Əşrəf
Səhifə 2 / 4 · 25%
– Nəcibə, ölüm gələn vaxt hər yerdə olsa aparasıdır, istər rahat evdə və istərsə də dənizdə olsun.
Nəcibə deyirdi:
– Mənim rahatlığım üçün səndən təvəqqe edirəm ki, dənizə özün getməyəsən. Sən xidmətçilərini göndər, özün də hesaba baxarsan.
– Yox, əzizim, belə olmaz. İş sahibi gərək işinin üstündə olsun. Görmədinmi istəkli və baş xidmətçimiz Əzim işi nə yerə yetirdi?! Qorxma, inşaallah mənə heç şey olmaz.
Bu sözlər Nəcibə xanımı rahat etməyirdi.
Əlimərdanın evi dənizin kənarında tikilmişdi. Buradan dənizin üzü göz sürdükcə aydın görünürdü. Əlimərdan səfərdə olan zaman ana və oğlu tez-tez eyvana çıxıb, durbinlə dənizə baxırdılar ki, görsünlər gəmiləri görünürmü. Əlimərdanın dənizə olan məhəbbəti oğlu Əşrəfə də sirayət etmişdi. Hətta oyun şeyləri içində gəmi, lodka, qayıq və başqa dəniz şeylərini qeyrilərindən artıq sevirdi. Bağçalarında balaca bir göl var idi. Burada Əşrəf lodkada əyləşib, lələsi ilə gəzirdi. Gah-gah bu göldə balıq tuturdular və çimirdilər. Əlimərdan hər dəfə dənizdən çıxıb, evinə gələn zaman, Nəcibənin qorxusundan dənizin möhnət və zəhmətindən əsla danışmayıb, hər yerdə onun tə’rifini və gözəlliyini söyləyirdi. Bu nağıllar həmişə Əşrəfə böyük tə’sir edir və öz ürəyində dənizə olan məhəbbətini daha da artırırdı. Hətta Həsən lələnin də nağılları içində dəniz xüsusunda olanlarını artıq sevirdi. Bu məhəbbət Nəcibə xanımı qorxudurdu. Odur ki, deyirdi:
– Əşrəf, səni fırtınalı və dəhşətli dənizə buraxmaram! Səni İstambula aparıb «Məktəbi-hərbiyyəyə» verəcəyəm ki, oradan baban kimi «Paşa» çıxasan!
– Yox, anaçığım! Mən onu istəmirəm, mən oxuyub «kapitan» olacağam və Həsən lələni də orada «matros» edəcəyəm. – Əşrəf anasına bu yol ilə cavab verərdi.
Oğlunun belə cavabından Əlimərdan fərəhlənib, Nəcibəyə deyərdi:
– Nahaq yerə, əzizim, zəhmət çəkmə, oğul gərək atasının yolu ilə getsin.
Əlimərdanın gəmiçilikdə də baxtı gətirmədi. Gah gəmisi dumana düşüb, başqa gəmilərə toqqaşırdı və sınıb onu xeyli zərərə salırdı, gah daşıdığı mala zəfər yetirdiyi üçün onun cəriməsini verirdi. Getdikcə Əlimərdan borca düşürdü, bu səbəbə onu fikir alırdı; ancaq işinin böylə dolaşıq olmasını Nəcibədən gizli saxlardı ki, onu təşvişə salıb rahatsız etməsin. Həmişə Nəcibənin yanında Əlimərdan özünü şad saxlayırdı. Nəcibə isə bunu duyurdu və bunun üçün də kefi açılmayırdı. Əlimərdana tez-tez yalvarırdı ki, bu sənətdən əl götürsün. İndi Əlimərdan özü də bu fikrə gəlmişdi. Ona görə Nəcibəyə dedi: «Nəcibə, sənə söz verirəm ki, işlərimi bir qaydaya salan kimi bu sənətdən əl götürəcəyəm». Nəcibə ərinin verdiyi və’dəsindən nihayətdə şad oldu.
Payızın son ayı idi. Qara dənizin ən fırtınalı bir zamanı idi. Üç gün idi ki, dənizin nərilti və qurultusuna adət etməmiş şəhər əhli yata bilmirdi. Qara dənizin böylə adətdən xaric nəriltisini qoca kişilər də görmədiklərini söyləyirdilər. Əlimərdanın gələn vaxtı idi. Fəqət gəlib çıxmadığı Nəcibə xanımı çox təşvişə salırdı. Gecələr yatmayıb namaz qılır və Əlimərdanın salamat olması üçün allaha dua edirdi. Gündüzlər də durbinlə dənizə baxıb, təşvişdə idi. Qara dənizin zəhmi balaca Əşrəfi də almışdı. O, Həsən lələsinə deyirdi: «Həsən lələ! Daha mən kapitan olmağı istəmirəm!». Nəcibənin təşvişi getdikcə artırdı.
– Həsən lələ, görəsən bu necə işdir. Əlimərdan necə oldu? Üç gün bundan qabaq gəlib çıxası idi. Bu barədə sən nə fikir edirsən?
– Qorxma, xanım, allah kərimdir, heç şey olmaz! Gəminin kapitanı təcrübəli adamdır. Qara dənizi öz əlinin içi kimi tanıyır.
Nəcibə xanım artıq dərəcədə təşvişdə idi. Hansı gəmiçidən soruşurdularsa, gördüm deyən yox idi. Nəhayət, «Trapezund» şəhərinə mal apardığını soraq verən tapıldı. Həsən lələ hər gəmi gələn kimi körpüdə hazır olurdu ki, ağasından bir xəbər bilsin. Bir axşam Həsən lələ xeyli qəmgin evə qayıtdı. Nəcibə xanım onu görüb, artıq təşvişlə soruşdu:
– Həsən lələ, nə xəbər bildin?
– Xanım, bir yaxşı xəbər bilməmişəm, ağa, nə səbəbdən isə «N» şəhərində gəmidən mal verdiyi zaman divan tərəfindən tutulub dustaq olmuşdur və gəminin bə’zi malları da zəbt edilmişdir. Ancaq nə səbəbə? Nə üçün? Burasını dürüst xəbər verən yoxdur.
Bu xəbərdən biçarə Nəcibə xanım bitab olub, özündən getdi. Bu ittifaqdan üç gün keçmiş Əlimərdan gəmisi ilə bərabər gəlib, öz şəhərinə çıxdı. Fəqət, şəhərə çatan kimi onunla gələn divan əhli onu, kimsə ilə görüşməmiş, həbsxanaya apardılar və bir müddət heç kəsi onun yanına qoymadılar.
Zavallı Nəcibə bu ittifaqdan xəstə olub yatırdı. Axırda Nəcibə xanıma əri ilə görüşməyə izin verdilər. Əlimərdan arvadı ilə görüşdükdə dedi:
– Nəcibə, öz təqsirimdir ki, çəkirəm. Axır vaxtlar işlərim çox dolaşmışdı, borclarım həddən aşmışdı. Ancaq həqiqəti səndən gizləyirdim. Bir cuhud məni yoldan çıxartdı. Çox artıq kirəyə verməklə Osmanlı torpağından Rusiyaya gəmimə «kontraband» qaçaq malı yığdı. Gəlib «N» şəhərinə çıxdıq. Sahibi getdi ki, axşam gəlib malını gəmidən çıxartsın. Mən də yük vurduğum qeyri malları gəmidən çıxardırdım. Divan əhli gəlib gəmini axtardı. «Kontraband» malları tutdu. Cuhud da yox oldu. Təqsiri boynuma qoyub məni dustaq etdilər. Ancaq, Nəcibə, qəm etmə, allah kərimdir. Get Əşrəfdən də muğayat ol.
Əlimərdanı altı ay həbsdə saxlayandan sonra məhkəmədə işinə baxdılar və onu müqəssir edib, beş il vaxta Sibirdə, Tomsk quberniyaya göndərməyə qərar verdilər və iki həftə möhlət verdilər ki, bütün işlərini sərəncam etsin. Əlimərdan hər şeyini satıb borclarını verdi və özünə də bir qədər pul qaldı. Əlimərdanın fikri sibirlikini çəkib qurtarınca Nəcibə və Əşrəfi Kamilə xanımın yanında qoymaq idi. Amma vəfalı arvad ərindən ayrılmaq istəmədi. Kamilə xanım və əri nə qədər yalvardılar isə də mümkün olmadı. Axırda Əlimərdan əlaçsız qalıb, razı oldu. Həsən lələ də bunlardan ayrılmaq istəmədi və dedi: mən çox dünya görmüşəm və özüm də rusca bilirəm. Siz isə heç biriniz bilmirsiniz, mənsiz necə dolanarsınız? Mənim sizə xeyirdən başqa nə zərərim ola bilər? Həsən lələ bu sözdən sonra Əlimərdandan getməyə izin istədi və onu razı elədi.
Yayın əvvəlində, yağışlı bir gündə Əlimərdan, Nəcibə, Əşrəf və Həsən lələ gözü yaşlı, qohum-əqrəbalarından və gözəl vətənlərindən ayrılıb, vaqon ilə yola düşdülər. Vaqon axırıncı fitini verib, tərpənəndə stansiyada bir övrət qışqırıb, ürəyi getdi. Bu övrət Kamilə xanım idi. Bacısının Sibir kimi yad və dəhşətli bir ölkəyə getməsinə zavallı arvad səbir edə bilmirdi. Vaqonun dəmir pəncərəsindən baxan Nəcibə xanım da bacısını oylə gördükdə bitab olub, yerə yıxıldı. Əlimərdana gəldikdə, onun ürəyində olan qəm və qüssə bir mərtəbəyə çatmış idi ki, saatlarla gözünü bir nöqtəyə dikib, harada olduğunu hiss edə bilmirdi. Və onu da belə fikrə salan arvadı və oğlu idi. O fikir edirdi ki, Sibir kimi soyuq bir vilayətdə, cənub qönçəsi Nəcibə və Qafqaz çiçəyi Əşrəf necə dolanacaqlar?!
Əşrəf ata-anası kimi qəmgin deyildi. Çünki Həsən lələnin deməsi ilə Əşrəf oylə bilirdi ki, özgə vilayətə köçürlər və orada atasını dustaq etməyib, azad edəcəklər. Bunların vaqonu özgə vaqonlar kimi deyildi. Pəncərələri dəmirdən olub, qapılarında da əskər dayanırdı. Bu əskər həmişə Əşrəfi görəndə nə isə bir söz deyirdi və gülümsünürdü. Əşrəf rusca bilmədiyin üçün onun dediyini başa düşmürdü. Amma Həsən lələ əskərlə rusca danışırdı. Həsən lələ tez-tez stansiyalarda düşüb, Əşrəf üçün yeməli şeylər alırdı. Və bə’zən Əşrəfin özünü də düşürdüb, gəzdirirdi. Səfərin altıncı günü gəlib böyük bir stansiyaya çıxdılar. Bu zaman Həsən lələ vaqzalda bir sibirli müsəlmanla təzəcə tanış olmuşdu. Onunla şirin söhbətdə ikən, Əşrəf qeyri adamlarla bərabər vaqondan stansiyaya düşdü. Həsən lələnin bundan xəbəri olmadı. Bayram günü olduğuna görə stansiyada və onun ətrafında çox adam var idi. Bir dəstə adam ney çalıb, oynayırdılar, bir dəstə də, çinli bir oyunçunun çürbəçür oyun göstərməsinə tamaşa edirdi. Vaqondan düşdükdə Əşrəfin nəzəri bu oyunbaza sataşdı və irəli gedib ona tamaşa etməyə başladı. Bir azdan sonra vaqon fit verib, hərəkət etdi. Əşrəfin bundan xəbəri olmadı. Həsən lələnin də başı söhbətə qarışıb. Əşrəfin stansiyada qalmasından xəbəri olmadı. Çinli oyunbaz oyunu qurtarıb, pul yığmağa başladı. Adamlar yavaş-yavaş dağılışdılar. Əşrəf də geri qayıdıb, gördü ki, vaqonları yoxdur, getmişdir.
Əşrəf vaqonları getmiş görüb, ağlamağa başladı. Adamlar onun başına yığışıb, onun kim olduğunu və burada nə qayırdığını xəbər aldılarsa, Əşrəf cavab verə bilmədi, çünki rus dilini bilmirdi. Onlar Əşrəfin çərkəsi libasından duydular ki, bu bir müsəlman uşağıdır və anladılar ki, bu ata-anasından izinsiz vaqondan düşüb, burada qalmışdır. Onlar Əşrəfin halına çox yanırdılar. Onlardan biri gedib «jandarm» çağırdı ki, Əşrəfi ona tapşırsınlar. Əşrəf silahlı jandarmı görüb qorxudan qışqırdı və özünü bir qoca övrətin üstünə atdı, qoca arvad Əşrəfin başını sığallayıb öpdü. Zavallı çocuq arvadın qucağında qorxusundan tir-tir əsirdi. O, oylə bilirdi ki, jandarmı ona tənbeh etmək üçün çağırmışlar. Rəhimdil arvad Əşrəfin halına nəhayət yanırdı. Bu qoca arvadın adı Sofiya Aleksandrovna idi. Nikolay İvanoviç ilə Samara şəhərinə gedirdilər. Bunun əri orada edadi məktəbində ümumi təbiyyət müəllimi idi. İndi bu stansiyada vaqon gözləyirdilər ki, yola düşsünlər. Əşrəf jandarmın qorxusundan səsini kəsib, Sofiya Aleksandrovnanın qucağına sıxılmışdı. Bu halda Nikolay İvanoviç gəlib çıxdı. Əhvalatdan xəbərdar olandan sonra Nikolay İvanoviç jandarma dedi:
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-esref
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hacı Muradın otağı. İki qapısı və iki pəncərəsi var. Otaq fərşlə döşənmiş. Sol tərəfdə Hacı Muradın paltarı, sağ tərəfdə pul və cavahir sandıqları qoyulmuş. Qapı tərəfdə bir dolab. Yanında bir əl ağacı.*Pərdə açıldıqda Qulu otağı süpürərək öz-özünə söylənir.*
İkinci pərdəSəhnə İmranın otağını göstərir. Otağın divarları pəhləvanlar rəsmi ilə müsəvvərdir, otağın pəncərəsi bağçaya baxır. Ortada bir masa, üstündə kitablar, yanında bir neçə kürsü. Gülzar pəncərəyə söykənib, İmran isə gəzinir.*İmran**. Yox, Gülzar, daha səbir edə bilmirəm. Bu on iki ildə atan mənə etdiyi zülmə davam edib, səbir etdim, amma indi sənə etdiyi sitəmə tab gətirə bilmirəm. O günü yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı. Gedib deyirəm, Hacı əmi, pul ver həkim gətirim. Deyir həkim-zad lazım deyil. İkicə gün aç qalsın, sappasağ olsun ayağa dursun. Hamı azar, deyir yeməkdəndir. Az yesin, qanı da az olsun. Onda heç vaxtı gözləri ağrımaz. O vaxtı məndə də pul yox idi. Gedib özkədən borc alıb həkim gətirdim. Sənə də demədim ki, ürəyin sıxılar. Nə deyim, Allahın belə birəhm ata yaratdığına təəccüb edirəm.
Üçüncü pərdəSəhnə Hacı Muradın otağını göstərir.*Hacı Murad** (yalqız). Hərçəndi Məhərrəm bəyə söz verdim ki, qız mənim itaətimdən çıxa bilməz, amma görürəm çətin olacaqdır, çünki Gülzarın könlü İmrandadır. Görüm, Məhərrəm bəyin mal-dövlətinə aldada bilərəmmi? Hərkah bu mümkün olmasa, atalıq ixtiyarımı əlimə alaram.
Dördüncü pərdəSəhnə Hacı Muradın bağçasını göstərir. Aydınlıq bir gecə, İmran gəzinərkən söylənir.*İmran**. Ay zalım, ey biinsaf kişi, əhdindən dönüb, səni dövlətli edəni evindən qovursan. Dünya malından ötrü Gülzar kimi qızı bir qocanın puluna satırsan? Yox, zor ilə də olsa gərək bu gecə aparam. Nabatdan bir xəbər çıxmadı. Yoxsa qoca kaftar küçlə Gülzarın nikahını oxutdu? Ya Gülzar naəlac qalıb razı oldu? Yox, yox, elə iş ola bilməz. Gülzar özünü öldürər, Məhərrəm bəyə getməz... Deyəsən qaraltı görünür. Arvaddır.
Başqa şairlərin şeirləri
Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Həq əzəl meyxanəsindən verdi bu cami manaHəq əzəl meyxanəsindən verdi bu cami mana,Kainat əhli təəccüb qıldılar qamu mana.
İstiqbalımız parlaqdırAçar firdovsi-hürriyyət, füyuzabad olar aləm,Gülər sübhi-həqiqət, mə'dələtmö'tad olar aləm,
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,