Ahəstə, bülbülüm, oxu, dildar oyanmasın!Naz ilə yatmış ol güli-bixar oyanmasın!

Sübhün zamanı dərdi coşar binəvalərin,Gizlində nalə çək, o cəfakar oyanmasın!

Yoxdur qəmim, oyansa o gül, arzum budur;Yansın rəqibim odlara, əğyar oyanmasın!

Ey mahiparələr, bu gecə yar gəlməyib,Sönsün fələkdə sabitü səyyar, oyanmasın!

Süzgün baxışla yar sevindirdi könlümü,Görcək təbibini necə bimar oyanmasın?!

Çeşmində fitnələr yatıb o gülün, ehtiyat edin,Mümkün deyil ki, məsti-xətakar oyanmasın!

Vahid, deyirlər, indi də meyxanələrdədir,Öz tövbəsin ki, eylədi inkar, oyanmasın!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq