Balaca mütəfərriqələr 33
Bir amerikalının sualına cavab
Keçənlərdə “İrşad”da bir amerikalı müsəlmanlardan soruşmuşdur ki, həqiqət nədir? İştə cavabını ağa Dərviş verir:
Müsəlmanlar elmdə, tərbiyədə hər millətlərdən geri qalır. Həqiqətdir, ya nə?
Müsəlman müsəlmanın evinə qonaq gələndə gözləri qapıda olar görüm ev sahibəsini görə bilərəmmi, ya yox? Həqiqətdir, ya nə?
Qonaq evdən mürəxxəs olanda əlinə düşən qaşıqdan, bıçaqdan, ya hər nə olsa, cibinə öz malı kimi qoyub gedər. Həqiqətdir, ya nə?
Müsəlman istəməz ki, qeyri müsəlman qabağa düşsün, sahibi-dövlət olsun. Həqiqətdir, ya nə?
Müsəlmanın cəhalətdən çıxıb adam olmağına ümid yoxdur. Həqiqətdir, ya nə?
Müsəlmanın ruhaniləri bəqeyri əz... qaraca pul görəndə şəriəti tapdalar. Həqiqətdir, ya nə?
Müsəlmanın qananları qanmayanlarını lüt edər. Həqiqətdir, ya nə?
Müsəlmanlar arasında şərir, biqərəz yer çoxdur. Həqiqətdir, ya nə?
Müsəlmanda rəhm yoxdur. Həqiqətdir, ya nə?
Müsəlmanda səxavət azdır, demək olar, yoxdur. Həqiqətdir, ya nə?
Çox müsəlman, bəlkə, cəmi adam aldatmağı böyük hünər hesab edir. Həqiqətdir, ya nə?
Namaz qılan zikr etdiyi sözlərin mənasını bilməz, bilmərrə şəriətdən bixəbərdir. Həqiqətdir, ya nə?
Müsəlman bir göyçək xanım görəndə gözləri kəlləsinə çıxır. Həqiqətdir, ya nə?
Keçsə belə dövran, müsəlmanlıq puçdur. Həqiqətdir, ya nə?
Şəri müsəlman yoxdur, bir tək adı qalıb. Həqiqətdir, ya nə?
Bir qədər müsəlmanlıq dərdini çəkən var, o da qəti-ümid. Həqiqətdir, ya nə?
Müsəlmanda hər millətdən müftə, xor-xoş səliqə artıqdır. Həqiqətdir, ya nə?
Tanə və qəfyat malını öz malı hesab edən müsəlmandır. Həqiqətdir ya nə?
Qəyyum yetimə düşməndir, adı müsəlman olsa. Həqiqətdir, ya nə?
Müsəlmanın hər bir camaat işində bir atım barıtı olur. Həqiqətdir, ya nə?
Müsəlmanın ağlı gözündədir. Həqiqətdir, ya nə?
Çox-çox müsəlman evində cəlladdır. Həqiqətdir, ya nə?
Müsəlmana haqq söz xoş gəlmir. Həqiqətdir, ya nə?
Müsəlmanın sübutu sənin baqirətində qolunun qüvvətindədir. Həqiqətdir, ya nə?
Dünya məişətindən savayı qeyri işə iqdam etməyən bir tək müsəlmandır. Həqiqətdir, ya nə?
“Allahdan buyruq, ağzıma quyruq” – deyən bir tək müsəlmandır. Həqiqətdir, ya nə?
Axırda puç, qeyri millətlərə əsir bir tək müsəlmandır. Həqiqətdir, ya nə?
Cənab amerikalı! Səni görüm, balam, sağ-salamət evinə yetməyəsən, sən ki mənim yaralarımın üstünə təzədən od-alov basdın. Mən yazıq neçə müddətdir ki, qeyri-müsəlmanlar kimi ancaq öz fikrimi çəkirdim, rahat, bir növ dolanırdım. İndi nə eləyim bundan sonra? Yenə təngnəfəs olub, gecə yuxusuz, gündüz fəraqətsiz gərək qalam... Dilin lal olaydı, balam, sual etdiyin yerdə.
“İrşad” qəzeti, 3 aprel 1907, №59
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-balaca-muteferriqeler-33
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Ağacun!Duş budəm dər xərabətəm güzar,
Balaca mütəfərriqələr 20– Ağa Dərviş, əhvalını genə pərişan görürəm, nə olub məyər?– Heç soruşma, kərbəlayı, əhvalım qolaydı.
Balaca mütəfərriqələr 21– Ağa Dərviş! Salam əleyküm! Oğlan, bu nə vaxtın namazıdır?– Hacət namazı qılıram, əfəndim, əz bərayi-rəf bəlayi-büzürg.
Balaca mütəfərriqələr 22– Ağa Dərviş! Hacı sizdən təvəqqe edir zəhmət çəkib bir təqvimə baxasız, görək bu ayları necə yazıblar.– Əyləş, kərbəlayı. Bu ayları, atam, yaxşı yazmayıblar. Qar, çovğun, tufan, zəlzələ, cəng, qırğın. Camaat üçün çox bəd. Təqvim göstərən belədir.