Vaqe olur Rüstəm bəyin bağçasında, gecə yarıdan keçmiş, Səadət xanım, Gülbahar və Hürü danışa-danışa gəlirlər.

Səadət xanım. Mənim ağlım kəsmir ki, bu gün Mahmud şəhərə getmiş ola, heç elə gün olmayıb ki, bizim evimiz bu mərtəbə yiyəsiz qala. Gədələrin biri də evdə yoxdur. Qanmıram bu nə işdir? Deyirəm yoxsa bu evi yıxılmışlar o tərəfə gediblər?

Gülbahar xanım. Mən özüm də qanmıram... Mahmud gedəndə mənə dedi ki, şəhərdə işim var, bir-iki gündən sonra qayıdacağam.

Hürü. Mən onu bilirəm ki, Rüstəm bəy qaranlıq qovuşandan bir-iki saat sonra tüfəngi götürüb getdi. Deyəsən, elə, o bədbəxt uşaqları o tərəfə getdilər.

Gülbahar xanım. Yavaş bir, ay qız! Bu nə səsdir, ay başına dönüm?

Səadət xanım. Bir az sakit ol görüm. (Səktə.) Siz burada durun, mən görüm bu nə səsdir, bu saat qayıdaram. (Gedir.)

Hürü. Heç belə iş görünməyib ki, sənin evində bir Allah bəndəsi gəlin ola, sən gedəsən onun atası evinə od vurub, qardaşların öldürəsən. Belə yox olasan sən, ay Rüstəm bəy, yox!

Gülbahar xanım. Allahın qəzəbinə gəlsin görüm onu, evi başına uçsun, tar-mar olsun, Səadətin canından uzaq yerdə.

Hürü. Vallah, əgər Səadət olmaya, bu evdə mən bir gün də qalmaram. Deyirəm, nə bilim bəlkə Allah rəhm eləyə, bir növ bunlar barışalar. Səadətin işin qurtaraq, çıxaq gedək evimizə.

Gülbahar xanım. Yox, bu evi yıxılmış Rüstəm bəy farağat oturmayacaq, ölənəcən barışıq da ola bilməz. O elə məlun deyil!

Səadət xanım (tələsik gəlib). Hürü nənə! Mahmudun çuxasını, Əhmədin yapıncısını, papaqlarını tez buraya gətir, tez ol, tez! Sual lazım deyil, durma. (Hürü gedir.) Xudaya, bilmirəm biz nə günah eləmişik ki, bu qədər müsibətlər bizim başımıza gəlir?.. Gülbahar, titrəmək vaxtı deyil... Bu dəqiqə sən gərək gedəsən, burada artıq qala bilməzsən! Evin yıxılsın ata, evin yıxılsın! Gediblər... Qırğın olub, çoban söyləyir...

Gülbahar xanım. Canım sənə qurban, Səadət, yoxsa atamın evi yıxılıbdır? Uy Allah, uy Allah, ölüm mənimdir!

Səadət xanım. Ağlamaq yeri deyil. (Hürü gəlir.) Gey çuxanı, papağı qoy başına. Hürü nənə, sən də. Tez olun, bax, ha belə... İndi Allah amanında, durmayın, Gülbahar, məni yadından çıxartma, gedin, Allah sizə yar olsun! Gedin, yoldan kənar, özünüz də bağçanın dalından çıxın. (Ağlaşıb öpüşürlər.)

Gülbahar xanım (gedə-gedə). Yazıq canım vay, yurdsuz-yuvasız canım vay! Səadət, Səadət, ölüm yaxşıdır ayrılıqdan.

Səadət xanım. Allah kərimdir, gedin, gedin! Görüm mənim başımda nə müsibətlər var!

Hürü. Gedək! Rüstəm bəyi görüm iki gözlərindən olsun, hirsi başında çatlasın. (Ağlaya-ağlaya gedirlər.)

Səadət xanım (tək). Tez gedin, yoxsa rast gələ bilərsiniz. Çoban gətirən xəbərdən belə görünür ki, böyük dava olub, hər iki tərəfdən ölən olub... Xudaya, səni and verirəm öz böyüklüyünə, hərgah bir xəta olubsa, o xata qardaşımdan, atamdan uzaq olsun, ölüm mənimdir, Allah!.. Allah, sən özün Fəxrəddinə qıyma, yazıqdır, nakamdır, mən də yazığam... Xudaya, rəhmini kəsmə, bir belə müsibət kifayətdir, dəxi tab eləyə bilmirəm.

Səs gəlir. Səadət xanım irəli durub.

Kimsən? Yaxın gəlmə, adını de, yoxsa...

Rüstəm bəy (bağçadan). Mənəm, Səadət, qorxma!

Səadət xanım. Salamatsınızmı, ata? Dəxi məndə can qalmayıb... Belə iş olmaz ki, siz mənim başıma gətirirsiniz.

Rüstəm bəy. Qorxma, qızım, bir elə artıq iş olmayıb, sən get içəri, yad adam var.

Səadət xanım. Bir elə iş olmayıb nə deyən sözdür, ata? Bəs Mahmud hanı? Allah məni öldürsün qurtarsın sənin əlindən!

Rüstəm bəy. Sənə deyirəm bir elə iş olmayıb, get, qalmağal eləmə! Camaatı buraya tökmə! (Mahmud bəyi Əhməd qoluna girib yavaş-yavaş gətirir.)

Səadət xanım. Uy, uy, qardaş! Bacın ölsün, ay qardaş!.. Sənə nə olub, ay qardaş?!

Rüstəm bəy. Səadət! Çığırıb-bağırıb aləmi buraya tökmə, Allah xatirinə!..

Mahmud bəy (zəif səslə). Qorxma, Səadət, qorxma, sənə mən söz verdim, mən deyən olmadı, Allah işidir.

Rüstəm bəy. Bir yastıq! Tez, tez ha! (Səadət xanım qaçır yastıq gətirməyə.) Qorxma, yassar, mərdanə ol, oturt Əhməd, gir qoltuğuna... Ha belə!

Mahmud bəy. Tələsməyin, qoyun bir az dincəlim. (Səadət yastıq gətirir.) Uf, yavaş, yavaş!

Rüstəm bəy. Gərək soyunduraq, soyunmasa olmaz. Əhməd, başın qalxız, ha belə, indi rahatsanmı, oğul? Güllə haradan dəyib, ay gədə?

Səadət xanım. O güllə bacının gözlərinə dəyəydi, ay qardaş, yazıq qardaş! Dincəldinmi, ay ata, dincəldinmi?

Rüstəm bəy. Bir qayçı, tez a! Yara gərək bağlana, bağlanmasa olmaz. Bəlkə xətərli yaradır... qolunu, belə başına dönüm, çıxart, Əhməd!

Mahmud bəy. Yavaş-yavaş, tərpətmə! Qoy bir az dincəlim. (Əhməd yaraya baxır.)

Rüstəm bəy. Qan çoxmu gedib, ay gədə?

Əhməd. Bilmək olmur, ay ağa. İndiyə kimi axdı getdi, qan nə qayırır?

Səadət xanım (gəlir, əlində qayçı). Sən belə dur, Əhməd! Bacın gözlərinə qurban, qardaş!.. Əhməd belə tut, ha belə. Yavaş, tut buradan, çıxart, yavaş-yavaş. Bu saat, canım sənə qurban, çıxart, ha belə.

Rüstəm bəy (Səadətə). İndi sən belə dur, özün də buradan get... Əhməd, üsullu böyrü üstə çevir... Yaxşıdır, çox incitmə... Bu yaranı bağlasan yaxşı deyil.

Səadət xanım. Elə demə, deyilən ki, evin yıxılıb, vəssalam... O güllə bacının sağ gözünə dəyəydi, ay qardaş!.. Axır sənin nə işin vardı elə yerlərdə, yazıq qardaş, mehriban qardaş? Dincəl ata, evi yıxılmış ata, dincəl!..

Rüstəm bəy. Mahmud, Mahmud... Niyə danışmırsan, ay başına dönüm? Mahmud, Mahmud!.. Başın bir az dikəlt, ay gədə. Bu Vəli hansı cəhənnəmdə qaldı bilmirəm!

Əhməd. Ağa, Cahangir bəyi, Vəlini tutdular, yazıqlar şir kimi əlləşirdilər, olmadı!.. Zalım uşaqları guya ki, bizim yolumuzu gözləyirlərmiş!..

Səadət xanım (Mahmuda baxıb.). Uy, ay qardaş!.. Ata, evin başına uçsun!.. Ata, barı üzünü qibləyə çevir.

Rüstəm bəy. Mahmud, Mahmud... Axır sən Rəşid bəyin qardaşısan, niyə belə yassar olursan? Mahmud, niyə dinmirsən, qoca atan sənə qurban?

Səadət xanım. Bacın gözlərinə qurban, qardaş! Allahı çağır, salavat çevir, kəlməni de, ürəyinin sözünü de, nakam gedən qardaş!

Mahmud bəy (zəif səslə). Gülbahar...

Səadət xanım. Gülbaharı çağırımmı gəlsin?

Rüstəm bəy. Canıma od salma, ciyərimi dağlama, nakam gedən oğul! Taxsır məndədir, ay oğul, mən ölməli idim, mən, mən, mən, mən... mən... mən!..

Mahmud bəy. Gülbaharın xatirinə dəyməyin, incitməyin.

Səadət xanım. Qorxma, ay qardaş... Mən ölənəcən qoymaram Gülbahara güldən ağır söz deyilə. Gülbaharın sənə qurban, bədbəxt qardaş!

Rüstəm bəy. Ay oğul, aman günüdür, mənim evimi yıxma!.. Məni imansız eləmə!..

Əhməd. O güllə dəyəydi mənim sağ gözümə, ay ağa, ay yazıq, fəqir ağa... Elə adam vurmayın deyib yalvarırdın, ay ağa!.. Məzlum ağa!..

Rüstəm bəy. Bircə səsini çıxart, ay oğul! Malım-dövlətim sənə qurban, ay oğul! Evimə od düşəydi, Muhmud, dilim quruyaydı, Mahmud!

Səadət xanım. Sən qardaşımı tufana verdin, ata! Sən yıxdın evimizi! Yurdun dağılsın, ata!.. (Mahmuda baxıb.) Uy, başınıza dönüm, qardaşım keçinir, üzün qibləyə çevirin. Evi yıxılmış ata, yurdu tar-mar olmuş ata, barı qoyma qardaşım Quransız keçinə... Uy, Allah, yazıq qardaşım! (Mahmudu qucaqlayır.)

Rüstəm bəy (Mahmuda baxıb). Əhməd, xalçadan tut, belə çevir. Dilim quruyaydı, oğul! (Üzünü qibləyə çevirirlər.) Bir az da belə... Səni namus yolunda bada verdim, oğul!.. Əhməd, yüyür molla dalınca!..

Əhməd. Evimiz yıxıldı, ay başına dönüm. Bu şəhidə nə Quran?.. Gecənin bu vaxtında molla nə qayırır, yetirməz... Keçibdir...

Səadət xanım (tez Quranı götürüb). Ay qardaş, ay qardaş!.. Qulaq as, gör bacın üstündə necə Quran oxuyacaq. (Quranı açır.) Bismillah rəhmanürrəhim... (Qəşş eləyib yıxılır.)

Rüstəm bəy (ayaq üstə, başıaçıq). Ay gədə, o xəncəri sox mənim ürəyimin başına, atam sənə qurban!.. Məni öldürün, ay camaat, mən biimanı dünyada sağ qoymayın!.. Başınıza dönüm... Muhmud, Mahmud!.. Ev-eşiyimə bu saat od vuracağam, Mahmud! Səndən sonra mənə heç zad lazım deyil, Mahmud!.. Əhməd! Əhməd! Od gətir, küləş gətir, yurdumu gərək xaraba qoyam! (Gedə-gedə.) Uy, Mahmud, uy Mahmud, belimi sındıran oğul!

Əhməd. Qurtardın, ağa, dünyanın qiylü-qalından. Heyf sənə! Səndən sonra mən bu evə üz döndərmərəm, qanına əvəz eləyib baş götürüb gedərəm, and olsun sənin bu canına!.. Külfətdən əl çəkib, vətəni atıb, yurd-yuvanı dağıdıb, baş götürüb gedəcəyəm... Ta bu ömr olmadı!.. (Üzündən öpüb.) Özümü sənə qurban dedim, indi get qəbirdə rahat yat, qanına qan elərəm, qorxma! (Gedə-gedə.) Ağa, mehriban ağa, rəhmli ağa, nakam ağa!..

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü məclis

Vaqe olur Xəlilin qovurma dükanında... Xəlil əyləşib, qabağında tas, içalat qovurur... Kəfgiri tasa döyüb müştəri çığırır...*Xəlil**. Qaşını, gözünü tükmü basıb, ay kasıb? Yeməli, nə deməli!.. İstiotlu, duzlu, narlıca qovurma... Pəh, pəh, pəh, qarın dərmanı, məcuni-İsfəhani! Pambıq kimi çörək, göy soğan, dadlı, yağlı qovurma... Cəm-cümlətani bircə manat... Pulun yox, ya xəbərin yox, ay kasıb?

5 dəq
Pəhlivanani-zəmanə

Əhli-məclisAslan bəy – 37 yaşında, sahibi-elm, Avropa libasında*

18981 dəq
Əvvəlinci məclis

Vaqe olur Cahangir bəyin mənzilində, otaq Avropa qaydasında bəzənmiş.*Əhməd** (ayaq üstə, tək). Görəsən mən olmasam bizim bu ağa Cahangir bəy necə dolanar? Əlindən nə gələr və nə qayıra bilər? Nə qayıra biləcək?.. Ağzına belə qurd düşüb acından ölər. Bu canım ölsün ki, o mənəm ki, tülək quş kimi gecə-gündüz dünyayi-aləmi vururam bir-birinə, bir xaraba qalmır ki, mən oraya baş təpməyim... Atlanıb ora-bura, hazırca gətirirəm bəyin qulluği-şərifinə, deyirəm buyur əfəndim. Belə yumşaq qulaq olmaz. (Səktə.) Başların qırxıb, qulaqların dibindən xırpıdıb yola salıram. Mənim əlimə gələn də nə olur? Bir tula payı... Afərin mənim kimi oğlana!.. Pəh, pəh, pəh! Maşallah!.. Dəxi nə deyim? (Səktə.) Xeyr aaa, belə dolanmaq olmaz ki, mən dolanıram. Belə dolanmaq olmaz. (Səktə.) O qədər çalışdım, ciddi-cəhd elədim, axırı nə qazandım? Ləqəb, o da nə? Pişik... “Pişik Əhməd”. Afərin mənim kimi oğlana!.. Maşallah, maşallah! Bərabərin ki tapılmaz (Təbəssüm ilə.) Tfu sənin içinə, a bəxt!

189815 dəq
İkinci məclis

Vaqe olur Aslan bəyin otağında, Avropa qaydasında bəzənmiş. Divara tərəf miz, ətrafında səndəlilər, miz üstündə cürbəcür əntiqə şeylər. Qapılarda, pəncərələrdə pərdələr, xəlilər. Aslan bəy tək səndəli üstə əyləşmiş, başı açıq, əlində papiros, fıştırıq çalır.*Aslan bəy**. Да а аа... Иначе невозможно... Дальновидность орла необходима, быстрота ястреба... Нельзя зевать, тогда, когда люди никому очнуться не дают – ловят на лету... Везде речь только о миллионах: еще бы!.. За переуступку дела Подлезский получил 75 т. рублей отступного. Шутка сказать, в два дня, не тратя ни одной копейка, палец о палец не ударяя, получить 75 т.! Ныряев Петя тоже самое. Досадное же всего то, что Микиртум Каспарич продал свое сравнительно небольшое дело за 3½ миллиона-мужичье и 3½ миллиона. Hay-hay... Hacı Sadığın dövləti məndə olaydı, onda görərdilər analar necə oğul doğublar... Qoyardım ki, mənsiz belə işlər olaydı?! Qoyardım ki, firənglər, ya ingilislər özbaşına burada iş götüreydilər?! Heç vaxt!.. Nə edəsən?! Ah, Allah kərim padşahdır. Нечего Бога гневат, и мои дела идут недурно. (Zəng vurur. Qulu daxil olur.) Bircə bax, Qulu, sən bir iş elə. Balaca kəndli Qurban kişini tanıyırsan ki?

189812 dəq

Başqa şairlərin şeirləri