Məktub yazsan, yağış yağan gündə yaz,Şəklini eyvanda çəkdirib göndər,Soyuq olsa, şaxta vursa aləmi,Şəkildə yay olsun, bağda üzüm dər.

Soruşma heç kəsdən Bakı necədir,Küçələr yenə də külək əlində,Gecələr araqdan qızmış cavanlar,Dünyanı söyürlər ana dilində.

Vallah, deyib-gülən günlər də olur,Tanışların çoxu ölməyib hələ,Dərd, azar törənib, artsa da hər gün,İntihar həsrəti gəlməyib hələ.

Təkcə xəbərsizlik sıxır adamı,Səs çıxmır Allahdan, radiolardan,Bahar əvvəlkitək çiçəklə gəlir,Qışın gəldiyini bilirik qardan...1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar