Qəm çəkmə, könül, məclisə canan yenə gəldi!Bu qalibi-biruhə verən can yenə gəldi!

Bir neçə gün olmuşdu günüm tirə qəmindən,Şad etdi məni, ol mahi-taban yenə gəldi!

Ahəstə yığıb başına öz ləşkəri-zülfün,Könlüm evini etməyə viran yenə gəldi!

Sal boynuma, canana dedim, həlqeyi-zülfün,Güldü, dedi, divaneyi-dövran yenə gəldi?

Fərhadə deyin, eyləməsin dağdə fəryad,Bu məclisə ol xosrovi-xuban yenə gəldi!

Qan ağlama, bülbül, dəxi gülzar həvəsində,Əyyami-xəzan keçdi, gülüstan yenə gəldi!

Vahid, bilir aləm məni, ol zülfə əsirəm,Sən çox demə, Məcnuni-biyaban yenə gəldi!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq