Səhifə 3 / 3 · 67%

Cahangir bəy. Əhməd, Qotur Paşadır gələn. Sən öləsən qaçmaq gərək. (Qaçırlar.)

Paşa (daxil olub). Getdim kabab iyinə, gördüm eşşək dağlanır... Tfu sənin içinə, a bəxt! (Çağırır.) Ağa mirzə Cahangir bəy! Qaçıb gizlənmək ilə adamdan əl çəkməzlər. Qadon alım, bəri çıx, bəri çıx, yoxsa vallahi dünyayi-aləmi yığaram buraya... Camaat, görün heç yolkəsən, quldur belə iş elərmi?! İki yüz min manata dəyən neft yerini aldadıb bir doxsan yaşında qocadan alasan iki min manata, pulun da tamam-kamal verməyəsən?! And olsun Allaha, necə ki, ərz eləyirəm, belədir, bir kəlmə xilaf söz yoxdur. Aslan bəyin gözünə güllə vursam, genə ürəyim soyumaz. (Çağırır.) Ağa mirzə Cahangir bəy! Fəda olum sənə, ağa mirzə Cahangir bəy! Əstəğfürullah rəbbi və töbə. Lənət sənə kor şeytan ha, ha... Ağa mirzə Cahangir bəy, ay bizim ağa mirzə, başımızın sahibi!.. Cahangir bəy!

Əhməd (daxil olur). Nə var qoçaq, nə üçün bağırırsan? Bura ki meşə deyil... İstəyirsənmi peysərinə bir beş-on yol da şaplayım, elə düz gedəsən?..

Paşa. Cahangir bəyi buraya çağır, artıq hürmə!

Əhməd. Adın Qotur Paşa ola, belə hökumət işlədəsən? Qoçaqsan vallahi, dəxi nə deyim?!

Paşa. Adın Pişik Əhməd, ağan Cahangir bəy abbasiyə ərizə yazan, bəs bu forsun nədəndir, əzizim? (Təbəssüm ilə.) “Nə üçün bağırırsan”. Nə üçün bağırmayım? Öz qohumunun evin yıxıb mənilən bir yerdə yerini Aslan bəyə satdınız, o da mənə səkkiz yüz manat vədə elədi ki, mən mane olmayam, axırı necə oldu? Nə üçün vermirsiniz? Nə üçün mənim evimi Cahangir bəy tar-mar eləyir?

Əhməd. Axmaq-axmaq danışma, həpənd!

Paşa. Axmaq olmasaydım, qoyardım ki, doxsan yaşında qoca kişini aldadasız? Əlbəttə, axmağam... Mən çox işlər bilirəm, ancaq hələ axırını gözləyirəm...

Əhməd. Bilirsən, Paşa, nə var? Biz, qardaş, bir yerdə çörək kəsmişik, məsləhətə xəyanət yoxdur... Aslan bəy bir abrozovannı oğlandır, o işini möhkəm aparıb. Heç zad eləyə bilməzsən. Qoy biz bir şey edək, buradan dur gedək Şeytan Qulunun yanına, ona da bir şey vədə edək, o işimizi düzəltsin, vəssalam... Mən deyərəm ki, Paşa prokurorun yanına getmək istəyir... Heç fikrə getmə, Paşa, sən öləsən, bu canım ölsün ki, bundan qeyri bir əlac yoxdur. Bəri gəl gedək.

Paşa. Elə bilirsən, getməyəcəyəm? Vallah, billah, hərgah Aslan bəy vəd elədiyi səkkiz yüz manatı verməsə, qocanı aparacağam düz prokurorun yanına. Özü bilsin. Babamı öldürmüşəm ki, goruna and içim?.. Verməsə, “qaradovoy” deyib beş saat bağıracağam, aləm tökülsün, üstümə...

Əhməd. Heç zad lazım deyil. Bir əlli-altmış manat verərsən mənə, mən də işi düzəldərəm... Bəri gəl gedək. Buyur, ya Allah... Mənə Əhməd deyərlər. Gör nə büsat açacağam, özün də mətəl qalasan. Buyur, buyur... Buyur deyirəm sənə. (Gedirlər.)

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Balaca mütəfərriqələr 25

– Salam əleyküm, ağa Dərviş! Oğlan, nə dərin fikrə getmisən?– Əyləş, kərbəlayı! Atam, bilirsən nə var? Səndən bir neçə sual edəcəyəm, ümidvaram ki, dürüst cavab eşidəcəyəm.

19061 dəq
Balaca mütəfərriqələr 26

– Genə nə fikrə getmisən, ağa Dərviş? Bəs deyil? Məgər bilmirsən ki, el dərdi çəkənin gözlərinə qan damar? Özünü nə üçün öldürürsən, atam?– Kərbəlayı, bağışla məni, bu məsələ köhnə məsələdir və insana layiq deyil. Hər kəs el dərdi çəkməsə, müsəlman qardaş məni əfv etsin, adına öküz demək olar. Yaddan sənə yar olmaz. Əfəndim, çağır ellərin gəlsin...

19062 dəq
Balaca mütəfərriqələr 27

Neçə kəlmə söz üzvlərimizə**Nuri-didələrim! Neçə gündən sonra təşrif aparacaqsınız Peterburqa. Gediniz, Allah sizə yaxşı yol versin, xudavəndi-aləm sizə yar olsun! Yolunuz uzaqdır, əfəndilərim, işiniz ağır zəhmətli. Gözümüz yolda, nicatı sizlərdən gözləyirik. Yüz ilin ərzində rus məmləkətində bir elə tayfa olmayıbdır ki, onun ixtiyaratı əlindən alınsın, o mərtəbədə nə qədər ki biz bədbəxt həmişə dövlətə müti müsəlmanıq. Ona görə zəhmətiniz həddindən ziyadə olacaq. Əvvəla o köhnə torlara ki biz düşmüşük, parə-parə etməlisiniz. Saniyən, təzə ixtiyarat tələb edib almalısınız. Bu işlərdə nə qədər fikirlər lazım!.. Zəhmət, cidd-cəhd lazım... Siz orada nə etməyi cürət edib ərz qıla bilməm. İş işi göstərəcək. Ancaq yəqinimdir ki, orada cəmi üzvlərimiz labüd gərək toplaşsınlar. Qeyri cürə ola bilməz, çünki cəmi xalqımızın dərdi müştərəkdir. Cümlənizin sədası bir gərək. Xudanəkərdə ayrılıq olsa, işlər zaydır. Gediniz mərdü mərdanə! Giriniz mərdü mərdanə meydana. Dua-sənadan sonra ərz edirəm:

19061 dəq
Balaca mütəfərriqələr 28

– Salam əleyküm, ağa Dərviş! Oğlan, genə də ovqatını təlx, əhvalını pərişan görürəm. Yəqin isti səni bu halətə salıb...– İsti nədir, qeyri nədir, kərbəlayı, səhv etmə. Müsəlman qardaşlarımızın kəsaləti, camaat işinə kəmmeyl olmağı məni bu hala salıb. İctimai işdə özümüzü kənara çəkib insafın, vicdanın başından basıb, “bizə nə borc” – deyib sakit əyləşirik! Bu zəmanədə dünya işindən xəbərdar olan kəs deyə bilərmi ki, məndən ötdü, qonşuma dəydi, elə bildim ki, saman çuvalına dəydi. Bu gün qonşuna dəyən ox, sabahdan sənə dəyəcək, qardaşım.

19062 dəq

Başqa şairlərin şeirləri