Altıncı məclis
Vaqe olur Fəxrəddin bəyin mənzilinin qabağında olan bağçada.
Əhməd (ətrafa baxa-baxa gəlir). Ay bivəfa puç dünya! Bu az müddətdə gör necə gözəl oğlanlar bada gedib. Rəşid bəy getdi, Mahmud bəy getdi, Vəli kimi əjdaha qalada axırıncı yaradan tələf oldu getdi... Cahangir bəyin yurd-yuvasını dağıtdılar, canı dustaqxanada çürüyür. Rüstəm bəy kimi pəhləvanın beli bükülüb, özü dönüb bir yumağa... Bu nə gündür mən özüm çəkirəm, bu nə candır mən özüm saxlayıram?! Yurdum itib, yuvam dağılıb, olmuşam qaçaq, gecə-gündüz bir saat bir yerdə otura bilmirəm... Dərd bilənlər getdi, dost-aşna getdi, mən tək qalıb nə olacağam?! Əhdimə vəfa elərəm, ondan sonra
Göz dolu yaş, üzüm tutumuş vətənə,
Cigər dağlı ah-nalə edərəm;
Külfəti tapşırıb həqq dadinə,
Baş götürüb biyabanə gedərəm.
Tüfəngini sazlayıb gizlənir.
Fəxrəddin bəy (gəlir bağçaya). Hacı Murad, bu gün gələn qəzetləri gətir buraya!.. Heç belə yorulmamışdım ki, bu gün yorulmuşam; bizim bu camaat ilə məgər iş görmək olar. Günbəgün, saatbasaat nə qədər yaxın bələd oluram bunların xasiyyətlərinə, bir o qədər aşkar görürəm ki, bir gül ilə bahar olmaz. Dəxi məni təngə gətiriblər, ovqatım olub təlx, ələlxüsus biçarə Mahmudun müsibəti məni hər şeydən artıq yandırır... Ay kişi, belə də murdar vilayət olar? Bu mərtəbədə vəhşilik, nadanlıq olar?.. Tfu! Mənim bu heyvan qardaşıma nə qədər yalvardım, təvəqqe elədim ki, xəta olmasın, nahaq qan tökülməsin, genə olmadı... Kimdir müqəssir?.. Müsəlman qardaşın vəhşi nadanlığı... Biçarə, yazıq Mahmud, heç nahaq yerə tələf oldu getdi. Allah Rüstəm bəyə lənət eləsin, üzün hər iki dünyada qara eləsin... (Hacı Murad bir səndəli gətirir, bir cüt şam və bir miz.) Hacı Murad, Xəlil necədir, yarası sağalıbdırmı?
Hacı Murad. Yaxşıdır indi, ağa... Gədə az qalmışdı ölsün, qoçaq həkim əcəb kömək elədi. Bir-iki gün olur ki, azarxanadan çıxıbdır.
Fəxrəddin bəy. Çox şadam... Hacı Murad, səhər tezdən gedərsən Əhməd bəyin yanına və bir araba da apararsan, təhəng çubuğu verəcək gətirərsən. Əlavə bağbanlara deyərsən ki, aşağı bağı tamam kəlləsər eləsinlər. Özüm də gələcəyəm.
Hacı Murad. Bəli, ağa, baş üstə.
Fəxrəddin bəy (qəzetə baxıb). Gedə bilərsən. (Hacı Murad baş vurub gedir.) – Vallahi-billahi, doğru yazıblar, haqları var... Bizim kimi vəhşi tayfanın dünya üzündə gərək yeri olmasın... Mollalar bizim axırımızı yetirdilər...Hara baxırsan heç bir könül şad edən şey görmürsən... Bundan artıq bədbəxtlik ola bilərmi ki, sən öz evində bir saat qorxusuz rahat otura bilməyəsən; küçələrdə, yollarda qorxusuz gəzə bilməyəsən. Heyf sənə, gözəl şəriət! Heyf sənə, gözəl islam ki, biz vəhşi olub qədr-qiymətini qanmırıq!
Tüfəng atılır, Fəxrəddin bəy yıxılıb tez qalxır, Hacı Murad tələsik gəlib onu qucaqlayır.
Hacı Murad. Ay başınıza dönüm, aman günüdür gəlin... Nə oldu, ay ağa? Nə oldu, başına dönüm?
Fəxrəddin bəy. Bimürüvvət oğlu, biinsaf oğlu!..
Hacı Murad. Ay dad, ay fəryad! Amandır, gəlin, ay başınıza dönüm! Gəlsənizmi, Şahmar bəy, Xəlil!..
Fəxrəddin bəy. Məni oturt, həkimi çağır... Xudaya şükür... Qəribə müsibətdir, müsibəti-müsəlmanan! Vəhşilik, elmsizlik, nadanlıq! Bəli, neyləmək, qəza işidir... (Şahmar bəy əlində tüfəng, Mələk xanım, Gülbahar, Xəlil qolu boynundan asılı tələsik gəlirlər, Hacı Murad Şahmar bəydən tüfəngi alıb qaçır.)
Şahmar bəy (Fəxrəddini qucaqlayıb). Xəlil! Həkim, tez... Qorxma, başına dönüm, qorxma, canım sənə qurban!
Hacı Muradın çöldən səsi gəlir.
Hacı Murad. Ay namərd oğlu namərd, hara qaçırsan, qanını içəcəyəm.. Qaçma, ay gədə, vallah səndən əl çəkməyəcəyəm! (Tüfəng atılır.)
Mələk xanım. Allah, amandır, Allah, amandır. Allah, özün rəhm elə, qorxma gözlərinə qurban! (Oturur Fəxrəddinin yanında.) Uy, ay Fəxrəddin, bu nə işdi bir düşdük?!
Gülbahar xanım (Fəxrəddinin ayaqlarını qucaqlayıb). Uy, ay qardaş! Uy, yazıq qardaş!
Fəxrəddin bəy. Qorxmayın, qorxmayın... Çıxart (libasın), hərgah ağ ciyərə dəyməmiş olsa, ümid var...
Şahmar bəy. Burada ağ ciyər nə qayırır, ay başına dönüm? Sən bircə qorxma. (Soyundurur.) Qorxma, canım sənə qurban, bu saat... Gülbahar, bir yaylıq, tez! Bir də yastıq, tez! (Gülbahar gedir.)
Fəxrəddin bəy. Darıxmayın.
Mələk xanım. Atam-anam o tökülən qanına qurban, oğul! Çırağımı söndürmə, Fəxrəddin! Uy, yandım Allah!
Şahmar bəy. Tez ol, ay qız, yaylıq...
Fəxrəddin bəy. Darıxma, Şahmar!.. Allaha pənah!..
Şahmar bəy. Şahmar adlı qardaşın olmayaydı, Fəxrəddin və belə müsibəti görməyəydi. (Gülbahar xanım yaylıq və yastıq gətirir.) Qoy buraya, ha belə... Uzan, uzan, canım sənə qurban! (Yaranı bağlayır.)
Fəxrəddin bəy. Həkim necə oldu, nəfəsim darıxır...
Gülbahar. Darıxan nəfəsinə günüqara, bədbəxt bacın qurban, Fəxrəddin! Uy, yazıq qardaşım...
Hürü (tələsik daxil olur). Güllə kimə dəyib, a başınıza dönüm?.. Bu nədir, Allah, bu nədir? Fəxrəddin, Fəxrəddin, Fəxrəddin!.. Mən səni bu əmcəklərimlə bəsləmişəm, Fəxrəddin, aman günüdür, Fəxrəddin! Evin yıxılsın, Mələk xanım! Başına əlləmə düşsün, Mələk xanım, dincəldinmi, dincəldinmi?!
Mələk xanım. Ay camaat, məgər ciyərimdən çıxan tüstünü görmürsünüz!? Yandım, Allah! Dilim lal olaydı, Fəxrəddin! Gözlərim kor olaydı Fəxrəddin!
Gülbahar. Uy, Şahmar, bir belə də qan gedərmi? Qoyma başına dönüm, amandı Allah! Amandı!.. Allah, sən özün rəhm elə, bizə yazığın gəlsin!..
Fəxrəddin bəy. Həkimin köməyindən keçibdir... Mənə bir az su...
Mələk xanım. Su vermək olmaz, Şahmar, Şahmar! Dur qəbirdən, Heydər, dur qəbirdən özünü mənə yetir, Heydər! Heydər gəl! Heydər gəl gör əziz balan nə gündədir? Nə halətdir, Heydər! Uy, ciyərim yandı! (Qəşş eləyir.)
Hürü (yaraya baxıb). Can!.. Can Fəxrəddin... Əllərin quruyaydı, düşmən! Belə çevir, qan içəri dolmasın, Şahmar, dincəl Mələk xanım!
Fəxrəddin bəy. Macal vermədi... Bivaxt... Heyf!
Gülbahar xanım. Ay başına dönüm, həkim necə öldü? Ay ata, ay ata, evinə od düşeydi, ay ana! Yurdun tar-mar olaydı, ay ata! (Fəxrəddinə baxır.) Həkim necə oldu? Başınıza dönüm... Həkim, həkim, həkim! (Qaçır çölə.)
Şahmar bəy. Ürəyin incidirmi, qardaş? O güllə mənim sağ gözümə dəyəydi, Fəxrəddin!
Fəxrəddin bəy. Məktəbxana, azarxana məndən sonra tək nişanədir, dağıtma. Səadətə hörmət eləyin, düşməni bağışlayın...
Şahmar bəy. Şahmar adlı qardaşın ölsün, Fəxrəddin. Yaman yerdə evimizi tar-mar elədin!
Fəxrəddin bəy. Şahmar!
Şahmar bəy. Can Şahmar! Nədir, başına dönüm? Sözünü de!..
Fəxrəddin bəy. Səadət...
Şahmar bəy. Hürü nənə, canım sənə qurban, Səadət xanım qonşuluqda dayısı evindədir, çağır gəlsin, ciyərim odlanır, Fəxrəddin!
Hacı Murad, Xəlil daxil olurlar.
Hacı Murad. Ağa! Səni bu hala salanı cəhənnəmə vasil elədim; amma heyf sənə, kaş o güllə mənə dəyəydi... Ölüm Allah əmridir, ağa, ancaq... (ağlamaq qoymur danışmağa.)
Xəlil (yaraya baxıb). Üç atlı göndərdim həkim dalınca, həkim gəlib bu yaraya neyləsin! O güllə mənə dəyəydi... Kaş bu yaradan öləydim, səni bu halətdə görməyəydim, yazıq ağa, məzlum ağa!
Fəxrəddin bəy. Əşhədü-ən-lailahə-illəllah, əşhədü-ən-Məhəmmədən-rəsuləllah...
Mələk xanım (ayılıb). Heydər necə oldu? Onu buraya çağır, indi bu saat buraya gəlmişdi... Heydər, Heydər!.. Aparın məni salın quyuya, atam-anam sizə qurban!.. Fəxrəddin vay, cavan oğlum vay! Heydər gəl, gəl gör nə günə düşmüşük, gəl oğluna toy elə, Heydər! (Qəşş eləyir.)
Səadət xanım (daxil olur Hürü ilə). Belə dur. (Hürüyə. Oturur Fəxrəddinin yanında. Xəlil, Hacı Murad çölə çıxırlar.)
Şahmar bəy. Fəxrəddin, bir gözünü aç gör bizə kim gəlibdir!
Səadət xanım. Fəxrəddin, mən səni bir yekə pəhləvan hesab eləyirdim, bəs sən belə imişsən?!
Fəxrəddin bəy (Səadətin əlindən tutub). Ağlama, mərdanə ol, qəza işidir, təzə bağda dəfn eləyin, qan tökmək kifayətdir...
Səadət xanım. Mənim bu yanan ciyərimi göz yaşı söndürməz. (Əlindən öpür.) Fəxrəddin, necə gözəl arzularımız qaldı, Fəxrəddin... Bu dünya necə puç dünya imiş, Fəxrəddin! Heyf sənə, heyf, heyf... Bu pis, murdar ömrü müsəlman qardaş dəxi bədtər eləyib. Bu müsibət məgər nadanlıqdan, elmsizlikdən deyil?!
Hürü. Fəxrəddin! Nə qayırırsan? Ay başuva dönüm! Ay başınıza dönüm, qoymayın, aman günüdür, Fəxrəddin keçir!.. Vay, evin yıxılsın, Mələk xanım, yurdun itsin, Mələk xanım!..
Mələk xanım (dəli sifətində qalxıb). Yanıram, vallah yanıram, billah, üstümə su tökün, başınıza dönüm!.. Heydər, Heydər... Gəl, gəl, gəl. Şahmar, qoyma, evimizə od düşüb! Ay aman, yandıq! Yandım, yandım, yandım, Allah! (Qəşş eləyir.)
Şahmar bəy (diqqət ilə baxıb). Belimi sındırdın, qardaş! Ymid yerimi kəsdin, qardaş. (Gedir, ağlaya-ağlaya).
Səadət xanım. Hürü nənə, Mələk xanımı apar çölə, biçarə dəli olacaq...
Hürü (Mələk xanımı durquzub aparır). Dur gedək yurdu başına uçmuş, xanimanı dağılmış, dur gedək, dur... Öz əlinlən evini yıxdın!
Mələk xanım. Apar məni sal quyuya, atam-anam sənə qurban, Hürü!.. Fəxrəddin balam vay! Cavan oğlum vay!.. Heydər, gəl, balamın sevgilisi yanındadır, gəl toy elə! Heydər, gəl, gəl, gəl! (Gedirlər.)
Səadət xanım (tək). Belə namərdlik olmazdı ki, sən elədin, Fəxrəddin... Uff! Ürəyimə bir dağ çəkdin, ölənəcən yandıracaq, Fəxrəddin!.. Mən səni bu mərtəbədə istəməsəydim, Fəxrəddin, bir dəqiqə bu dünyada sağ qalmazdım. Ölsəm əziyyətdən xilas ollam, Fəxrəddin, onu istəmirəm... Nə qədər canım sağdır, sənə təziyədar qalacağam, gündə beş vaxt qəbrinin başına dolanıb, azarxanada, məktəbxanada mücavirlik edəcəyəm. Səndən sonra ömrüm uzun ola bilməz! Fəxrəddin, vəsiyyət edəcəyəm qəbrimizi bir etsinlər... Heyf sənə, Fəxrəddin, bu vəhşi nadanlar sənin qədrini-qiymətini bilmədilər... İndiyə kimi həya qoymayıb əlindən öpüm, amma indi üzündən öpəcəyəm, ayrılıqdır, Fəxrəddin! (Qucaqlayıb öpür.) Nəfəsim gəlmir... Bismillahir-rəhmanir-rəhim... Xudaya! Mən necə bədbəxt yaranmışam ki, gör kimlərin üstündə Quran oxuyuram... Məgər belə müsibət çəkmək olar? Dağlanmış sinəmi parə-parə elədin, Fəxrəddin... Bismillahir-rəhmanir-rəhim... Ciyərim dağlandı, Fəxrəddin! (Fəxrəddini qucaqlayıb qəşş eləyir.)
Sədayi-qayibanə oxuyur:
Va həsrəta qoydu fələk binəva səni;
Aləmdə dərd çəkməyə gördü rəva səni.
Dünya evində olmadı bir yaxşı gün nəsib,
Övrətlər içrə eylədi bəxtiqara səni.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-musibeti-fexreddin-altinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Zinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.
DünyadaVarlıya dost olub, kasıba gülmə,Çox da havalanıb, coşma dünyada.
LeylasızÇökərkən axşamın qaranlıqlarıGözümdə bir qara bulud dolaşar.
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar