Nuşabəyə

Gözünün yoluna çıxmışam indi,İndi gözlərinlə məni çək, apar,Hər atdığım addım daha sənindi,Amma, qurban olum, məni tək apar.

Bu yolda bir kəsi qoşma yanıma,Gözümü yəhərlə, baxışımı sür,Sal məni dağ-daşa, yanma canıma,Çatlasam, rəhmət de, nal töksəm — şükür.

Yalvarsam, ağlasam, çəkmə yüyəni,Səyirt ömrün boyu mənzilbaşına,Amma gözlərinlə sür apar məni,Özün yetir məni qoca yaşına.

Qoy sənin qapında durub qocalım,Yalmandan ağarıb, dişdən saralıb...Apar, burda qoyma, qadanı alım,Başımın üstünü quzğunlar alıb...1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri