Səhifə 1 / 2

Hacı Muradın otağı. İki qapısı və iki pəncərəsi var. Otaq fərşlə döşənmiş. Sol tərəfdə Hacı Muradın paltarı, sağ tərəfdə pul və cavahir sandıqları qoyulmuş. Qapı tərəfdə bir dolab. Yanında bir əl ağacı.

Pərdə açıldıqda Qulu otağı süpürərək öz-özünə söylənir.

Qulu. Deyən gərək, a qoca kaftar, bu pulları kimə yığırsan, niyə yemirsən? Arvadın yox, oğlun yox, bir qızın var, o da bu gün-sabah çıxıb allah bəndəsinin birinə gedər. Yenidən evlənməyə ömrün yox, çünki yaşın altmışdan ötmüşdür. Bəs bu pulları kimə yığırsan? Adam pulu qazanar ya bu dünya üçün, ya axirət üçün. Bu dünyada yeyər, içər, aşna-dosta xərclər, kef edər. Axirət üçün də məclis-mədrəsə tikdirər, fağıra pul verər, yetimə paltar alıb qarnını doydurar. Amma bu zalım oğlunda bunların heç biri yoxdur. Nə deyim, allahın sirrinə təəccüb qalmalıdır... Pulu götürüb belə xəsisə verir ki, sandığa doldurub gecə-gündüz keşiyini çəkir və mənim kimi bazburudlu oğlanı da ona nökər edir, yə’ni belə malınyeməzin malını yemək haramdır? Vallahi, mənə görə halaldan da halaldır. Ancaq açarları əlimə sala bilmirəm və özü də nə duyursa, məni otağına qoymur. İndi gəlib, məni burada görsə həşirimi qatacaqdır. (Pəncərədən baxır.) Odur, gəlir, dədəmin evi yıxıldı.

Süpürgəni yerə atıb tez qaçır. Hacı Murad o biri qapıdan daxil olur.

Hacı Murad. Bu süpürgə burada nə gəzir? Yoxsa yenə zalım oğlu Qulu burada imiş. Qulu! Qulu! Kar olasan. Nabat! Nabat!..

Nabat daxil olur.

Nabat. Nə buyurursan, ağa?

Hacı Murad. Qulu haradadır? Bu süpürgə burada nə gəzir?

Nabat. Qulu indicə əlində süpürgə buraya girdi.

Hacı Murad. Kafir uşaqları kafir, min dəfə demişəm ki, mənim otağıma, ta özüm çağırmasam girməyəsiniz. Sizin əlinizdən rahat bayıra da çıxa bilmirəm. Bəs Qulunun özü haradadır?

Nabat. Ağa, bilmirəm.

Hacı Murad. Get, bu saat harada isə tap buraya göndər. (Nabat gedir.) Axırı bu zalım oğlu Qulu mənim başıma bir iş gətirəcəkdir. Murdar oğlunu görmək istəmirəm. Üzündən-gözündən oğurluq yağır. (Qulu daxil olur.) Qulu, harada idin? Səni çağırıram, heç səs də vermirsən.

Qulu. Ağa, bağçada çarhovuza su buraxmışdım.

Hacı Murad. Bu süpürgə burada nə gəzir?

Qulu. Ağa, gəldim, səndən izin alıb, evi süpürüm, gördüm evdə yoxsan, çıxdım. Özün buyurubsan ki, izinsiz sənin otağına girməyim.

Hacı Murad. Yaxşı, itil get. (Qulu çıxır.) Durum sandığı yoxlayım. Yoxsa Quluya e’tibar eləmək olmaz. Xoş o adamın halına ki, pulu əlçatmaz və möhkəm yerdədir. O gün də Məhərrəm bəy deyir ki, mən pullarımı banka verirəm. A kişi, adam da gözü görə-görə pullarını özkəyə verərmi? Bu dünya elə dünyadır ki, adama bir qəpik də e’tibar etmək olmaz. Yaxşı, birdən o bankda pullar itdi, ya vermədilər, onda mən kimdən alım? Yox, səfehlik işdir. (Papağının içindən əskiyə düyünlü açarları çıxardır, dörd tərəfinə baxa-baxa sandığın içindən müçrünü çıxardıb pulları sanayır.) Gərək burada əlli min manat ola. Dünən də Məşədi İsmayıl istədi ki, müamilədən kəsə, gördü ki, xeyr, mən o adamlardan deyiləm. (Bu halda Nabat daxil olur. Hacı Murad cəld müçrünü altına qoyub üstünü çuxası ilə örtür.) Yenə nə var?

Nabat. Hacı ağa, Külzar xanım hamama gedəcəkdir, pul istəyir.

Hacı Murad. Hamama gedəcəkdir? Çox qələt edəcəkdir. Evdə su da var, od da var, qab da var, qazan da var. Su qızdırsın, çimsin. Gələniniz əlini açır pul ver, gedəniniz pul ver. Pul, pul, pul! Haradan alım? Deyəsən xəzinə üstə oturmuşam. Niyə dayanmısan? İtil get.

Nabat (gedə-gedə kənara). Qoca kaftar, pulları sandıqlarda gizlədib, bir tək balasına da qıymır.

Hacı Murad (yalqız). Yox, evdə bu qədər pulu saxlamaq olmaz. Heç olmasa müçrünü bir başqa yerdə gizlədim. Yoxsa sandıq elə şeydir ki, oğru əvvəl onun üstə yüyürər. (Fikir edir.) Tapdım. Hacı Saleh də pulu götürsün, onu da bunlara qatıb basdırım. (Müçrünü yenə sandığa qoyur.) Görəsən nə oldu ki, Hacı Saleh belə geç gəldi? Şəhərdə bərk səs var ki, Hacı Saleh bankrotdu.

Bu halda Hacı Saleh pərişan bir halda daxil olur.

Hacı Saleh. Salamun əleykum.

Hacı Murad. Əleykümməssalam. Hacı, buyur əyləş. Nə var? Çox pərişansan, xeyir ola?

Hacı Saleh. Hacı əmi, dünyanın hansı işinə baxıb pərişan olmayım? İnsanda insaf, rəhm, sədaqət qalmayıbdır. Vaxtı ki, işin sazdır, sənə ehtiyac var, hamı sənin qulundur. Amma elə ki, işin bir balaca əydi, hamı üstünə ayaq basıb, sənə qılınc vuracaqdır. Sənə mə’lumdur ki, bu şəhərin sövdəkərlərinin əksərini mən pullu etmişəm. Neçələrini dar günündən qurtarmışam. Neçələrinin vekselini çırıb atmışam. İllər ilə müamiləsiz pul borc vermişəm. Xülasə, hansını deyim? Özün bilirsən.

Hacı Murad (kənara). Bu müqəddimədən heç gözüm su içmir.

Hacı Saleh. Hacı əmi, Moskvadan gətirdiyim mal tamamilə satılmamış durur, barama da zərər çıxartdı. Alış-veriş beladır ki, beşinə sən borclu olursan, beşi də sənə. Mal satılıb qurtarar, borclar verilər. İndi mənim işim bir az dolaşıqdır, dövlətli etdiyim adamlar mənə macal vermir. Sənin beş min manatını hazır etmişəm, ancaq altı yüzünə bir həftə möhlət ver, çünki onu Məşədi Nicazquluya verəcəyəm. O gözləyə bilmir. Doğrudan da əlində heç zadı yoxdur. Yoxsa onun pulunu nə qədər saxlasam, istəyən adam deyil.

Hacı Murad. Yox, Hacı Saleh, düz söz, gözləyə bilməyəcəyəm. Pul özümə çox lazımdır.

Hacı Saleh. Hacı, sən şəhərimizin birinci dövlətlilərindən hesab olunursan. Sən niyə pula möhtac olasan?

Hacı Murad. Elə orada evim yıxılıbdır ki, xalq məni dövlətli qələminə verib dir. Hansı borclunun üstünə gedirəm, deyir: Hacı, sən dövlətlisən, gözlə. Baba, haradan dövlətli oldum. Qırx il külünk çalıb, bir cüz’i pul əlimə salmışam. O da onda-bunda.

Hacı Saleh. Hacı, buyur bu dörd min dörd yüzü al, yerdə qalan altı yüzə də bir həftə vaxta, kağızı təzələyib, mənə möhlət ver. Eybi yoxdur, müamiləni də artır.

Hacı Murad. Xeyr, xeyr, heç vaxt qəbul edə bilmərəm. Gərək beş mini tamam qabağıma qoyasan, bax kağızın vaxtından iki gün də keçibdir. Mən təəccüb edirəm ki, niyə mənim pulumdan kəsib Məşədi Nicazquluya verirsən, çünki məni yumşaq tanıyırsan.

Hacı Saleh. Hacı Murad, bu sözləri mənə deyirsən? Mənə bir həftə vaxt vermirsən? Neçə dəfə səni dar gündən qurtarmışam, a biinsaf kişi? Səni ilan ağzından qurbağa kimi, borclulardan xilas etmişəm. İndi mənə aman vermirsən?

Hacı Murad. Onlar keçmiş əhvalatdır. Mən də sənə az etməmişəm. Köhnə plan ilə içi açmaq lazım deyil. Daha bir gün də gözləyə bilmərəm. Dünya ölümitimdir və bundan əlavə də Kərbəla ziyarətinə gedəcəyəm. Pul lazımdır.

Hacı Saleh (rişxəndlə). Hacı Murad, ziyarətin qəbul olsun, ancaq soruşmaq eyib olmasın, hansı əməl ilə gedirsən?

Hacı Murad. Niyə? Mən nə pis əməl etmişəm ki, ziyarətim də qəbul olmasın?

Hacı Saleh. Hələ cür’ət edib soruşursan da? Sənin yediyin, içdiyin it qanından da murdardır, çünki oğurlugla, qaçaqlıqla, yetimin malını mənimsəməklə yığılıbdır. Hansı əməlini deyim. İmranın atasının pul ilə mal-dövlət sahibi olduğunu hamı bilir və yetim İmranı nə tövr saxladığın cümləyə mə’lumdur. Amma onun atasının sən cəldə qalmış öz oğlu kimi, həz paltolu saxladığı hamıya mə’lumdur.

Hacı Murad. Babam, mənimlə dava gəlmisən? Bir qəbih iş görmürəm ki, öz pulumu istəyirəm də.

Hacı Saleh. Kağızı ver buraya, bihəya kişi! Buyur, bu sənin beş min manatın. (Pulları verir.) Sən elə zalım deyilsən ki, adama rəhm edəsən. Boynuma torba salıb dilənməyə hazıram, nəinki sənin kimi adamdan minnət götürməyə. (Veksili Hacı Muraddan alıb çıxır.)

Hacı Murad (pulları sayarkən). Yaxşı çıxartdım. Hacı Saleh az qalmışdı ki, İmranın qəyyumu olub Şeyx Əlinin malını məndən iddia edə. Dünyada qəribə adamlar var. Bir də görürsən ki, səndən iddia edir ki, mənim babam sənin babanı filan qərinədə əsirlikdən azad edibdir. İndi gərək sən də mənə qul olasan. Durum müçrüyə yer qazım. Qulu! Qulu!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qan bulağı

İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunlardan biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ başlıq var idi. Qocanın at üstündə əyləşməsi, ə’zasının hərəkəti, alıcı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol getdikcə daralırdı. Dağlardan enib, indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki süvari yanırdı. Əlalxüsus susuzluq gəncə artıq tə’sir eləyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi.

6 dəq
Ümid çırağı

İlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Ş... şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi. Pəncərədən çırağın zəif şö’ləsi bağçaya düşərək oranın zənkin böcək və pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif əndamlı, sarımtıl bənizli, qıvrıcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab oxuyur, ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovcalayır, qalxıb pəncərəni açır, başını dişarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüs edirdi.Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.

4 dəq
Cəhalət qurbanı

Uşaqlıq xatiratımdan nağılına şüru etdiyim bu vaqiə məndə elə bir dərin tə’sir buraxmış, qəlbimdə elə silinməz nəqş bağlamışdır ki, sanki uzun müddət əvvəl yox, dünən vaqe olmuşdur.Səkkiz yaşında uşaq ikən «Seyidli» adlanan kəndimizdə başaçıq, ayaqyalın, təbiətin mərhəmətli qucağında, məişətin ağır və zəhərli hallarından xəbərsiz yaşardım.

14 dəq
Qatil uşaq

Otuz-qırx il bundan əvvəl, bəlkə indi də Azərbaycanın çox yerlərində müsəlman əkinçiləri arasında xeyli təəccüblü, hər kəsin nəzərini özünə cəlb edən və əkinçilik sənətinə əsla yaraşmayan bir hal vardı. O da əkinçilərimizin öz zəhmətilə becərilmiş taxılı biçməkdə aciz qalaraq, iranlı biçinçilərinə möhtac olmaqları idi.Yayın isti günləri idi. İran biçinçiləri əyinlərində çındır paltar, ayaqlarında çarıq, qabarlı əllərində oraq, arxalarında mitil yorğan, Araz çayını keçərək, Azərbaycana sel kimi axırdı. Bu zəhmətkeşlər arasında başı əmmaməli və qurşaqlı, boynuyoğun seyid dəstəsi də görünürdü. Zənn olunmasın ki, bu müftəxorlar da Azərbaycana iş aramağa gəlirdilər. Xeyr, onlar xırmənləri gəzib: «Cəddimin payını ver», deyə kəndlilərdən «seyid verkisi» tələb edirdilər. Dini və adəti – mövhumata qərq olmuş sadədil məzlum kəndlilər, hər bir verkidən əvvəl bu müftəxorların torbalarını doldurardılar və heç biri cür’ət edib onların tələbini rədd edə bilməzdi.

9 dəq

Başqa şairlərin şeirləri