Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?Aşiqə bülbüli-şeyda deməyim, bəs nə deyim?

Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?

Mən əgər eşqdə Məcnun deyiləm, bəs nəçiyəm?Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?

Çırpınır quş kimi hər zülfünü gördükcə könül,Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim?

Gözlərin həsrətini çəkməyən aşiq yoxdur,Sənə mən afəti-dünya deməyim, bəs nə deyim?

Bu şirinlik, bu lətafət ki, sənin var, gözəlim!Sənə güldən də mən əla deməyim, bəs nə deyim?

Eşqdən bir bu qədər söyləmək olmaz, Vahid,Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq