Üçüncü məclis
Əhvalat vaqe olur İskəndər bəyin mənzilində. İskəndər bəy ayaq üstə durub stol yanında və stolun üstə kitab. Kitaba baxıb fıştırıq çalır.
İskəndər bəy (sağ əlinin dal tərəfin kitaba bərk vurub). Möhkəm dostum, əziz dostum, bitəməh dostum, bihəsəd, xalis dostum! Təklik yoldaşı, dərd-qəm yoldaşı, baqi dostum... Pərvərdigara, şükür, gündə min kərə şükür sənə ki, mən kimi yetimi bu məqama gətirdin və məni tamam dünyanın ağıl və kamal sahiblərilə həmsöhbət etdin. Şükür, min kərə şükür!..
Nurcahan (qapıdan baxır). Həkim, sənsən? Başına dönüm, atam, anam sənə qurban!
İskəndər bəy. Mənəm xala, içəri gəl!
Nurcahan. Belə xalan sənin başına dönsün. Belə xalan sənin qadan alsın.
İskəndər bəy. Mənə görə nə qulluğun var? Əlindəki nədi?
Nurcahan. Başına dönüm, həkimbaşı, bu suyu bir baytal verib mənim azarlı nəvəmə dava adına, məndən beş şahı pul alıb. İndi hər kim dadır deyir bu xalis sudu, indi sənə qurban olum...
İskəndər bəy. Gətir görüm. (Alıb dadır.) Xala, doğrudan bu xalis sudu. Səni həqiqət aldadıblar.
Nurcahan (kənara). Yumurtanı sındırdım, suyu da içirdim. Bəs, başına dönüm, nainsaf oğlu mənicə aldadıbdı.
İskəndər bəy. Nəvənin naxoşluğu nədi? Əgər bura gələ bilir, gətir baxım.
Nurcahan. Nəvəm də sənə qurban, nəvəmin nənəsi də... sənəcə mənim bu cancığazım qurban... Şükür olsun Allaha, böyük həkim olmusan bizim kimi fəqir-füqəraya köməkliyin dəyir, bizlər də sənə duaçı olluq.
İskəndər bəy. Xala, sən nə diribaş qarısan? Mənəcə nə verərsən sənə bir elə dava verim ki, norəstə cavan olasan?
Nurcahan. Sən mənə nə verərsən sənə bir elə qız tapam ki, şam yandırmaq lazım olmaya, üzünə baxanda günə baxan kimi gözlərin qamaşa. Gərdəni bir qarış, boyu sərv ağacı, ağ üz, qara kirpik, qara qaş, gözləri ala, ahu balası.
İskəndər bəy. Qarı, deyirsən eləməzsən.
Nurcahan. Mən? Mən? Eh, məni hələ tanımırsan. Mənə Nurcahan deyərlər. Mənim anam ölsün, tamam vilayətin alış-verişi hamısı mənimlədir. Mən başdan-ayağa sirr dağarcığıyam.
İskəndər bəy. Ay sirr dağarcığı, bəlkə mən elə küflət sahibiyəm, onda?..
Nurcahan. Qoca sərçəyə cub-cub öyrədirsən? Sənin nə vaxtındı külfət sahibi olasan, dünənki uşaq ola-ola.
Dəli Şirin qapının dalından.
Şirin. Görəsən həkimbaşı evdədirmi?
Nurcahan. Həkim, başına dönüm, odludu, qoyma içəri girə, yoxsa xata elər.
İskəndər bəy. Dəli də məriz deyilmi? Qoy gəlsin görüm dərdi nədi?.. Hər kimsən içəri gir.
Nurcahan. Mürəxxəs olum, başına dönüm.
Şirin daxil olur.
Şirin. Paho, paho! Nurcahan qarı, axirətsiz! Nə tez xam yerə şikara çıxmısan?
Nurcahan. Qapıdan belə dur, mənim zırrama dəli ilə işim yoxdu!
Şirin. Hələ dur! Dur! Yoxsa axırını elərəm... Həkim, qadan alım, verdiyiniz dava qurtarıb, amma uşaq da yaxşıdı.
İskəndər bəy. Çox əcəb, artıq lazım deyil?
Şirin. Bəy, mənim adım Dəli Şirindi. Tamam vilayət məni dəli hesab eləyir, mən bu saat sübut elərəm ki, mən dəli deyiləm. Ancaq ərzimə qulaq asın və sən də, Nurcahan, əlim-ayağım dəyməmiş dur yerində. (Nurcahanın qolundan tutub dartır ortalığa.)
İskəndər bəy (stul üstə oturub kənara). Qəribə işə düşdüm.
Şirin. Həkimbaşı, mən özümü dəli kökünə salmışam ondan ötrü ki, vilayətimizdə həqiqətdə dəli çoxdu və mən neyləyim; bazara girdin gözü qıpıq, sən də ol gözü qıpıq!
Nurcahan. Şirin, and olsun uşaqlarımın canına, sənə beş fətir bişirrəm, məni burax gedim.
Şirin. Heç mümkün deyil. Dinməz-söyləməz dur yerində, yoxsa burnunu dişimlə qopardaram.
İskəndər bəy (kənara). Yaxşı qaravəllidi, axırını görək.
Şirin. Bəy, bu Nurcahan arvadı ki görürsən, şəhərimizdə beləsi hesabsız çoxdu və bunun özü tamam vilayətdə məşhur övrətdi. Əvvəli bir nazlı, həkətli, gəl məni gör, dərdimdən öl gəlindi. Nə qədər cahıldı, ötənə-keçənə göz vurardı... Belədi, Nurcahan?
Nurcahan. Yalansa ağrım ürəyinə!.. Dəlinin sözünə inanan özü də gərək dəli ola... Mən sənə nə deyim, hər nə istəyirsən de. İt hürər, karvan keçər.
Şirin. Həkim, eşitmişsinizmi ki, dəlidən doğru xəbər? Mən elə o dəlilərdənəm.
İskəndər bəy. Mən ki həkiməm, səndə bir dəlilik görmürəm.
Şirin. Dalına quluq asın! Qocalanda sonra başladı əvvəl miyançılığa. Nə döyülməyi, nə söyülməyi vecinə almadı; arı yedi, namusu atdı dalına. İndi böyük məşğuliyyəti odu ki, gəzər xan evlərini, bəy evlərini, bunun sözünü ona deyər, onun sözünü buna deyər. Hər bir sözün üstə yüz min qeyrilərin bəzəyir. Xudanekərdə bir xanım cürət eləyib buna istədiyi şeyi verməyə... Vaveyla, vamüsibəta.
Nurcahan. Sənin ki dədənin malını vermirlər... Saqqalına bax, saqqalına.
Şirin. Nurcahan... Əvvəl ki, sən ağuçu idin, balam, sonra bu mərsiyəxanlıq nə idi?
Nurcahan. Həkim, başına dönüm, mənim nəvəm naxoşdu, Allahı sevirsən məni bu dəlinin əlindən qurtar gedim.
Şirin. Qoy mən bəyə əhvalatın hamısını nağıl eləyim, sənə bir turp əkim tütünün başından çıxsın, ondan sonra gedə bilərsən.
Nurcahan. Hələ sən get qanqal otla. Mən də Nurcahanam, sənin kimiləri çox xaltalamışam, ay it!
Şirin. İndi ki, belə oldu, çox yaxşı, çox əcəb... Bəy, sənə mənim canım qurban olsun, bağışlagilən sənə baş ağrısı olur, şəhərə təzə gəlmisən, bizim yerin gərək əcayib-qərayib işlərin öyrənəsən.
İskəndər bəy. Əvvəldən gərək olmayaydı, çünki başlamısan, söylə görüm axırı nədi.
Şirin (Nurcahana). Ay imansız qarı, sən haman Nurcahan deyilsən ki, Nəzərəli bəyin qızının əvəzində Şahqulu bəyə öz qardaşın arvadın göstərdin, nə qədər onu yedin?
Nurcahan. Yalançının atası dərin yansın! Yalançının atasının qəbrində donquz bağlayım!
Şirin. A imansız dılğır qarı, sən haman Nurcahan deyilsənmi ki, Şahbaz bəyi aldadıb apardın, biçarəni Qulaməli bəyin tələsində öldürdün.
Nurcahan. A səni görüm dizin-dizin sürünəsən! A səni yaylımı gülləyə rast gələsən! Ay tünbətün oğlu, bu sözlər nə sözlərdir ki, özündən qayırırsan?
Şirin. Səni gərək ağladım, hələ harasıdı... A qarı, de görüm, sən deyildinmi təziyə yerində Hacı Tanrıverdinin arvadının ətək qızıllarının səkkizini kəsib yasavul qabağında polisxanaya gedən?
Nurcahan. Axırı necə oldu, a beyman! Axırda taqsırlı kim oldu, a bihəya?
Şirin. Axırı necə olacaq, pristav qızılları məzdədi, səni də buraxdı.
Nurcahan. Yalançının evinə od düşsün! Yalançının balaları qırılsın! Yaxşımı?
Şirin. Bunlar olsun yalan. İndi mənim özümün başıma gətirdiyin məğlətəni bəyə ərz eləyim; günlərin bir günündə...
Nurcahan. Daha bəsdir, qapıdan belə dur. Vallah, yoxsa bir oyun oynayaram tamam şəhər bura tökülər. Belə dur, cəfəng oğlu cəfəng. (İstəyir getsin.)
Şirin. Ağlamasan buraxmaram.
Nurcahan. A bihəya oğlu, azmayınan! Məni burada yalqız görmüsən? Belə dur deyirəm sənə! (Ağlayır.)
İskəndər. Daha bəsdir, çıxın. İkiniz də birdən çıxın. Tez, tez! (Şirin və Nurcahan dalaşa-dalaşa gedirlər.)
İskəndər bəy. Şirin dəli deyil. Dəli mənəm ki, bu hədyana indiyə kimi qulaq asırdım. Qapını döyürlər... barı ikinci Şirin olmayaydı. (Gedir.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-daldan-atilan-das-topuga-deyer-ucuncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əvvəlinci kəndə getdi, vəssalam, şüd tamam. Dövlət duması buraxıldı. Hökm olundu buyuruz təşrif aparız, çox zəhmət çəkdiniz, kifayətdir, bürokratlar! Gözləriniz aydın olsun, bayramınız mübarək! Həmin su, həmin dibçək: çevir tatı, vur tatı.Atam oğlu, qardaşım! Vay halına, hər yetən təzədən oldu ağan. Yaxın gəldi, sal başını aşağa, qoy vursun qapazı. Olmaya-olmaya cavab qaytarsan. Divanbəyi gəldi, başla titrəməyə: “Belədir, ağa, sən buyurandı. Mən nəkarəyəm? Sənin ayağın biləni mənim başım da bilməz, doğru deyirsən, ağa!” Belə gərək olsun cavabın. “Gətir” desə, bilatəxir gəlsin meydana. Onsuz yaramaz, qardaşım! Nə etməli, fələyin üzü qara olsun. Naçalniyə rast gəldin, düş torpağa bir dilimə söylə: “Atam, anam, bacım, qardaşım, çolpa balalarım sənə qurban, a naçalnik. Ayaqlarının torpağına fəda olum, a naçalnik. Evim-eşiyim, mal-dövlətim sənə qurban a naçalnik”. Gətir desə, o saat gətir. Gecə gətirəsən ki, görən olmasın, dəxi məsləhətdir.
Balaca mütəfərriqələr 32– Yer üzünün cənnəti, bimisl gözəl vətən! Laləzar çəmənlərində, soyuq bulaqlarında, laylay çalan meşələrində bir qarış yer yoxdur ki, balaların orada şad olub, dərd-qüssəyə düçar olmasınlar! Baxınız Dağıstana, uca dağlara, insanı valeh edən tamaşaya, görüz nə hala düşüb! Məzlum, yetim sifətində, kasıb, əlsiz-ayaqsız, naçar ləzgi qardaş! Hanı sənin bir yaxşı mərdanə gəzən günlərin, at belində naz və cürətlə cədəl oynadan günlərin?! Qonaq qabağına şad-xürrəm çıxan günlərin?! Can qardaş! Bəs bir sən söylə görüm nə oldu, siz hansı bəlaya düçar oldunuz?– Köçən köçdü, qocalar getdilər, adət pozuldu, yerlər əldən çıxdı, insan sifətindən bizi çıxardılar... Dərdimiz çoxdur! Hansını söyləyim? Dini-islamın, şəriətin bir tək adı qalıb. Can qardaş! Yaralarıma sən od basdın, bu nə sual idi sən etdin?
Balaca mütəfərriqələr 33Bir amerikalının sualına cavab**Keçənlərdə “İrşad”da bir amerikalı müsəlmanlardan soruşmuşdur ki, həqiqət nədir? İştə cavabını ağa Dərviş verir:
Balaca mütəfərriqələr 34Badkubənin şiddətli istisi məni vadar elədi üz qoydum vətənə sarı. Orada bir balaca alaçığım da var idi. Dedim həm ziyarət, həm ticarət... Vaqondan düşdüm, əyləşdim dilicana... Yüz verst yolun tozu o mərtəbədə məni təngnəfəs etmədi, nə qədər ki ərrabə sürənlərin bəd hərəkətləri və nalayiq danışıqları... Atlarla tövlədə bəslənmiş adamlardan nə gözləməli?.. Varid oldum şəhərə, bərbad olmuş imarətləri gördüm, səbəbin evi elə-belə bərbad olsun, necə ki bu gözəl şəhər bərbad olub!.. Onunla belə bu bərbad olmuş şəhərdə gecə-gündüz fikrimdə olan qaydaları gördüm, şükürlər etdim...Cavanlarımız camaat işinə məşğul, balalarımız oxumaqda, məscidlər camaatla dolu... Şükür xudavəndi-aləmə!.. Bu şadlığımdan sonra... kaş... o “ticarət”... cəhətini açmayaydım, onda yəqin ki, ikinci vətənə şad-xürrəm qayıdardım. Nahaq yerə pul məsələsini gətirdim araya, əlac yox idi... Mən və qeyriləri nə qədər səy, təlaş etdik, mümkün olmadı... İlan yeyib, əjdaha olmuş ələlxüsus... Pah, pah, pah, onun həmşirəsi heç bir təklifimə yaxın gəlmədilər... Naçar qalıb iclas qurdum... Biri oldu dəstxoşçu, biri oldu kərbəlayı, biri məşədi, biri hacı, biri qızıltəkbənd... Kərbəlayı mərd-mərdanə buyurdular:
Başqa şairlərin şeirləri
Ya rəb, sənə min şükr ki, insan yaradıbsan!İnsanları, rəbba, əcəb əlvan yaradıbsan!
İnteligentlər deyir ki ("Deyirik haləti-təhsildə: millət! millət!")İnteligentlər deyir ki:**Deyirik haləti-təhsildə: millət! millət!
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Ölmək hüququndan qeyri…Ölülər sağ, sağlar ölü,Bu nə cürə zəmanədir…