xudahafiz.

Piri baba. Xudahafiz, yaxşı yol.

Gedirlər.

Pərdə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İki dost, iki düşmən

Avqustun isti günlərindən biri idi. Mə’dənçilərin istirahət evində nahardan sonra xəstələrin bir taqımı bağçada kölgəli ağacların altında oturub söhbət edirdilər. Bunlardan Rəhman adlı bir işçi vətəndaş müharibəsində zühur etmiş bir vəqəni yoldaşlarına nağıl edirdi. Onlar da oturub artıq diqqətlə onu dinləyirdilər. Bu dəmdə istirahət evinin həkimi əlində qəzet, odasından çıxıb bağçaya gəldi. Onu gördükdə Rəhman səsini kəsdi.– Yoldaşlar, nə üçün istirahət evinin qanununu pozursunuz? Taxtınızda uzanıb rahat olmalısınız, – deyə həkim onları məzəmmət etdi.

12 dəq
Mister Greyin köpəyi

Puan Qay, Xan Qou şəhərinin Nan Si çayının sahilində əski bir dəhmada qoca anası ilə yaşayırdı. Bu cavan, küçə aktyoru idi. Öz şagirdi balaca Sen O ilə bazarlarda, şənlikli küçələrdə, çayxanalarda oyun çıxartmaq, məzhəkə yaratmaq və mahnı oxumaqla, gündəlik ruzisini qazanardı.Bəxti gətirib 60–70 qəpikdən çox qazananda, o axşamı, çörək və soğandan əlavə, balıq da alıb şad evlərinə gələrdi və küçədən həyətə daxil olduqda «Ana can, yuy… yuy…» deyə onu səslərdi.

6 dəq
Son ümid

Üç yoldaş… Çar hökumətindən qalma üç töhfə… zəhmətkeşlərin sabiq suluqları, yeni məişətin üfunətli mikrobları.Biri burjuaziya sinfinin zəngin və şöhrət sahibi, müvəkkili, ismi Həzrətqulu. Sabiqdə iki ağa kəlməsinin izafəsilə, biri başda, biri axırda, Ağa Həzrətqulu ağa.

7 dəq
Bax mən buna yoxam

İbrahim çadra, papaq və əski əlifba əleyhinə təşkil olunmuş mədəni hücum kampaniyasında iştirak edərək çox çalışdığı üçün artıq yorulmuşdu. Mənzilinə qayıdarkən, rəfiqi Qulamkildə bir qədər dinçini almağı və onun xəstə oğlunu yoluxmağı qət etdi.Qapıdan içəri daxil olduqda Qulamdan başqa, qısaboylu, ortayaşlı, başında 60–70 manata dəyən bir papağı olan həkimi masa üzərində oturub, resept yazan gördü. Qulam ilə salamlaşıb xəstə çocuğunun halını soruşdu.

7 dəq

Başqa şairlərin şeirləri