Vaqe olur Cahangir bəyin bağçasında. Cahangir bəy tüfəngə söykənib, bikef durub ayaq üstə.

Cahangir bəy. Uf, belə ömür keçirməkdənsə ölüb qurtarmaq yaxşıdır... Allahın bir bəlasıdır ki, düşmüşəm: yemək yox, içmək yox, bir dəqiqə bir yerdə fərağat oturmaq yox... Mal-dövlət tarac oldu getdi, özüm də düşmüşəm bu günə. Xudaya, mən nə günah eləmişdim ki, sən məni bu hala saldın? (Səktə.) Nə qədər özümə söz verirəm, Qurana, kitaba and içirəm ki, bundan sonra Səadət adı çəkməyəcəyəm, olmur... Dəli-divanə kimi gecə yarısından keçmiş, atlanıb gedirəm o ətraflarda gəzirəm, gəzirəm, yorulub axır nəfəs geri qayıdıram... Əgər bir neçə müddət də ömrüm belə keçsə, arzuma çatmasam, yəqin ki, buxovlanacağam. Neyləyim, Rüstəm bəy evini eləyib bir Qars qalası, yaxın getmək olmur ki, qızı güclən aparasan, ya ki, özün vurub öldürəsən?! (Uzun səktə) Nə olardı, xudaya, mənim bu divanə məhəbbətimin yüzdən biri Səadətdə olaydı. Hay-hay, hay-hay! Nə qədər Fəxrəddin bəy gəlməmişdi, mənim genə az-çox ümidim vardı, indi o ümidlərim də kəsilib, qalmışam naçar, biəlac... Tamam el-oba mənim adımı Məcnun qoyublar. Əlbəttə, mən divanəyəm. Hərgah divanə olmasaydım, Səadətə təəşşüq yetirməzdim... Mən hara, o hara?.. Səadətin məkanı asimanda gərək oleydi... Hurilər içrə Allah onu yaradıb mənim kimi divanə üçün xətavü bəla... Neyləyim, bilsəm ki, baş götürüb getsəm, bu bəladan xilas ola billəm, vallah elə bu saat itərəm; amma bilirəm ki, məqdurimiz bu gün gedib sabah geri qayıdacağam genə o qapıda sürünməyə. Nə qədər fikir eləyirəm, dərdimin əlacı bircə şeydir: gərək Fəxrəddin aralıqdan götürülə yoxsa ayaqyalın, başıaçıq, dərələrdə, təpələrdə Məcnunam ki, Məcnunam.

Fərhad və Məhərrəm daxil olurlar, təəccüblə Cahangir bəyə baxırlar.

Fərhad. Cahangir, nədir? Genə sir-sifətindən qan yağır, suya basılmış toyuğa oxşayırsan?! Yəqin genə o əhvalatdır səni bu günə salan!

Məhərrəm. Mən ölüm, Fərhad, bəri gəl, qayıdaq. Cahangiri bu halında görməkdənsə, görməmək yaxşıdır. Sağ olmuş, elə bil ki, xanzadələrin borcun bundan almaq istəyirlər.

Cahangir bəy. Əlbəttə, elə deyəcəksiz... Kotan nə bilir qayış nə çəkir?

Fərhad. Genə başlayıb rəhmətlik oğlu, buyur görək təzədən nə var?

Cahangir bəy. Məgər siz mənim dərdimi bilmirsiz, dəxi nə lazım soruşmaq.

Məhərrəm. Bu köhnə söhbətdir, Cahangir, təzədən nə var, onu buyur görək.

Cahangir bəy. Nə olacaq, Fəxrəddin bəy gəlibdir, ümid yerim kəsilib, vəssalam! Bundan artıq nə istəyirsən?

Məhərrəm. Ümid yerin kəsilib, sonra nə olsun? Evdə oturub dul arvad kimi zıqqıldamaqdan ələ nə gələr? İnsan gərək dərdinə dərman axtarsın, dərman tapa bilmədi, səbr eləsin, dözsün, dözə bilməz, boğazına bir çatı salsın. Zıqqıldamaqdan iş aşmaz.

Cahangir bəy. Necə ki, mən fikir eləmirəm, dərdimə dərman axtara bilmirəm? Gecə-gündüz belə çevirirəm, elə çevirərəm və nə qədər fikir eləyirəm, bir əlac tapmıram məgər indi mənim dərdimin əlacı Fəxrəddinin fot olmağı, yəni dərdimin əlacı insan qanıdır. İndi də deyirsiniz, deyin...

Məhərrəm. Mən bilsəm ki, sənin dərdinə insan qanı dərman ola bilər, vallahı mən elə bu saat əzrailliyi qəbul elərəm. Dərd odur ki, mən elə dərmana inanmıram.

Fərhad. Cahangir, mən ölüm, doğrusunu de, qızın sənə heç bir az meyli var, ya yox? Onunla bu barədə danışmısanmı? Yoxsa elə uzaqdan-uzağa Məcnun olmusan?

Cahangir bəy. Nə qədər məgər sifariş eləmişəm... Cavabı həmişə birdir: “Mümkün deyil, məndən inciməsin”. Bir dəfə yolda görmüşəm, cavab verdi ki, zülmə razı olma. Hərgah o fikrə düşsəniz ki, güclə iş əmələ gələ, o da nahaqdır, çünki mümkün olan şey deyil. Nitqim kəsildi, artıq söz deyə bilmədim, yola düşüb getdilər. Yerimdən bir saat tərpənə bilmədim, dallarınca heyran-heyran baxdım, gözlərimdən yaş biixtiyar nisan kimi töküldü. Uf!..

Məhərrəm. Mən sənin yerinə olsam, Cahangir, əhvalatı düz Rüstəm bəyin özünə deyərəm və qandıraram ki, qızın Rəşid bəyi doğrayan Heydər bəyin oğluna qoşulub qaçmaq istəyir, onda bəlkə...

Cahangir bəy. Paaa, heç bir fənn qalıbdır ki, işlətməmiş olam... Nə molla, nə dərviş, nə seyid, nə cadu, nə pitik!.. Canımı, malımı tar-mar eləmişəm. Rüstəm bəyin özünə qandırdım, o zalım oğlu gör mənə nə cavab verdi: “Mənim qızım bir artıq oxumuş qızdır, sənə yaramaz. Sən bir çölçü babasan. Sənə bir kasıbfəndi qız gərək, hər kimin qızın istəyirsən, gedim bu saat alım”.

Fərhad. İndi biz nə edək? Qız razı deyil, atası razı deyil. Evləri Qars qalası. Bəs nə tövr olsun?

Cahangir bəy. Aman günüdür, qardaşlar, əgər bacarsanız müzayiqə eləməyin... Məhərrəm, Məhərrəm. Heç fikrə getmə, sizdən savayı kömək yerim yoxdur.

Məhərrəm. Sən, Cahangir, qəribə adamsan, vallahı! Mən necə fikrə getməyim ki, Rüstəm bəy evini eləyib bir əlçatmaz qala, Fəxrəddin bəy həmçinin... Əlavə, tutaq ki, elə biz qadir olduq Fəxrəddin bəyi öldürməyə, sonra nə olsun? Cahangir, qardaşım, acığın tutmasın, axır sən elə yerdən tutmusan ki, mümkün olan şey deyil. Səadət xanım deyəndə, bir padşaha layiq qızdır, sənin, mənim tayımız deyil. Axır nə lazım olub bir bitməyən işin dalına düşək?!

Cahangir bəy. Bayaq dedim: kotan nə bilir qayış nə çəkir?.. Allah səni mənim günümə saleydi, onda bilərdin mən nə haldayam və nə çəkirəm... Neyləyim?

Fərhad. Rəhmətliyin oğlu, Məhərrəm də elə söz danışır ki, guya Fəxrəddin bəyi öldürmək çox çətin işdir. Vallahı, onu elə bu gecə öldürüm! O ki qaldı qıza, sən öləsən çətini bir ələ keçməsidir, nə qayıracaq? Atılar, düşər, axırı yumşalar.

Məhərrəm. Fərhad, Fərhad, böyük-böyük danışma! Vallah bu saat Fəxrəddin bəyin qapısında iki gədə var ki, bizi diri-diri yeyərlər... Nə söyləyirsən? Qız da o sən deyən qızlardan deyil, sən onu tanımırsan, ona yaxın getmək olu?!

Cahangir bəy. Ay uşaqlar, siz ki, məni yaxşı tanıyırsınız. Mənim əlimdən nə gələr, nə gəlməz, heç kim bilməsə də, siz ki görmüşsünüz, siz ki bilirsiniz... Məgər mən özüm Fəxrəddini öldürməkdə aciz qalmışam? Əlim gəlmir, Səadətin əziyyətindən qorxuram, yoxsa mənə nə olub?

Fərhad. Cahangir, bu olmadı! Qardaşım, gahi sən deyirsən Fəxrəddini öldürmək gərək, gahi deyirsən mən onu necə öldürüm... Bu sözlər bir-birini tutmur.

Cahangir bəy. Doğrusu ki, mən başımı itirmişəm, özüm də bilmirəm nə danışıram. Yaxşısı budur ki, məni vurun öldürün, bir yol canım qurtarsın. Vallahı, doğru sözümdür, qanım sizə halaldır, öldürün!

Məhərrəm. Bilirsiniz nə var? Belə danışıqdan iş aşmaz, Fəxrəddin bəyi öldürməkdən mətləb hasil ola bilməz. Hamısından yaxşı odur ki, qızın özünü bir tərəfə aparaq, hər nə ola-ola.

Fərhad. Nahaq danışma, Məhərrəm. Nə qədər Fəxrəddin bəy sağdır, qızı aparsan da iş düzəlməyəcək, onda biz gərək baş götürüb elə bir tək Rüstəm bəyin əlindən bu vilayətdən qaçaq. Mən belə qanıram ki, hərgah Fəxrəddin bəy ortalıqdan götürülsə, bəlkə onda iş rast yoluna düşə.

Məhərrəm. Bir iş də var, onu mülahizə eləmək. Rüstəm bəyin evində oğlu Mahmud bəyin arvadı, Fəxrəddin bəyin bacısıdır... Gülbahar xanım. Gərək Mahmud bəyin qaynını öldürsək, aya Cahangir bəyin işi düzəlir? Ona Mahmud bəy, – Rüstəm bəy dursun bir kənarda – görək razı olur? Canım, mən nə qədər fikir eləyirəm, bu işin axırını bir yana çıxarda bilmirəm doğrusu.

Cahangir bəy. Məhərrəm, sənin axırın niyə belə bietibar oldu, a gədə? Mən haman Cahangir deyiləmmi ki, yoldaşlar cəmən qaçdılar, mən geri qayıdıb, səni yaralı dalıma alıb güllə dolu kimi yağan vaxt at kimi qaçdım, qoymadım öldürələr? Bu dursun kənarda... Mən haman Cahangir deyilləmmi bir top bez atdım barıdan, səni dustaqxanadan çəkdim divar üstə, sonra dalımda, qaça bilmirdin, nə qədər mənzil apardım?.. Məhərrəm, Məhərrəm, qaranlıq meşədə cərrahlıq edib üç ay gündə iki dəfə yaranı açıb-bağlayan, ana-bacı kimi sənə pərəstar olan kim olub? Qoçaq yoldaşlarımız dağıldılar, bircə tək mən axırda qaldım sənin yanında. Məhərrəm, məgər bu əhvalatlar yadından çıxıblar?

Məhərrəm. Qurtardın ki? El-oba sədası doğru olarmış! Cahangir, həqiqət mən görürəm sən dəli olubsan... Məgər sənin işindən mən baş qaçırdıram?! Eyibdir sənə, Cahangir, belə sözlər danışmaq. Mən canımdan, malımdan əl çəkərəm sənin yolunda, ancaq biləm ki, iş əmələ gələ bilər. Nahaqdan atılıb düşməkdən iş aşmaz. Mən deyirəm iş görək, iş olsun... Axır, qardaşım, vallah, billah, tallah, Fəxrəddin bəyi öldürməkdən heç zad ələ gəlməz.

Fərhad. Uzun danışmaq lazım deyil. Durun ayağa gedək rizliyək, bir-iki gündən sonra özümüzü vuraq əjdahalar içinə, ya onlara verən Allah, ya bizə; hər nə ola-ola... Ya Fəxrəddini öldürməyə, ya qızı qaçırmağa, vəssalam!.. Mənim məsləhətim belədir, indi özünüz bilin.

Məhərrəm. Baş üstə, buyurun gedək...

Cahangir bəy. Buyurun gedək. (Gedirlər.)

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri