Ey şux nazənin, nə gözəldir məlahətin!Heç kəs əsiri olmaya bir sən tək afətin!

Hər aşiqin ki, cənnəti görmək xəyalı var,Göstər cəmalını, gözəlim, var ləyaqətin.

Yarəb, bu məclis əhlini şad eylə hər zaman,Qəmdən xilas qıl, üzü gülsün cəmaətin.

Olsun həmişə eyş ilə işrətdə xəlqimiz,Qaldır, ilahi, şənini sən bu vilayətin!

Hər kəs öz rəfiqi ilə sakit əyləşib,Gülməkdədir şərafəti var bu ziyafətin.

Olsun o gün ki, toy eləyək nocavanlara,Şadlıqda keçsin, ey könül, əyyami-firqətin.

Əhli-riya behişti sevir, kuyi-yari biz,Bundan gözəl nə aləmi var baği-cənnətin?!

Bir yanda əhli-musiqi, bir yanda əhli-zövq;Ey xəlq, daimi yaşasın böylə adətin!

Vahid, vətən yolunda cəsarətlə şer yaz,Xəlqin yanında yüksələcəkdir şərafətin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq