Əhvalat vaqe olur Xırda xanımın otağında. Xırda xanım döşəkcə üstə əyləşmiş, püştə dalında.

Xırda xanım. Bu gecə heç yatmamışam, sabaha kimi fikirdə olmuşam. İndi başım yerində durmur, guya ki, mənim deyil... Bol xəyalat eləmişəm. Bir neçə vaxt iş düzəldib toy fikrinə düşmüşəm. Sonra Pərini götürüb Səkinənin evinə qonaq getmişəm. Bir neçə vaxt iş düzəlməyib hirsimdən ağlamışam... Xülasə, çox bədxab oldum... İndi sabah açılıb, görək Allah nə istəyir. Pəri, Pəri. (Çağırır. Pəri gəlir.)

Pəri. Nə buyurursan, xanım?

Xırda xanım. Nurcahan bura gəlmişdi? Heç bir xəbər varmı?

Pəri. Xeyr, gəlməyib, heç bir xəbər də yoxdu.

Xırda xanım. Get Əbdürrəhimi bura göndər. (Pəri gedir.) Nurcahandan çıxmayan iş!.. Gərək o tezdən gələydi. Görəsən xudaya, görə bildimi, dərvişin dediklərini əmələ gətirdimi? Hə-yoxluğun barı tez bileydim. Bir-iki gün də belə keçsə, məndən daha adam olmaz.

Əbdürrəhim daxil olur.

Əbdürrəhim. Nə buyurursan, xanım?

Xırda xanım. Nurcahan bura gəlmişdi? Bir xəbər varmı?

Əbdürrəhim. Xeyr, gəlməyib və bir xəbər yoxdu. Əgər buyurursan, gedim bu saat çağırım.

Xırda xanım. Get, gözünə dönüm, gör evdədimi? Deyinən xanım deyirdi bu saat bura gəlsin.

Əbdürrəhim. Baş üstə. (Gedir.)

Xırda xanım. Bilmirəm nədi ki, bu qızı Allah adama verir. Qız əvəzində bir daş olsaydı, böyük xoşbəxtlik olardı. Qızı adama ərə verib qurtaranacaq ya quddus deyir. Yer üzündən kökünüz kəsiləydi, dahı məndə can qalmadı.

Səkinə daxil olur.

Səkinə. Ana, çay gətirimmi?

Xırda xanım. İstəmirəm, yenə ürək döyünməm artıb. Çay içsəm, yenə gərək çölə qaçam.

Səkinə. Taqsır özündədi, hər bir zada hirslənirsən, axırda ürək döyünmən qalxır.

Xırda xanım. Qoçaq, həkimliyi nə tez öyrəndin? Get, küçük, başımdan ol. Bəlkə bir xəlvət işim var, uşaqsan, büzül yat!

Səkinə (gedə-gedə). Sən deyən olsun, ancaq hirslənmə.

Xırda xanım. Bilmirəm nədəndir bu saat elə haldayam ki, istəyirəm aləmə od vuram... Özümdən narazı, gedədən, qarabaşdan narazı... Əgər bu halda kişi gələ, başında tərs dəyirman işlədərəm.

Nurcahan daxil olur.

Nurcahan. Salam əleyk.

Xırda xanım. Əleyk salam a Nurcahan, indiyə kimi hardaydın? Səni gözdəməkdən gözümün qarası getdi.

Nurcahan. Əvvəl başdan ərz eləyim, Xırda xanım, başına dönüm, belə gözlərimiz aydın olsun.

Xırda xanım. Belə aydınlıq içində ol. İmanın kamil olsun. Nağıl elə görüm nə var.

Nurcahan. Mənim ki bu dilim var, Xırda xanım, onu gərək qızıla tutam. Getdim yumurtanı sındırdım, su aldım əlimə, dedim: başına dönüm bu suyu dava əvəzinə mənə bir baytal veribdür. İçdi dedi “xalacan”... Hər bir sözün başında “xalacan”... həqiqətdə sudu... O yan-bu yan. Bəs dedi mənim burada bir kəsim yoxdu, çox şad olaram ki, sənin kimi imanlıya rast gəldim. Hər nə sən desən, mən onu qəbul elərəm... Xülasə, danışığımız çox oldu.

Xırda xanım. Evlənməkliyinin barəsində söhbət olmadı?

Nurcahan. Bəs mən nədən ötrü getmişdim? Özü dedi ki, bundan sonra mənə lazımdır ki, ev olam. Mən də ona dedim ki, sənə bir qız yeri bilirəm qonşuluqda. Sərv boylu, gərdəni bir qarış, qaş qara, kirpik qara.

Xırda xanım. Gərək deyəydin ki, filankəsin qızı, atası bu, anası bu.

Nurcahan. Xanım, gedim balalarımın üzün görməyim, əgər bunların hamısını deməmişəmsə. O da mənə zarafatnan dedi ki, sənə bir dava verim, on beş yaşında qız olasan. Bir danışan, bir məzəli oğlandı ki, heç dünyada özünün də əvəzi yoxdu.

Pəri daxil olur.

Pəri. Xanım, bu gün nahara nə hazır eləyim?

Xırda xanım. Hər nə ki sənin keyfin istəyir... Pəri, otaqda şəlitin üstə bir yaylıq var, ört başına, onu sənə bağışladım.

Pəri. Allah Səkinə xanımı xoşbəxt eləsin. (Gedir.)

Xırda xanım (çağırır). Əbdürrəhim, Əbdürrəhim!

Əbdürrəhim (daxil olur). Nə buyurursunuz?

Xırda xanım. Taxtın altında bir cüt çəkmə var, onu və sandıqxanada bir yapıncı, onu verdim sənə.

Əbdürrəhim. Allah Səkinə xanımı xoşbəxt eləsin. (Gedir.)

Xırda xanım və Nurcahan (ikisi də birdən). Amin!.. Amin!.. Amin!..

Nurcahan. Xanım, başına dönüm mən bu gecə bir vaqiə görmüşəm.

Xırda xanım. Allah xeyir eləsin...

Nurcahan. İnşallah xeyirdi. Gördüm ki, bir göz iştədikcən düz yerdi. Otluq, gülzar. Bu düzün ortasında bir buynuzlu maral otlayır. Hərdən-birdən başını qalxızıb o yana, bu yana baxır, amma kənardan bir üzü nurlu kişi bu marala tərəf gəlir. O adam getdi maralın yanına, maral qaçmadı. O kişi maralın başına ip salıb dalınca apardı. Mən buna çox təəccüb elədim, istədim ki, o üzü nurlu kişiyə yaxınlaşam, bu halda qulağıma azan səsi gəldi, oyandım.

Xırda xanım. Bu elə bizim işimizdir, o şəxs də haman dərvişdi. İnşallah maral qaçmaz.

Nurcahan. Xanım, başın üçün mən özüm də elə belə yozmuşam.

Dərviş daxil olur.

Dərviş. Salam əleyküm.

Xırda xanım və Nurcahan. Əleyküm salam, ağa dərviş, buyur otur.

Dərviş. Xanımcan, dəxi nə oturum, bu gün sübh tezdən Hacı Məhəmmədtağı və Hacı Kərim gəldilər mənim mənzilimə və mənə təklif etdilər ki, bu gecə cəm olalar mənim mənzilimə və mən onlar üçün dua yazım. Söhbət arasında mənə məlum etdilər ki, bu saat onlar gəlirlər təzə həkimin yanından. Guya İskəndər bəy onlardan çox iltimas edib ki, onlar sizin qulluğunuza gəlsinlər namzədlik üçün və onlar şal və üzük tədarükünə düşüblər... İndi, xanımcan, bildinizmi mənim dualarımın hikmətini?!

Xırda xanım və Nurcahan (səcdəyə enib). Allah, sənə şükür. Allah, sənə şükür.

Əbdürrəhman bəy daxil olur.

Əbdürrəhman bəy. Arvad, dünən sən mənim başıma nədən ötrü o müsibəti açırdın? Məgər övrətdə səbr olmaz, ağzına gələn hədyanı söylər? İndi necə oldu?

Xırda xanım. Necə olacaq, şükür olsun Allahın dərgahına. Gözünü sil, dürüst bax gözümə... İndi bilirsənmi arvadın da qoçağı olar.

Əbdürrəhman bəy. Xa! Xa! Xa! Arvad. Mənim qoçaq arvadım. Xa! Xa! Xa! Daldan atılan daş topuğa dəyər... Təklifini sevdim.

Xırda xanım. Gördün bu qara nərin hünərini? Gərək əlimdən, ayağımdan öpəsən.

Əbdürrəhman bəy. O qara nər ikicə pula dəyməz və hər nə iş tutsa özün biabır elər, necə ki dünən dedim.

Xırda xanım. Kişi, Allahı sevərsən sən məni qorxuzursan. Nə var, tez ol, tez de görüm?

Əbdürrəhman bəy. Nə olacaq? Sənin İskəndər bəyinin arvadı bu saat faytondan düşdü, yanında balaca oğlu.

Xırda xanım. A Nurcahan, a dərviş, bu kişi nə danışır? Dəli olmusan, a kişi, nədi?

Əbdürrəhman bəy. Mən niyə dəli oluram? Dəli sənin kimi olur ki, belə bambılı dərviş başına ip salıb dəli kimi oynadır.

Xırda xanım. Əbdürrəhim, Pəri, Nurcahan, bu saat mənə bir xəbər, ay, ürəyim çatladı!.. Mənə bir az su! Tez! Öldüm, ay su.

Əbdürrəhim. Xanım, doğrudur, mən özüm İskəndər bəyin gədəsini gördüm.

Xırda xanım (Əbdürrəhimə). Vur boyunlarına bu bihəya uşaqlarının, çıxart çölə, çıxart çölə bunları... Ay, ürəyim çatladı...

Əbdürrəhim (Nurcahanı və dərvişi çıxardır). İtilin buradan bihəya uşaqları. (Xırda xanımın ürəyi gedir.)

Əbdürrəhman bəy (Xırda xanımı qucaqlamış). Özünü toxtat, yassar olma. Əbdürrəhim, su! Tez, tez ha! Ay aman su. A qız, özünü toxtat deyirəm sənə. (Səkinə və Pəri tələsik daxil olurlar, qucaqlayırlar Xırda xanımı.)

Səkinə xanım. Ana, sənə qurban olum, nə qayırırsan? Uy Allah, uy!..

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri