Səhifə 1 / 2

Vaqe olur Fəxrəddin bəyin mənzilində. Gecə Fəxrəddin bəy əyləşib səndəli üstə, qabağında miz, miz üstə bir cüt yanan şam, dəftərlərə baxır.

Fəxrəddin bəy (tək). Mənim ağlım heç kəsmirdi ki, karixeyirlər, bizim molla demişkən, bu tezliklə tamam oleydilər. Allah qoysa, bir üç-dörd ilin içində bağ da hazır olar və onun mədaxili məktəbxanaya və azarxanaya kifayət elər; məndən artıq xərc istəməz... Sonra... Səadət xanım qolları çirməkli, dəstə haçar belində, gecə-gündüz əlləşməkdə, cənab Fəxrəddin bəy də özü həmi bağban, həmi dirrikçi, həmi məktəbdə müəllim... Pis ömr deyil, hərgah qəza bivəfalıq etməsə. Görək, Allaha pənah! (Səktə.) Hacı Murad! (Çağırır. Hacı Murad daxil olur.)

Hacı Murad. Nə buyurursunuz, ağa?

Fəxrəddin bəy. Nə var, nə yox, Hacı Murad? Həkim mənzilindən razıdırmı? Mollanın kefi necədir?

Hacı Murad. Molla uşaqlarla dərsdən sonra uşaq kimi oynayır. Həkim mənzilindən çox razıdır, ələlxüsus övrəti. İnək də ki, gəlibdir; şadlıqlarından bilmirlər nə eləsinlər... Molla çox yaxşı oğlandır.

Fəxrəddin bəy. Çox yaxşı, təhəng çubuqları da ki, vüsul oldu.

Hacı Murad. Bəli, ağa, iki ərəbə, çox təmiz çubuqlar.

Fəxrəddin bəy. Çox pakizə. Sübh tezdən hamısını basdırarsan. Nə qədər fəhlə lazım olsa, bağbana deyərsən gətirsin, əlavə şagirdlərin hamısını çıxardarsan köməyə. Çubuqları artıq saxlamaq yaxşı deyil...

Hacı Murad. Baş üstə, ağa, molla özü hazırlaşıb əlləşməyə. Sabah Allah qoysa, qurtarrıq. Hava da bozdur; bu dəxi yaxşıdır.

Fəxrəddin bəy. Çox gözəl. Gecə keçib, get rahat ol... Sübh tezdən durmaq gərək.

Hacı Murad baş vurub gedir.

Fəxrəddin bəy (tək). Hər iş öz yolundadır, şükür Allaha... İndi bir qalıb Rüstəm bəylə barışmaq. Bilmirəm onu nə tövr eləyəcəyəm. Dünyanın hər bir işi cəngi-məğlubədir; amma vəhşi nadanlıqla cəng etmək mümkün deyil. Neyləmək? Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu...

Mələk xanım və Şahmar bəy daxil olurlar.

Mələk xanım (əyləşib). Bu gün dünya başıma aylanıb; heç yerdən qalxa bilməmişəm, xəbərim də səndən olmayıb, ay oğul.

Fəxrəddin bəy. Çox əcəb oldu ki, təşrif gətirdiniz. Şahmar, gəl otur görək... Ana, ola bilərmi ki, Gülbaharı bura gətirdəsən, yazıqdır, bilmirsən mənim könlüm nə mərtəbədə onu istəyir! O biçarə, yəqin ki, dəxi artıq bura gəlmək istəyir.

Mələk xanım (qolun tutub). Uff, uf, uf!..

Fəxrəddin bəy. Nədir genə ufuldayırsan?

Mələk xanım. Nə bilim a başına dönüm, elə ki bir az hava dəyişir, tamam yaralarım sızıldaşırlar. Gülbaharın anası ölsün, onu qoyarlarmı buraya gəlsin? Elə bu sızıldayan yaralarım Gülbaharı aparan vaxt vurulan yaralar deyilmi? Zalım uşaqları başıma nə qədər tatarı vurdular, qızdan əl çəkmədim, elə dilimlə çığırırdım: “Heydər, Heydər!.. Məgər qəbrin çatlamır?”. Sonra başladılar xəncər ilə məni doğramağa.

Fəxrəddin bəy. Bilirsən nə var, ana? Belə namərbut hərəkət ancaq bizim bu xaraba vilayətdə baş verə bilər və adına vəhşilik, nadanlıq deyirlər. Neyləmək gərək? Mən hərgah bilsəm ki, Gülbahar bu saat özünü bədbəxt hesab eləmir və yaman-yaxşı dolanır, keçərdim, işdir olubdur.

Mələk xanım. Nə söyləyirsən, oğul? Gülbaharı sən binamus hesab eləyirsən ki, düşmən evində özünü xoşbəxt hesab eləsin? Onun cürəti nədir!

Şahmar bəy. Pəh, pəh,pəh!.. Əcəb söz eşitdik! Bu da bizim oxumuş, sahib-kamal qardaşımız... Yaxşı, bir mənə de görüm ki, bir qızın atasını öldürələr, evlərini basıb, anasına beş yerdən yara vurub, özünü cəbrən aparalar, o deyə bilərmi ki, mən xoşbəxt olmuşam?

Mələk xanım. Oğul, atanın canı ağzından çıxanacan “Fəxrəddin, Fəxrəddin” deyib çağırdı. Güllə dəyəndən sonra onun dırnaqları ilə kotan kimi eşdiyi yeri görsəydin, ağzından bir qarış çıxan kömür kimi qaralmış dilin görsəydin!.. Uy Heydər, uy Heydər!.. Məni köməksiz qoyub gedən Heydər! Gözlərim kor oleydi, səni o halda görməyəydi.

Fəxrəddin bəy. Xudaya! Gör biz müsəlman necə bədbəxt, vəhşi, nadan tayfayıq ki, bir nahaq, bimənə işdən ötrü bu mərtəbədə müsibətlər, düşmənçilik bəhəm eləmişik. (Səktə.) Vallahı, deyirəm belə hərəkətlərə dürüst fikir verəndə, belə görünür ki, guya biz müsəlman tayfaların üstə göydən lənətnamə yenib ki, işığa çıxa bilməyəcəksiniz, həmişə zülmətdə qalıb, vəhşi nadanlıq gücü ilə bir-birinizi tələf edəcəksiniz... Aşkar görürəm sübut uzaqda deyil... Mən buraya gələn üç ay deyil, bu üç ayın ərzində iki yüz adam, dəxi də artıq, elə bizim ətrafda bir-birini tələf ediblər. Məgər bu vəhşi nadanlıqdan deyil? İnsaf yox, mürüvvət, qanacaq, tərbiyət yox, məgər şəriət bizə göstərən yol budur? İnsaf məqamında durun. Anacan, qardaşım, axır mənim atam Rüstəm bəyin cavan oğlunu tikə-tikə eləmişdi! Necə ki, atamın müsibəti bizi yandırır, elə də Rəşid bəyin ölümü atasını, qardaşını yandırır... Siz nə insaflan işə bir göz ilə baxırsınız?!

Şahmar bəy. Çox yaxşı, tutaq bu oldu əvəz-əvəz... Bəs bizim əmilərimizi ki, Rəşid onların bir barmağı olmazdı, hərəsi yüz atlıya bərabərdi, kim diyarbədiyar saldı? Əlavə, ana, bir aç başını (Mələk xanım başını açır.) Bu yaralara nə deyirsən? Yox, qardaşım, yox! Fəxrəddin, belə deyil.

Fəxrəddin bəy. Ona mən deyirəm “əlaməti-vəhşilik, heyvanlıq, nadanlıq”. Artıq nə deyə billəm?! Buyur görək, əmilərim qaçaq-quldur saxlamayaydılar, oğurluq elətdirməyəydilər, ağızların fərağat qoyaydılar, öz kasıblıqlarına məşğul olaydılar, belə müsibətə düçar olmayaydılar, vəssalam... Aşkar işdir, burada bir höcət ola bilməz.

Mələk xanım. Oğul, oğul! Beş il üzü qibləyə namaz qılıb, Allahı çağırıb, yolunu gözləmişəm; indi sən də belə? Yoxsa, oğul, səni yoldan Səadət çıxardıb?

Fəxrəddin bəy. Sözün var, söz danış, qəlbə dəymək nə lazım... O şeyləri ki, mən sizə burada deyirəm, onu Səadət də yəqin orada deyir. Ancaq başa düşmək gərək. Əlavə məgər mən, ya Səadət müqəssirik ki, bu vəhşi tayfa içində yaranmışıq? Müqəssirik ki, camaat qudurmuş heyvan kimi bir-birini qapır və nədən ötrü? Bir qarış yerdən ötrü, yanımdan keçdin, mənə salam vermədin – ondan ötrü... Bunlar hamısı vəhşilikdən və nadanlıqdan və həmçinin xainlik, göz götürməməklik... Anam, qardaşım, barı siz mənə əziyyət verməyin, Allah xatirinə!.. Onsuz da məni müsəlman qardaşların nadanlığı qəm dəryasına qərğ eləyir. Məgər cəmi müsəlmanın dərdi mənim üçün kifayət deyil?! Bircə buyurun görək, cavan Rəşid bəyin taxsırı nə idi ki, onu mənim atam doğramışdı? Hərgah Rüstəm bəy ilə atam düşməndi, Rüstəm bəyin özünü öldürəydi, nəinki cavan oğlunu.

Şahmar bəy. Qardaş, səndən elə sözlər eşitdim ki, sinəmə güllə dəysəydi, min pay ondan yaxşıydı! Dəxi sənə nə deyim? Mən elə qorxuram ki, Səadət xanımı da gətirib burada bizə calayasan.

Mələk xanım. Oğul, oğul! Bu sözləri bizim yanımızda danışdın, barı özgə yerdə danışma; bizi qorxaq, binamus hesab edib ayaq altında itirərlər... Oğul, canım sənə qurban, oğul, aman günüdür!

Fəxrəddin bəy. Sizin danışığınızdan belə məlum olur ki, guya bizim bu xaraba vilayətdə heç bir insan sifətində adam tapılmaz, zəmani ki, mənim insaflı hərəkətimi burada binamus hərəkət hesab edə bilərlər.

Şahmar bəy. Ay qardaş, Allah xatirinə, nə söyləyirsən, bizim yerlərdə insaf nə qayırır, mürüvvət nə qayırır? Xalq gücnən başın girləyir... Hərgah bilsələr ki, sən fəqir adamsan, dinc adamsan bir gün səni rahat qoymazlar öz evində yatasan, olub-qalanını aparıb adamı quru yurdda qoyarlar. Sən nə fikir eləyirsən? Uşaq deyilsən ki! Vallah, billah, tallah, inan qardaş, hərgah sən xəlvətdə Rüstəm bəyin nökərlərinin birisinə rast gələsən, o dəqiqə sənin başını qoyun başı kimi kəsərlər. Bunu yəqin bil.

Mələk xanım. Quran oxumaqlan donuz darıdan çıxmaz, oğul! Sən bu xarabanın işinə nabələdsən. Şahmar nə deyir, sən onun sözünə qulaq ver. Əlavə Səadət xanım barəsində pambığı qulağından bilmərrə çıxart. Hansı məlunun qızı deyil hərgah Səadət ayağın bu evə bassa, o saat özünü boğub öldürməyə, dinindən dönməyə. Özün bil, oğul.

Fəxrəddin bəy. Çox uzun danışdıq, kifayətdir... Mənim axır sözüm budur ki, mən cəllad deyiləm adam öldürəm, ya öldürtdürəm... Hərgah mənim özümü öldürmək istəyirlər, neyləmək, qoy öldürsünlər, mən bir can borcluyam. O ki qaldı Səadətə, onu məndən bir əcəl ayıra bilər... Sizdən çox təvəqqe eləyirəm ki, Səadət barəsində dəxi artıq bu evdə söhbət olmasın, kifayətdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Balaca mütəfərriqələr 32

– Yer üzünün cənnəti, bimisl gözəl vətən! Laləzar çəmənlərində, soyuq bulaqlarında, laylay çalan meşələrində bir qarış yer yoxdur ki, balaların orada şad olub, dərd-qüssəyə düçar olmasınlar! Baxınız Dağıstana, uca dağlara, insanı valeh edən tamaşaya, görüz nə hala düşüb! Məzlum, yetim sifətində, kasıb, əlsiz-ayaqsız, naçar ləzgi qardaş! Hanı sənin bir yaxşı mərdanə gəzən günlərin, at belində naz və cürətlə cədəl oynadan günlərin?! Qonaq qabağına şad-xürrəm çıxan günlərin?! Can qardaş! Bəs bir sən söylə görüm nə oldu, siz hansı bəlaya düçar oldunuz?– Köçən köçdü, qocalar getdilər, adət pozuldu, yerlər əldən çıxdı, insan sifətindən bizi çıxardılar... Dərdimiz çoxdur! Hansını söyləyim? Dini-islamın, şəriətin bir tək adı qalıb. Can qardaş! Yaralarıma sən od basdın, bu nə sual idi sən etdin?

19061 dəq
Balaca mütəfərriqələr 33

Bir amerikalının sualına cavab**Keçənlərdə “İrşad”da bir amerikalı müsəlmanlardan soruşmuşdur ki, həqiqət nədir? İştə cavabını ağa Dərviş verir:

19072 dəq
Balaca mütəfərriqələr 34

Badkubənin şiddətli istisi məni vadar elədi üz qoydum vətənə sarı. Orada bir balaca alaçığım da var idi. Dedim həm ziyarət, həm ticarət... Vaqondan düşdüm, əyləşdim dilicana... Yüz verst yolun tozu o mərtəbədə məni təngnəfəs etmədi, nə qədər ki ərrabə sürənlərin bəd hərəkətləri və nalayiq danışıqları... Atlarla tövlədə bəslənmiş adamlardan nə gözləməli?.. Varid oldum şəhərə, bərbad olmuş imarətləri gördüm, səbəbin evi elə-belə bərbad olsun, necə ki bu gözəl şəhər bərbad olub!.. Onunla belə bu bərbad olmuş şəhərdə gecə-gündüz fikrimdə olan qaydaları gördüm, şükürlər etdim...Cavanlarımız camaat işinə məşğul, balalarımız oxumaqda, məscidlər camaatla dolu... Şükür xudavəndi-aləmə!.. Bu şadlığımdan sonra... kaş... o “ticarət”... cəhətini açmayaydım, onda yəqin ki, ikinci vətənə şad-xürrəm qayıdardım. Nahaq yerə pul məsələsini gətirdim araya, əlac yox idi... Mən və qeyriləri nə qədər səy, təlaş etdik, mümkün olmadı... İlan yeyib, əjdaha olmuş ələlxüsus... Pah, pah, pah, onun həmşirəsi heç bir təklifimə yaxın gəlmədilər... Naçar qalıb iclas qurdum... Biri oldu dəstxoşçu, biri oldu kərbəlayı, biri məşədi, biri hacı, biri qızıltəkbənd... Kərbəlayı mərd-mərdanə buyurdular:

19072 dəq
Balaca mütəfərriqələr 35

Dərviş:– Salam əleyküm, kərbəlayı Pirverdi.

19072 dəq

Başqa şairlərin şeirləri