Əvvəlinci məclis
Səhifə 1 / 3
Vaqe olur Cahangir bəyin mənzilində, otaq Avropa qaydasında bəzənmiş.
Əhməd (ayaq üstə, tək). Görəsən mən olmasam bizim bu ağa Cahangir bəy necə dolanar? Əlindən nə gələr və nə qayıra bilər? Nə qayıra biləcək?.. Ağzına belə qurd düşüb acından ölər. Bu canım ölsün ki, o mənəm ki, tülək quş kimi gecə-gündüz dünyayi-aləmi vururam bir-birinə, bir xaraba qalmır ki, mən oraya baş təpməyim... Atlanıb ora-bura, hazırca gətirirəm bəyin qulluği-şərifinə, deyirəm buyur əfəndim. Belə yumşaq qulaq olmaz. (Səktə.) Başların qırxıb, qulaqların dibindən xırpıdıb yola salıram. Mənim əlimə gələn də nə olur? Bir tula payı... Afərin mənim kimi oğlana!.. Pəh, pəh, pəh! Maşallah!.. Dəxi nə deyim? (Səktə.) Xeyr aaa, belə dolanmaq olmaz ki, mən dolanıram. Belə dolanmaq olmaz. (Səktə.) O qədər çalışdım, ciddi-cəhd elədim, axırı nə qazandım? Ləqəb, o da nə? Pişik... “Pişik Əhməd”. Afərin mənim kimi oğlana!.. Maşallah, maşallah! Bərabərin ki tapılmaz (Təbəssüm ilə.) Tfu sənin içinə, a bəxt!
Cabbar bəy (daxil olub). Salam əleyküm.
Əhməd (tələsik). Əleykümsalam, Cabbar bəy, əleykümsalam... Buyur. Buyur... Buyur əyləş görək. Mən səni dünən gözləyirdim, kişi. Nə oldu ki, təşrif gətirmədin? Mənim ürəyimə cürbəcür fikirlər gəlirdi. Dedim, görəsən nə oldu ki, kişi gəlmədi, xudanəkərdə yoxsa azarladı?
Cabbar bəy. Dünən bir az nasazdım, gəlmədim... Neyləyim, əlacım yoxdur. Kafir oğlu, bilmirsən, Əhməd bəy, məni nə mərtəbədə yandırıb, nə mərtəbədə incidib!.. A kişi, hansı vilayətdə görünüb, hansı millətdə görünüb ki, oğul yıxıb ata-anasını döysün, evlərindən qovsun?!. Hər kim desə, Allah, mənə oğul ver, o bəlkə dəli-divanədir. Heç ağlı yoxdur. Genə qız yaxşıdır, Allah qıza min pay versin... Qız, qız, genə, başına dönüm, qız.
Əhməd. Gör kişini nə mərtəbədə yandırıblar ki, ağzından od tökür... Bay, bay, bay!.. Heç fikir eləmə, kişi... Əhvalatı Cahangir bəyə demişəm, arxayın ol. Buyurdular ki, hərgah Cabbar bəy razı olsa, mən onun oğlunu bir gündə bu vilayətdən itirdərəm. Ancaq indi bilirsən nə var, Cabbar bəy? Bu işdən ötrü lazımdır beş ərizə vermək. Bir az xərc olacaq. Ərizələr gərək bu kitablardan yazılsın və elə yazılsın ki, daşa vursan daş yarıla.
Cabbar bəy. Cahangir bəy mənim tamam var-yoxumu əlimdən alsın, başına dönüm, məni o namərd oğlundan xilas etsin!.. Həya eləyirəm... Dilim gəlmir olan işin hamısını nağıl eləyim. Analığının dörd dişin birdən salıb... Vurublar ər-arvad hərəsi bir tərəfdən, baş şişib, dodaq şişib, tamam bədənində sağ istirahət qoymayıblar... Əndamına təpmə qoymaqdan qollarım az qalıbdır qurusun... Zalım oğlu istəyirmiş barmağın salıb biçarə arvadın gözlərini töksün, harayçı qoymayıb... İndi, Əhməd bəy, göydə Allah, yerdə sizi deyib gəlmişəm, gərək mənim dərdimə əlac tapasınız.
Əhməd (kənara). Bəy adlanmağım bəzi ovqat bəd deyil, lazım olar, amma kişi çox füzuldur çifayda. (Cabbar bəyə.) Belə iş olar a kişi? Tfu! Şükür sənə, xudaya!.. Qəribə işlər varmış. Heç fikir eləmə, kişi, Allah qoysa ona bir tövbələtmə verdirəcəyəm ki, inqirazi-aləmə kimi dadı damağından getməsin! Hələ bir dayan.
Cabbar bəy. Nə qədər o məlun oğlu, onun ləçər arvadı evdən çıxmayıblar, mən geri qayıtmayacağam... Əhməd bəy, bilmirsən necə zalımdırlar, birəhmdirlər...
Əhməd. Heç fikir eləmə... Bax, bircə belə də fikir eləmə. (Barmağının ucunu göstərir.) Əgər o, Cahangir bəyin qələminin altına düşə, mən bilirəm nə olar!.. Bir az səbr elə... Ancaq sonra peşman olmayasan ha... Eşidirsənmi, kişi?
Cabbar bəy. Mən?.. Mən yəni peşman oldum?.. Heç vaxt. Onu kənd içində rüsvay eləyəcəyəm.
Əhməd. Nə deyim, vallah, bu da oğul. Bu işlərin adın nə qoyub eləyir, axır onu bir mənə qandır görüm.
Cabbar bəy. Səndən eyib olmasın, Əhməd bəy, başına dönüm, mənim ikinci arvadımdan bir balaca qızım var... Qız deyil, bir gül parçası. Mənim oğlum, onun ləçər arvadı deyirlər ki, sən gərək o qızı və anasını evdən qovasan, mülk bizə qalsın... Mən də onların acığına o qızı çiynimdən düşürtmürəm və özlərinə deyirəm ki, iyirmi parça yerimi ki, Qızılkəndin yanında var, atımı, malımı və nə qədər müxəlləfat var, satıb nəqd eləyib verəcəyəm o qıza. Ölün, canınız çıxsın!.. Həqiqət elə belə də eləyəcəyəm, Allah qoysa... Qız yaxşı qızdır. Əhməd bəy, görsən xoşuna gələr... Bir şeytandır ki, əvəzi yoxdur... Elə “qağa” dedikcən ağzına qənd verirəm...
Əhməd (kənara). Allah o qızı saxlasın... Yerləri Aslan bəyə, özümə də bir balaca tula payı – yaman olmaz idi. (Cabbar bəyə.) Zəmanə, deyirəm, Cabbar bəy gör necə xarab olubdur. Dünya malından ötrü oğul durub ata-ana üzünə, bacı qardaşın üzünə, məhəbbət əldən gedibdir, mehribanlıq qalmayıb; it sümük üstə boğuşan kimi gündüz axşamadək boğuşurlar... Pərvərdigara, sən özün rəhm elə, yazığıq!.. Bah, bah, bah!.. Dünyanın axırıdır, vallah!..
Cabbar bəy. Nə qoyub nə axtarırsan, başına dönüm? Mən qorxuram özümü öldürməsinlər, gorbagor eləməsinlər. Neçə müddətdir ha... Mən onların əlindən təam alıb yemirəm, qorxuram zəhər qatarlar.
Əhməd. Allah kərimdir, kişi, qorxma, heç qorxma... Mən elə bu gün təkid elərəm ərizələr tamam olar, inşallah iş də düzələr, arxayın ol... Ancaq sən bir əlli manat hazır elə, görək nə təhər olur...
Cabbar bəy. Paaa, bu olmadı ki... Əhməd bəy, sənin canın üçün yanımda bir üçlügüm var, bilmirəm necə olacaq.
Əhməd. Sənə doğrusun deyim, Cabbar bəy, bizim bu Cahangir bəy üç manatlıq ərizə yazan deyil... Amma çünki artıq millətpərəstdir, ona görə ümid var onu bir növ razı edəm... Amma sən də bir dürüst cibini axtar, gör bir üç manat da tapa bilərsənmi, mabaqisi sonra da çata bilər...
Cabbar bəy. Bayaq dedim, mən var-yoxumdan keçmişəm ancaq dərdimə dərman tapılsın. Vallah, Əhməd bəy, bu saat yanımda üç manatdan artıq tapılmaz, hərgah olsaydı müzayiqə etməzdim... Cahangir bəy məni başına çevirsin, dərdimə əlac eləsin...
Əhməd. Sən o barədə arxayın ol... Bu kitabları görürsən? Dərdlər dərmanı tapılmaz məgərinki bu kitabların içində... Anan ölsün kitab yazan!.. Bunda nə ağıl varmış! Başına dönüm, belə zad olmaz ki! Pəh! Pəh! Pəh!
Məşədi Tağı (daxil olur). Salam əleyküm.
Əhməd və Cabbar bəy. Əleykəssalam
Əhməd. Buyurun əyləşin... Yuxarı buyurun... Belə buraya buyurun, bax buraya.
Məşədi Tağı. Elə bura da yaxşıdır, zəhmət çəkməyin... Yer yerdir, təfavütü yoxdur. (Əyləşib.) Görəsən Cahangir bəy evdə varmı?
Əhməd. Bəli, evdədir, bu saat çıxar.
Məşədi Tağı. Çox yaxşı oldu... Mən xarabakəndliyəm, adım Məşədi Tağı Mikayıl oğlu... Bizim bir elə işimiz düşübdür ki, Cahangir bəydən sivay ona əlac eləyən olmaz; elə onu deyib gəlmişəm... Ola bilməz ki, bir adamdan ötrü tamam obanı kor qoyasan... Canım, qudurmuş it kimi ötəni-keçəni qapır... Neyləyəsən? Canımızı boğazımıza yığıb, dəxi tab eləyə bilmirik, vəssalam, axır söz...
Əhməd. Hmm... Bir balaca başa düşdüm. Ərizə yazmaq gərək, özü də xəlvət, adsız... Onun dədəsinə Cahangir bəy bir od vursun ki, tüstüsü asimana bülənd olsun... Bir badalaq lazımdır, özü də çox balaca, təpəsi üstə dəysin yerə, beyni burnundan gəlsin... Belə deyil, məşədi?
Məşədi Tağı. Elədir, başına dönüm... İnanın, qardaşlarım, vallah, billah, mən indiyə kimi tamam ömrümdə fasıqlıq eləməmişəm, bir kəsin bədbəxtliyinə səbəb olmamışam. Bu iş özgə işdir... Qeyrət, namus əldən gedib, arvad çəkib aparır, məlun oğlu, zarafat deyil. Adamın az qalır bağrı çatlasın!
Əhməd. Paho! Yəni elə işlər də var? İndi hünərin var gəl Cahangir bəyin yanında “qeyrət, namus getdi” adı sək... Vallahi, deyirəm, kişinin az qalar bağrı çatlasın... Mən bir belə millətpərəst adam görməmişəm... Allah onun ömrün uzun eləsin, müsəlmanlara çox görməsin.
Cabbar bəy. Amin, amin, amin, yarəbbülaləmin.
Məşədi Tağı. Onun millətpərəstliyi aləmə məşhurdur... Bəs mən nədən ötrü gəlmişəm, buraya, özgə yerə getməmişəm?
Cahangir bəy (daxil olur, qonaqlar ayağa dururlar). Əyləşin, salam əleyküm, xoş gəlmisiz.
Əhməd. Sizə ərz elədiyim Cabbar bəy bu kişidir. Allah xatırın mənzur edib, gərək siz bu bəyə lazımınca kömək edəsiniz, işlərinə kargüzarlıq buyurasız.
Cabbar bəy. Başına dönüm, dəxi bilmirəm, mənə rəhm eləyin, yazıq olmuşam.
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-pehlivanani-zemane-evvelinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Salam əleyküm, ağa Dərviş! Oğlan, nə dərin fikrə getmisən?– Əyləş, kərbəlayı! Atam, bilirsən nə var? Səndən bir neçə sual edəcəyəm, ümidvaram ki, dürüst cavab eşidəcəyəm.
Balaca mütəfərriqələr 26– Genə nə fikrə getmisən, ağa Dərviş? Bəs deyil? Məgər bilmirsən ki, el dərdi çəkənin gözlərinə qan damar? Özünü nə üçün öldürürsən, atam?– Kərbəlayı, bağışla məni, bu məsələ köhnə məsələdir və insana layiq deyil. Hər kəs el dərdi çəkməsə, müsəlman qardaş məni əfv etsin, adına öküz demək olar. Yaddan sənə yar olmaz. Əfəndim, çağır ellərin gəlsin...
Balaca mütəfərriqələr 27Neçə kəlmə söz üzvlərimizə**Nuri-didələrim! Neçə gündən sonra təşrif aparacaqsınız Peterburqa. Gediniz, Allah sizə yaxşı yol versin, xudavəndi-aləm sizə yar olsun! Yolunuz uzaqdır, əfəndilərim, işiniz ağır zəhmətli. Gözümüz yolda, nicatı sizlərdən gözləyirik. Yüz ilin ərzində rus məmləkətində bir elə tayfa olmayıbdır ki, onun ixtiyaratı əlindən alınsın, o mərtəbədə nə qədər ki biz bədbəxt həmişə dövlətə müti müsəlmanıq. Ona görə zəhmətiniz həddindən ziyadə olacaq. Əvvəla o köhnə torlara ki biz düşmüşük, parə-parə etməlisiniz. Saniyən, təzə ixtiyarat tələb edib almalısınız. Bu işlərdə nə qədər fikirlər lazım!.. Zəhmət, cidd-cəhd lazım... Siz orada nə etməyi cürət edib ərz qıla bilməm. İş işi göstərəcək. Ancaq yəqinimdir ki, orada cəmi üzvlərimiz labüd gərək toplaşsınlar. Qeyri cürə ola bilməz, çünki cəmi xalqımızın dərdi müştərəkdir. Cümlənizin sədası bir gərək. Xudanəkərdə ayrılıq olsa, işlər zaydır. Gediniz mərdü mərdanə! Giriniz mərdü mərdanə meydana. Dua-sənadan sonra ərz edirəm:
Balaca mütəfərriqələr 28– Salam əleyküm, ağa Dərviş! Oğlan, genə də ovqatını təlx, əhvalını pərişan görürəm. Yəqin isti səni bu halətə salıb...– İsti nədir, qeyri nədir, kərbəlayı, səhv etmə. Müsəlman qardaşlarımızın kəsaləti, camaat işinə kəmmeyl olmağı məni bu hala salıb. İctimai işdə özümüzü kənara çəkib insafın, vicdanın başından basıb, “bizə nə borc” – deyib sakit əyləşirik! Bu zəmanədə dünya işindən xəbərdar olan kəs deyə bilərmi ki, məndən ötdü, qonşuma dəydi, elə bildim ki, saman çuvalına dəydi. Bu gün qonşuna dəyən ox, sabahdan sənə dəyəcək, qardaşım.
Başqa şairlərin şeirləri
Zahid ki, məscid içrə öziçün məkan tutub,Bayquşdu kim, xərabə ara aşiyan tutub.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,