Kaş ki, öləcəyim günü biləydim,Biləydim nə zaman son nəfəsimdir.Demirəm dünyaya bir də gələydim,Bir dəfə gəlmişəm, elə bəsimdir.

Bilsəydim olmazdı əsib-qorxmağım,Kim tutub dünyanı min il qalacaq?Bu gün həyatınam, sabah torpağın,Mən qəfil ölümdən qorxuram ancaq.

Barı xəbər tutum bircə gün əvvəl,Bir gündə ömrümə haqq-hesab çəkim.Səhər yatağımdan qalxım əlbəəl,Nə dərman gərəyim olsun, nə həkim.

Olmasın heç kimə əziyyətim də,Sabah köçməyimi dostlar bilməsin.Mənim son sözüm də, vəsiyyətim dəEvimin içində eşidilməsin.

Efirdə eşidim son xəbərləri:Sərhədlər dolubdur çiçəklə-güllə.Sonuncu əsgər də qayıtdı geri,Torpağa quylandı sonuncu güllə.

Eşidim diktorun sevinc səsində:Sabah şənlik edir hər ev, hər ocaq.Sabah ölüm yoxdur yer kürəsində,Sabah neçə milyon artım olacaq.

Sonra çıxıb yola həmişəki tək,İnsan axınına qoşulub gedim.Sonuncu eşq ilə çırpınsın ürəkSonuncu...Bu sözü mən necə dedim!

Kimin ki, qəlbinə toxunmuşam mən,Gizli bir həsrətlə ona yanaşım.Haqlı gileylənən, haqsız inciyənBütün dostlarımla mən halallaşım.

Tutum əllərindən yaxşının, pisin,Hamıda gözəllik, yaraşıq görüm.Yamanlıq gördüyüm mahir xəbisinGözündə son dəfə bir işıq görüm.

Eşidim Bakının addım səsindəSonuncu əlvida nəğməsini mən.Eşidim bir körpə qəhqəhəsindəÖmrümün uğurlu əvəzini mən.

Çıxım xatirələr səyahətinə;Yenə o sahildir, on yeddi yaşım.Bir yaşıl çinarın ziyarətinəGəlib, yarpaqlarla hey pıçıldaşım:

Ay ilk görüş yeri, məni bağışla,Bəlkə yaşamadım adına layiq,Məsum qız gözləri məni bağışlaYanmadım eşqinə, oduna layiq.

Ay dəniz birinci gəlişimizdənYadigar, nişanə ləpir hardadır?Qağayı hürkərdi gülüşümüzdən,O gülüş, qəhqəhə də bir hardadır?

Gedərəm, əlvida deyib astaca,Titrəşər budaqlar, gurlayar dəniz.Kaş mən ayrıldığım həmin ağacaBir oğlan yanaşsın səssiz, səmirsiz.

İlk vüsal çağları gəlsin həyata,Bir bahar doğulsun, mən keçən qışam.Oğlan intizarla baxsın saata,Mən öz saatımı dayandırmışam.

Gedirəm, dünyadan arxayın gedim,Bura sevməyənin yolu düşməsin.Mənim göy çinarım, sevgi məbədimUcuz görüşlərdən qoy büzüşməsin.

Gözümdə qüssə yox, ürəyimdə qəm,Ötən günlərimə çətin ki, yanam,Əgər qəbrim üstə bir gülə dönsəm,Bilin, ürəyimdir yerdən boylanan.

Ariflər dünyanı mənim tək anlar,Vaxztında getmək də mərd hünəridirYerdəki çaylar, qaratikanlarQəlbiqaraların sümükləridir.

Silinib getmərəm xatirələrdən,Heykəllik şöhrət də qazanmamışam.Bir şair ömrünü yaşamışam mən,Bəlkə bircə şeir yazammamışam.

Ürəklə yazmışam neçə nəğməni,Biri yadda qalan, biri itəndir.Demərəm, ey Vətən, bağışla məni,Torpağın altı da mənə Vətəndir.

Girmək istəmirəm mələk cildinə,Danmaq istəmirəm günahımı da.Əcəl möhlət versə bir günlük mənə,Sevincə döndərrəm son ahımı da.

Bütün yer üzünün yamanlığını,Dərdini özümlə apara bilim.Bütün insanların cavanlığını,Ölümün cəngindən qopara bilim.

Verin bir ağacı bada mənimçün,Ustalar, ürəklə çəkic vurun siz.Bir tabut düzəldin, o da mənimçün,Sonra milyon-milyon beşik qurun siz.

Mən onda ölümə təşəkkür edib,Keçməyə hazıram hamıdan əvvəl,Bilsəm ki, ayrılıq mənimlə gedib,Mənimlə yox olub amansız əcəl.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri