Şair haqqında düşüncələr
Bəzisi düşünür: – Şairə nə var,Sözdür, qafiyədir tapıb düzəldir.Alnında tər olmur, əlində qabar,Həyatı firavan, ömrü gözəldir.
Bir kitab yazdım, gəzir “Volqa”da,Yollar daş-kəsəksiz, hər işi asan.Qızlar da tez uyan şöhrətə, ada,Təki məhəbbətdən şeir qoşasan.
Şair ol, barmaqla göstərsin hamı,Dünyanın dərdini heç alma vecə.Gir evə, harayla, təbi, ilhamı,Bir qələm, bir kağız, bir səssiz gecə.
Gəlsin qabağına limonlu çayın,Evin xanımı da qulluğundadır.Doldur varaqları rahat, arxayın,Şeir qafiyənin bolluğundadır.
“Ellərə” “sellərə” qoş, bir “dağ de”, bir “bağ”,Söz aç bu gündən də, ötən çağdan da...Yox, qafil, yarımçıq sənətkar olmaqAğırdır yarımçıq doğulmaqdan da.
Bir qoşma deməklə dağdan, arandan,Şairlik olmayır, ad-san olmayır.Polad əridəndən, qaya yarandanŞairin zəhməti asan olmayıb.
Dostu milyon-milyon,Düşməni min-min,Hər sətri bir tufan qoparan dalğa.Şairin köksünə dəyən gülləninAğrıları dəyir bütöv bir xalqa.
Daim şairiylə öyünmüş Vətən,Şairsiz ağlamaq, gülmək çətindir.Şairin adını milyon ürəkdənNeştərlə, xəncərlə silmək çətindir.
Baxın keçmişinə bizim diyarın:Şair olan yerdə hünər də varmış.Xalqa divan tutan hökmdarlarınBirinci qurbanı şair olarmış.
O, bir qığılcımdır, söndürülməsəQəlblərdə törədər alovlar, odlar.O, bir qasırğadır, bu qorxunc səsəÇaxnaşıb səs verər göydə buludlar.
Şeir arzulara qanad yarandı,Əməllər şeirtək axub durulsun.Bütün insanların ən böyük andı,Böyük şairlərin vicdanı olsun.
Bəlkə ilk qartal da qayalar üstə,Şair vüqarına baxıb ucalmış?Tufan qoparmağı bəlkə dəniz dəŞairdən öyrənmiş, şairdən almış?
Düşmə xam xəyala, yazıqsan, yazıq,Şan-şöhrət tilsimə salmasın səni.Kim deyir, həmişə biz kefi sazıq?Dağ çəksə, əriyər şair çəkəni.
Dünyanın qayğısı gəzir sinədə,Aləm yuxudadır, bir qələm, bir o.Sevdiyi bir qızın görüşünə dəİlham gələn zaman gedə bilmir o.
Günlər necə gəlir, necə dolanır.Şairə nəğməsiz ömür , gün nədir?Gecələr şerinə şeir calanır,Gecələr ömründən ömür, gün gedir.
Ürək söz eşqiylə vurur həmişə,Həyat nəğmələrlə zinətli olur.Axtarır, saçları dönür gümüşə,Tapdığı qızıldan qiymətli olur.
Qu quşu ömründə təkcə bir kərə,Deyib nəğməsini köçür dünyadan.Ömür daha şirin olur şairə,Ən gözəl şerini yaradan zaman.
Qayğıdır şairin qolu, qanadı,Şeir də qayğıyla yaranmalıdır.Şairin hüququ, şairin adıDövlət sərhəditək qorunmalıdır.
Nəsillər borcludur, gözəllik yayan,Saflığa çağıran bu təmiz ada.Bəlkə şair olmuş ilk dəfə duyan,Eşqin mənasını qoca dünyada?
Hamı şeir yaza bilsəydi əgərOlmazdı dünyanın heç qəmi, dərdi.Ən ağır, ən böyük müharibələrSözlə başlanardı, sözlə bitərdi.
Şerin düşmənidir ölümlər, qanlar,Şair həyat deyir, səadət deyir.Şeirlə yazılsın bütün qanunlar,Ana südü kimi təmizdir şeir.
Bütün diplomatlar eşitsin bunu:Natiqlər kürsüdən ensin deyirəm.Bu gün BMT-nin iclas salonu,Şeir məclisinə dönsün deyirəm.
Orda gərək deyil tərcüməçi də,Şerin vahid dili ürəkdir, ürək.Daxmada, zindanda, evdə, küçədə,Onları yer üzü dinləsin gərək.
Şairlər kürsüyə ucalsın bir-bir,Söz açsın dünyanın dərdi-sərindən.Ürək parçalasın hər qəmli şeir,Hərbə nifrət yağsın kəlmələrindən.
Desinlər: – Bəşəri salmayın qana,Dünya yetim qalar, torpaq insansız.Raketlər sancılsa göyün bağrına,Səma yersiz qalar, yer asimansız.
Gör nələr yaradır əliniz, nələr,Yanın alnınızdan çözülən tərə:İnsanlar, lüt gəzir milyon körpələr,Şinel tikirsiniz milyon əsgərə.
İnsanlar, yeriyin ləpələr kimiHərbin üzərinə siz qoşun-qoşun.Uçan quşlar kimi, nəğmələr kimiSiz də qucaqlaşın, siz də qovuşun.
Hər şair qəlbində min arzu, həvəs,Şadlığa müntəzir, toya müntəzir.Hər şair qəlbində bitib-tükənməzSizə deyilməli nəğmələr gəzir.
İnsanlar, sizindir bu gül, bu çiçək,Həyatın bal qədər şirinliyi var.Anamız dünyanın gəlin evitəkBəzəyin, qoruyun, sevin, insanlar.
Sizə nəğmələrdən hörərik çələng,Nəğməylə yaşamaq bir səadətdir.Zalqı ucaltmayıb qorxunc top-tüfəng,Xalqı ucaldan da şeir-sənətdir...
Ən yaxın, yn uzaq ünvana kimiHər şeri o, yola salır nigaran.Qızı gəlin gedən bir ana kimiGözləyir nigaran, qalır nigaran.
Hər ürək bu yola gətirməyib tab,Şairlik nə bəylik, nə soltanlıqdır,Şairlik ən böyük əziyyət, əzab,Şairlik ən böyük qəhrəmanlıqdır.
Deyirəm bir şair göstərin mənə,Dünyada o, yüz il yaşayıb bir vaxt.Loğmanlar hər ömrü uzatsa, yenəŞairlər hamıdan tez qocalacaq.
Bağrı gecə-gündüz yanan bir məşəl,Onuntək yanmazsan nə qədər yansan.Bəlkə şair imiş hər kəsdən əvvəl,İlk dəfə ürəyi ağrayan insan?
Şair öz sözüylə, öz qüdrətiyləÖmrünü verməli Vətənə, yurda.Tonqalda hamının hərarətiyləİsidib, kül olur özü axırda.
O, gərək can qoya, ürək əridə,Qəm ona əbədi bir yük olubdur.Dərdi böyük xalqın şairləri dəSənətdə həmişə böyük olubdur.
Danışsın vətəndaş, böyük şairlər,Kəlmələr alovdan, oddan yoğrulsunHər şair bir xalqın rəhbəri qədər,Milyon talelərə cavabdeh olsun.
Şairdə ildırım gücü var bəlkə,Şeir daşdan keçən qurşun kimidir.Nəğməsiz bir millət, şairsiz ölkə,Sərkərdəsiz qalan qoşun kimidir.
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-sair-haqqinda-dusunceler
← → düymələri ilə keçid, R — təsadüfi şeir