Göyün sözü göydə qalar,Yerin sözü - sinəsində,Deyilməmiş sözlər vardır,Bəlkə quyu nənəsində.

Getmədik cin səsləyəndə,Hay vermədik harayına,Ağ qoçdan ayrılıb getdik,O bir yana, biz bir yana.

Damdabaca tək ağladı,Ay göydə bədirlənəndə,Görmədik başımız üstdəSimurq quşu hərlənəndə.

Odunsuz qaldı meşədəBir qış küpəgirən qarı,Vərəm tutub öldü fağır,Görə bilmədi baharı.

Ağ gəldi, qara su gəldiTəpəgözün tək gözünə,Kor olub düşdük ömürlük,Bir başqa korun izinə.

Nağıl böyüyə bilmədiBizimlə çiyin-çiyinə,Viran qalan uşaqlıqdanBayquş səsi gəldi yenə...

1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri