Səhifə 2 / 2 · 50%

Gülbahar xanım. Səadət, insaf məqamında sənin atan mənim atam ilə düşməndilər, sənin atan mənim əmilərimi nahaqdan diyarbədiyar saldı... Mənim atam sənin qardaşını öldürdü, sənin atan mənim atamı, belədir? Üç qan bunlar elədilər, bir qan mənim atam. Görək bundan sonra Fəxrəddinin taxsırı nədir?! Sən istəyirdinmi ki, Fəxrəddini!.. Oy, dilim-ağzım qurusun, Allah!

Səadət xanım. Fəxrəddinin başından bir tük əskik olunca, mənim iki gözlərim kor olsun! Gülbahar, Allah xatirinə gödək danış görüm, təzədən qəza başımıza nə gətirmək istəyir?

Gülbahar xanım. Bu saat mən eşitdim, Allah heç bacılara göstərməsin... Rüstəm bəy nökərlərilə məsləhət gördülər ki, bir qaranlıq gecədə gedib mənim atamın evini yandırsınlar və çölə çıxanı gülləbaran eləsinlər... Fikirləri Fəxrəddini öldürməkdir... Fəxrəddin üç ay deyil Almaniyadan gəlibdir, mən onu görməmişəm... Belə zülm olarmı ki, bunlar başlamaq istəyirlər?!

Səadət xanım. Bu oldu çətin məsələ. Allaha pənah, ağlamaq məqamı deyil, belə işlərdə fikir lazımdır.

Gülbahar xanım. Qorxuram biz onları xəbərdar edənəcən iş-işdən keçə... Əgər məsləhət görürsən, mən özüm qaçım xəbərə.

Səadət xanım. Uşaq olma, səbr elə, bu saat. (Səktə) Hürü nənə, ay Hürü nənə. (Çağırır.) Ancaq təvəqqe edirəm rəftarında təğyir olmasın və özünü arxayın saxlayasan. Eşidirsənmi?

Hürü (daxil olub). Belə nə var, Hürü nənə sizə qurban?

Səadət xanım. Yaxın gəl, Hürü nənə (yavaşdan), bir çətin işə düşmüşük, dərdimizə əlac, əgər bizi istəyirsən.

Hürü. Nə səni, nə Gülbaharı, bax, bircə belə də istəmirəm. Fəxrəddin yadına düşüb, bilmirsən nə pəstaha açasan!

Səadət xanım. Hürü nənə, zarafat yeri deyil; bir xatalı işə düşmüşük, səndən savay kömək yerimiz yoxdur.

Hürü. Bircə canım var, o da sizə qurbandır. Səadət xanım, bax Gülbaharı bu əmcəklərimlə bəsləmişəm, Fəxrəddini çiynimdə böyütmüşəm; sən də ki, Fəxrəddinin yarısan, səni onlardan da artıq istəyirəm.

Səadət xanım. Mən onu çoxdan bilirəm, ancaq bəri bax, Hürü nənə, bu saat evdən xəlvət çıxarsan düz Fəxrəddin bəyin yanına. Təkcə özünə deyərsən ki, bizim qırılmışlar sözü bir yerə qoyublar ki, gedib onların evlərini bir qaranlıq gecədə yandırsınlar və çölə çıxanı gülləbaran eləsinlər. Və bu işdən ötrü Cahangir bəyi də köməyə çağırmaq istəyirlər. Fəxrəddindən təvəqqe eləyirəm bu xaraba vilayətdən baş götürüb getsin, qalmasın bu dağılmışda... O ki qaldı mənə, mənim fikrimi çəkməsin, onun hər yerdə olsa, salamatlığı məndən ötrü kifayətdir, mən ölənəcən bivəfalıq eləməyəcəyəm, nə qədər canım sağdır, bu canımı onun yolunda qoymuşam... Amma, Hürü nənə, bax, Allah xatirinə bu xəbəri bir kimsə gərək bilməyə! Fəxrəddinə deyərsən. Aman günüdür, bizi bəlaya salarsan, atam bilsə əvvəl bizi qırar... Dürüst fikrində saxla!..

Hürü. Arxayın ol, bilsəm ki, məni tikə-tikə doğrayacaqlar, ətimi şişə çəkəcəklər, genə demərəm. Özüm də gedəcəyəm, başınıza dönüm. Bu iki qocalar – biri sənin o mürdəşir üzün yumuş atan, biri də o Mələk xanım imansız, iki xanimanı tar-mar eləmək istəyirlər.

Gülbahar xanım. Hürü nənə, canım sənə qurban, danışmaq yeri deyil, aman günüdür, özünü tez yetir Fəxrəddinə.

Hürü. Gündüz getmək olmaz, gərək gecə tamam obanı yuxuya verib, ondan sonra gedim. Bürünərəm yapıncını, başıma basaram papağı, əlimə allam çomağı, düzələrəm yolun ağına. Əlac nədir, axşama da bir zad qalmayıb.

Səadət xanım. Bu yaxşı məsləhətdir... Bir də Hürü nənə, Fəxrəddinə deyərsən ki, gör nə məqamdır ki, beş il ayrılıqdan sonra mən dübarə onunla ayrılmaq istəyirəm... Beş il gözlərimi dikmişdim onun yoluna, indi qəza bizi dübarə ayırmaq istəyir. Əlac nədir... Hər zülmə, cəbrə tab elərəm, ancaq Fəxrəddin salamat qalsın... Mən öz atamın xasiyyətinə bələdəm, öz höcətliyin o yeridəcək. Fəxrəddin buradan getsin, qalmasın. Bu xaraba vilayətdə insaf qalmayıb, mürüvvət qalmayıb, əlavə Hürü nənə, Fəxrəddinə deyərsən ki, məni görməmiş getməsin... Vay fələk!..

Gülbahar xanım. Hürü nənə, gətir ayaqlarından öpüm ki, gedib atamın xanimanına dəyəcəkdir, gətir ağzından öpüm ki, gedib Fəxrəddini öpəcəksən. (İstəyir öpsün)

Hürü. Sən də bir yavaş görüm, ay qız! Bircə bu kişiyə deyən gərək, ay biiman! Bu Fəxrəddin haman Fəxrəddindir ki, qızın Səadəti altı-yeddi il oxudub, tamam vilayətin gözü eləyib, indi bu da onun əvəzidir, ay biiman, a başı batmış?! Hərgah Səadət bu qədər oxumaseydi, o da olardı bizim tayımızın biri. İndi, bax gör ki, Səadət dildən-ağızdan düşmür. Səadət üstə camaat az qalır bir-birin qırsın, ay səni görüm öləndə dilin lailahəilləllah tutmasın! Səadəti bu məqama yetirən Fəxrəddin deyil? Tfu! Yox olasan sən, murdar olasan sən! Yandım töküldüm!..

Mahmud bəy (daxil olub). Nədir yenə, a Hürü qarı, dərvişlik eləyirsən?!

Hürü (üzün tutmuş qızlara). Vallah deyəcəyəm... Məni öldürsəniz də deyəcəyəm.

Mahmud bəy. De, de, Hürü nənə, qorxma, nə olub?

Hürü. Nə olacaq, dəli qudurmuş atan təzədən genə çarxı xoruz kimi girib meydana, qoymaz görək dərdimiz nədir?

Mahmud bəy. Əhvalatdan xəbərdaram... Ancaq qorxmaq lazım deyil, mən ölməmişəm ki, qoca təzə müsibət gətirə bilsin bizim başımıza... Elə fikirləri mən pozaram, qoymaram əmələ gələ; arxayın olun.

Səadət xanım. Qardaş, biz heyvan deyilik, bizə insan deyirlər. İnsan olan kəsdə məhəbbət gərək, insaf gərək, mürüvvət gərək... Atamızın bir ayağı qəbirdədir, lazımdır ki, biz mane olaq onun vəhşi işlərinə. Nə olubdur axır, bəs deyil?!.

Gülbahar xanım. Allah xatirinə, məqdur, köməyi müzayiqə eləməyin. Qardaşlarım cavandır, rəhm eləyin, Şahmar da dəlidir, xəta çıxar.

Mahmud bəy. Təşvişə düşmək lazım deyil. Əvvəla, mən qoymaram bir kəs o qapıya getsin. Hərgah mənim sözümə baxmayıb getsələr, mən özüm də gedərəm, o qəsdlə ki, qoymayım bir adama zərər yetişə. Dürüst arxayın ol, vəssalam.

Hürü. Vallahı, ay Mahmud bəy, hərgah Fəxrəddinin başından bir tük əksik olsa, and olsun əziz Allaha, mən bu əllərimlə sizin yurdunuzu tar-mar eləyəcəyəm; bir od vuracağam bu xarabaya, tüstü aləmi götürsün... Xalqı sənin atan yaratmayıbdır ki! Nə istəyirsiniz?

Mahmud bəy. Hay qara nər, qoçum Hürü nənə!.. Bəri gəlin, axmaqlar... Mən ölməmişəm ki, siz təşvişə düşürsünüz! Qoca kişidir, danışar, danışar, yorulub oturar yerində. Bəri gəlin, gedək bağçaya. (Səadəti, Gülbaharı qucaqlayıb aparır, gedirlər.)

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Balaca mütəfərriqələr 45

Keçən pəncşənbə günü dövrədən mənzilə qayıdan zaman bəndəyə bir cənab rast gəlib mənə hücum etdilər.– Ağa Dərviş! Nə tutmusan bizim yaxamızdan, qardaş, əl çəkmirsən? “Uşaqlarınızı oxudunuz, nicatımız elmdədir” – deyərək bizi təngə gətirdin... Atam, bəs deyilmi?!

19112 dəq
Balaca mütəfərriqələr 46

– Yenə nə olub, ağa Dərviş, əhvalını pərişan görürəm?– Əhvalım pərişandan pərişandır. Bu gecə sübhədək yatmamışam. Ancaq göz yaşına elə güc vermişəm.

19112 dəq
Balaca mütəfərriqələr 47

– Kərbəlayı, qardaşım! Buyurursan ki, dərviş yenə dəli olub, ağzına gələni danışır. Qulaq as, atam, görüm sən də dəli olarsan, olmazsan! Bu günlərdə bir alicənaba rast gəlib sual etdim: ağacan, qlasnılar intixabı yaxınlaşır, halınızı pərişan deyirlər, doğrudurmu? “Bu işlərə mən qarışmıram və qarışmayacağam da”, – deyib ağam özünü vurdu kantora... Dayandım... Fikrə getdim... Ciyərim odlandı. Üz qoydum bazara... Rast gəldim bir qeyri-cənaba. Ərz elədim: ağacan, qlasnılar intixabı yaxınlaşır, fikriniz nədir? Ağamın cavabı belə oldu: “Cəhənnəmə yaxınlaşsın, gora yaxınlaşsın... İntixab bir yol olar, iki yol olar, nəinki... Təngə gəlmişik, mən bu işə yaxın durmayacağam, canları çıxsın!” Bu sözləri deyib mindi faytona. Afərin bu cavaba, – deyib mən də uzaqlaşdım... Rast gəldim bir nəfər əhli-ürfana. Başladım şikayəti ruzigardan...– Ağa Dərviş! Əmin-amanlıqdan dəm vurursan, əfəndim... Məgər bizim sözümüzə baxan var! Nahaq zəhmət çəkmə, ağa Dərviş, bizlərdən adam olmaz!

19112 dəq
Balaca mütəfərriqələr 48

– Kərbəlayı, doğru buyurursan, keçən vaxtlar mən də bazara, dükan qabağına çıxıb yanıqlı qəsidələr oxuyurdum. Camaat yığılırdı başıma, mən də səslənirdim:Qonşu köçdü, biz qaldıq,

19112 dəq

Başqa şairlərin şeirləri