Gözəllər, mahpeykərlər könüllər qan edənlərdir,Cəfa rəsmində bu bimehrlər tüğyan edənlərdir.

Ümidi-vəsl ilə hər qarə zülfə payibənd olmaKi, onlar aşiqi sərgəşteyi-hicran edənlərdir.

Bu müşkin türrəli, ahu baxışlı nazənin bütlər,Fəzayi-eşqdə üşşaqı sərgərdan edənlərdir.

O məcnunlar ki, eşq içrə əsiri-dami-zillətdir,Dəmadəm arizuyi-türreyi-canan edənlərdir.

Züleyxa ismətində naz edən hər şuxə aldanma!Əzizi-Misri onlar bəsteyi-zindan edənlərdir.

Rüxün dövrün müsəxxər qılsa xəttin, etiraz etmə,Məlahət mülkünə zinət verən, üsyan edənlərdir.

Gülüzlü nazəninlərdən cəfalər çəkmişəm, Vahid!Neçün ki, əndəlibi-könlümü nalan edənlərdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq