Üçüncü məclis
Vaqe olur həmin otaqda. Cənnətəli ağa Allahqulu ilə danışa-danışa gəlirlər.
Cənnətəli ağa. Nə danışırsan, ay gədə, necə oldu ki, bir qəpik pul da gətirə bilmədin?
Allahqulu. Gətirə bilmədim, ağa, yoxdan nə gətirəydim?
Cənnətəli ağa. Necə yoxdan, ay gədə? Bəs mədaxil necə olubdur? Sən Pişixurd kəndinə getməmişdin?
Allahqulu. Heydərqulu ağa gedib tamam mədaxili alıb, mənə də cavab verdilər ki, ağanın bizim üstümüzdə heç zadı qalmayıbdır.
Cənnətəli ağa. Ay gədə, mən dəli olmuşam, bilmirəm, yoxsa sən? Əməlli danış görüm nə deyirsən?
Allahqulu. Ağa, elə əməlli ərz eləyirəm. Heydərqulu ağa bəhrəni tamam alıb, Hacı Qara Dinməzə satıbdır, yekanları tərəkəməyə tamam pay-püşk eləyibdir. Bostan pulunu mən istəyəndə, mənə qəbz göstərdilər. Onu da hacıya üz eləyibdir.
Cənnətəli ağa. Əstəğfürullah, bəs Heydərqulu özü necə olubdur?
Allahqulu. O da məndən bir-iki saat irəli gəlibdir, odur həyətdə qoç döyüşdürür.
Cənnətəli ağa. Onu bura çağır görüm bu nə əməldir mənim başıma gətirir? (Allahqulu gedir.) Siz Allah, buna baxın görün belə də iş olumu?.. Ha sənin boyuna ip ölçüm! Ha səni itəsən! Mən borcluların əlindən bazara çıxa bilmirəm, bu görün mənim başıma nə pəstaha gətiri! İndi mən başıma nə çarə qılım? Ha səni yerə girəsən!
Məhəmmədəli (daxil olub baş əyir). Ağa, bizim bir az hesabımız var, ola bilərmi ki, onu şəfaət eləyəsiz?
Cənnətəli ağa. Necə hesabdır? Sən haradan gəldin çıxdın bura?
Məhəmmədəli. Elə artıq hesab deyil, ağa... Təndirxana uçmuşdu, onu qayırmışam.
Cənnətəli ağa. Elə işlərə mən qarışmıram və qarışmaq da istəmirəm.
Məhəmmədəli. Niyə, ağa, özünüz danışmadınız? Dörd manat bir artıq pul deyil.
Cənnətəli ağa. Yaxşı qayırmamısan, bir qəpik də verməyəcəyəm.
Məhəmmədəli. Sahib ixtiyarısınız... Amma yaxşı deyil. Mənim haqqım gərək özümə çata.
Cənnətəli ağa. Mən haqq-maq tanımıram, çölə çıx, kefimin pis vaxtıdır! Çölə çıx! Çıx deyirəm sənə!
Heydərqulu ağa və Allahqulu daxil olurlar.
Cənnətəli ağa. Heydərqulu! Doğrudurmu ki, sən gedib mədaxilin hamısını satıb-sovub gəlmisən?
Heydərqulu ağa. Hə, doğrudur, nə olsun?
Cənnətəli ağa. Canuva dərd olsun, vərəm olsun! Yavaş, sənə kim izn verdi ki, gedib özbaşuva elə iş tutasan?!
Heydərqulu ağa. Kim izn verəcək? Mən özüm getdim.
Cənnətəli ağa. Sən çox qələt elədin! Başını daşdan-daşa döydün! Mən borcluların əlindən bilmirəm başımı hara təpim, sən də get bir böyük kəndin mədaxilini dəyər-dəyməzinə sat!.. Pulları bura gətir!..
Heydərqulu ağa. Bir qəpik də vermənəm... Pəs mən cahıl deyiləm! Mənim yoldaşlarım yüz-yüz manat xərcləyəndə mən baxa-baxa qalım?
Cənnətəli ağa. Bu saat pulu say bura, yoxsa ətini özünə yedirdərəm!
Heydərqulu ağa. Yox bir... Vallah, heç kim yel olub mənim yanımdan da ötə bilməz!
Cənnətəli ağa (ayağa durub). Nə deyirsən, ay gədə? Bir də de görüm! Bu saat səni iti öldürən kimi öldürrəm! (Məhəmmədəli durur qabağa.) Belə də iş olarmı, ay camaat, həmi darımı yesin, həmi də mənə xoruldasın?
Məhəmmədəli. Ağa, başına dönüm, hövsələni bir bas.
Heydərqulu ağa. Sən Allah burax görüm, o mənə nə qayıracaqdır... İndi bilir mənim cinimi ha... (Allahqulu durur qabağa.)
Allahqulu. Ağa, başına dönüm, böyüyün üzünə ağ olma, bəri gəl gedək. (Aparır o biri otağa)
Cənnətəli ağa. Yaxşı, Heydər, görək!.. Atamın ərvahına, bu saat gedib natarusda kağız yazdırıb, səni hər zaddan məhrum edəcəyəm. (Gedirlər.)
Məhəmmədəli (tək). Ağanın kefi şit dadır... Qəribə halətdir... Bir belə mülk-maaş sahibi olasan, yaxan borclular əlində qala və bir ağzından süd iyi gələn uşaq da səni biabır eləsin? Həqiqət böyük müsibətdir... Bəli, yazım dəftərin qırağına ki, bizim dörd manat guruldadı... Nə eləyək, o da qurban olsun Tellinin bir telinə. Ancaq bir işdən çox qorxuram. Bu ev çox qarış-bulaşdır, ona görə Tellinin burada qalmağını heç məsləhət görmürəm və bilmirəm ki, nə təhər eləyim (yavaş-yavaş o qapıya, bu qapıya qulaq verir, yavaşdan.) Güləndam, Güləndam.
Güləndam (daxil olub). Nə var, yenə çox tələsmisən? Hələ bir de görüm baftanı gətirmisənmi?
Məhəmmədəli (baftanı verib). Ala, ay başına dönüm, necə tələsməyim? Bircə mənə de görüm Telli nə deyir, razı olurmu?
Güləndam (yavaşdan). Telli razıdır, ancaq el adətilə gedərəm, deyir. Yavaş danış, bizi pusurlar.
Məhəmmədəli. Güləndam, itin olum, küçüyün olum, bu ev çox şuluqdur. Aman günüdür, mən Tellinin tək bircə gün də burada qalmağına razı deyiləm... Sənə canım qurban, gör bir təhər eləyə bilərsənmi?
Güləndam. Ay nainsaf, bundan artıq çalışmaq olarmı ki, mən çalışıram?.. Səninki də elə odur ki, həmi qız olsun, həmi tez.
Məhəmmədəli. Təxirə qoyma, Güləndam, aman günüdür, canım sənə qurban.
Güləndam. Mənə bir on dörd arşın güllü çit alarsanmı?
Məhəmmədəli. Belə, bax mənim bu gözüm üstə... İstəyirsən elə bu saat alım gətirim. Güləndam, Güləndam, cənnətə o kəs gedər kim, yetirər yarı yarına. Ölürəm, bağrım çatlayır!
Güləndam. Yaxşı, ölmə. Artıq burada durma, get... Get bu axşam molla Heydərgildə gözlə, qızı ora göndərəcəyəm, işiniz orada tamam olsun. Bax, amma çit yadından çıxmasın ha!
Məhəmmədəli. Belə Allah səni də xoşbəxt eləsin. Nəinki çit, hələ sənə bir neçə yaylıq da alıb gətirəcəyəm. Çox sağ ol. (Gedir.)
Güləndam (tək). Özümü yamanca bəlaya salmışam... Bədənim zağ-zağ əsir... Bilsələr, vay mənim halıma. Yusif bəy ilan dili çıxardır... Elə zarıyır, elə zarıyır, adamın yazığı gəlir... Bizim bu qız, bu qız! Başınıza dönüm, on dörd yaşında, yeyib, içib, qızmış nərə dönübdür... Elə deyir havaxt olacaqdır?.. Vay zamananız dağılsın! (Süpürür.)
Püstəbanu bəyim (daxil olur). Belə sənə bu cavan canım qurban, Güləndam, Yusifi gördünmü? Bu gecə gələcəkdirmi?
Güləndam. Yavaş danış, qurbanın olum! Məni qana çalxama, gələcək ey, gələcək! Get qızıl-mızılını yığ, bir boxçaya bağla... Küçənin başında fayton hazır olacaq, düz gir faytona, dəxi borcun deyil... Vaxtını mən özüm gəlləm deyərəm... Di durma, get!.. Mənə az yaxın gəl, duyallar!..
Püstəbanu bəyim. Gör sənə nələr verəcəyəm?! (Üzündən öpüb qaçır.)
Güləndam (tək). Qıza bax, qıza! Deyir ki, gör sənə nələr verəcəyəm. Pəs necə? Babamı öldürmüşəm ki, goruna and içim. Bir belə tədbir eləyim, bir belə qorxu çəkim, əvəzində bəs verməyəcəksən? Şahqulu, Şahqulu! (Çağırır.)
Şahqulu (daxil olub). Nə var belə, sənə mənim bu canım qurban? Nə deyirsən, ay maralım?
Güləndam. Sarsaqlama, genə sənə bir söz deyəcəyəm. O gərək yadından çıxmaya. Ondan ötrü ki, sənə mənim yazığım gəlir.
Şahqulu. Sən desən ki, yıxıl ayağımın altında öl, sözüm nədir.
Güləndam. Gör özünün də ağlın kəsirmi? Bax, Şahqulu, sən qızın yanında çox Yusif bəy elə getdi, Yusif bəy belə getdi söyləyirsən... Qız uşağının beyni olmaz... Sonra bir iş olar, altın çəkə bilməzsən. Heydərqulu ağa bir dəlibaş uşaqdır. Cənnətəli ağanın hirsin mən görmüşəm. Vurarlar, iti öldürən kimi səni də öldürərlər... Sonra haray hara çatar?.. O gün də böyük ağa deyirdi ki, bilmirəm bu Cavadın oğlu bizim küçədə nə çox gəzir. Bir deyən yox a qoduq, anqır tayını tap!.. İndi bilirsən, balam, Allahı sevərsən, dilini dinc qoy, bizi xata-bəlaya salma. Budur, bax qabaqcadan deyirəm: birdən səndən bir elə söz eşitsəm, vallah, düz gedib ağalara deyəcəyəm. İndi özün bil.
Şahqulu. Allah atana rəhmət eləsin, Güləndam, yaxşı ki, məni başa saldın... Bundan sonra mən qələt elərəm bir də Yusif adı çəkmərəm... Yazıq, yetim gədəyəm, vurarlar, öldürərlər, atamın evi yıxılar.
Güləndam. Get Tellini də bura göndər gəlsin, yazıqdır, onu da xəbərdar eləyim. (Şahqulu gedir) Vallah, belə qəribə iş olmaz, yaxşı deyirlər: özünə umac ova bilməz, özgəyə əriştə kəsər. İndi buna kələk qur, onun başın piylə, onların dilxahını əmələ gətir, özün qal aralıqda avara, sərgərdan... O iymişin saqqalına həna qoya-qoya... Adı yadıma düşəndə dişim bağırsağımı qırır... Allah qəzəb eləsin dayım Kərbəlayı Məhəmmədvəliyə, məni bu bəlaya salan odur...
Telli daxil olur.
Güləndam. Telli, bu gün bura çox qarışıqdır, burada adam xətadan xali olmaz. Hər nə olsa gərək bu gecə ola... İndi get nə ayın-oyunun varsa, yığ bir düyünçəyə... Ancaq heç kim duymasın. Axşam azanı düz get molla Heydərgilə, əhvalatdan o özü xəbərdardır. Məmmədəli də orada olacaqdır...
Telli. Bədənim əsim-əsim əsir... Heç ağlıma gəlməyən işə düşmüşəm, qurbanın olum.
Güləndam. Ay yassar, güdaza getsə, burada mənim canım gedəcəkdir. Sən vaxt ikən canını qurtar. Bundan savayı sənin çarən yoxdur... Durma, get işinin dalınca!
Telli. Nə bilim, ay başına dönüm... Burada qalarsan vay, gedərsən vay. Belə də iş olarmı ki, mən düşmüşəm? (Gedir.)
Güləndam (tək). Bunları yola salandan sonra görüm Səfiqulunu nə təhər fola gətirrəm. Yoxsa belə yurdsuz-yuvasız bayquş kimi haçanacan qalacağam. (Gedir.)
Heydərqulu ağa (əlində tüfəng daxil olur). Allahdan qorxmayasan, bu ev-eşiyi darbadağın dağıdasan!.. Bu başdan bir od qoyasan, o başdan cırrıt deyib çıxa!.. Allahqulu! Səfiqulu! Haradasız, biriniz məgər burada tapılmazsız?.. Ay gədələr, görək... Bəlkə mənim meyitimi salalar... Gedərəm qaçaqlara qoşullam. Bu işdə ölmək var, dönmək yoxdur... Gör məni kim ilən hədələyirlər!.. (Gəzinir.)
Nökərlər (daxil olub). Nə buyurursuz, ağa?
Heydərqulu ağa. Çor buyururam, zəhrimar buyururam! Heyvan uşağı heyvan! Bu saat mənim atımı yəhərləyin, evdə də deyin ki, vallah, billah, tallah, hər kim Pişxurd kəndinə dolansa, onu iti öldürən kimi öldürəcəyəm!..
Səfiqulu. Ağa! At çoxdan hazırdı.
Heydərqulu ağa. Eşitdinizmi? Nə təhər ki, mən deyirəm, elə deyərsiz. Mən belə deməmişdim... İndi onlara, verən Allah, mənə verər Allah... Atı çək çölə! Ay gədə, hey, Allahqulu! Birdən bilməzsən, deyərsən ki, “buyruq quluyam”, oralara gələrsən. And olsun Allaha, başını mal başı kimi kəsərəm!
Heydərqulu ağa və Səfiqulu gedirlər.
Allahqulu (tək). Arığın nə işi var qoruqda ki, vuralar qıçı sına... Allah vara ata-oğul bir-birinin ətini yesinlər, bizə nə var, canları cəhənnəmə... (Gedir.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-adi-var-ozu-yox-ucuncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(3 məclisdə)*Əhli-məclis
Əvvəlinci məclisƏhvalat vaqe olur Səlman bəyin otağında; Səlman bəy əyləşib otağın bir tərəfində, yanında dəftərxana kağızları. Səlbnaz xanım oturub bir tərəfdə, yanında podnos və neçə stəkan-nəlbəki.*Səlman bəy** (saata baxır). Səkkiz tamama qalıb beş dəqiqə. Əzizim, sənin samavarın gec oldu, mən gedim. Bu gün poçt günüdü, tamam çinovniklər yığılıb.
İkinci məclisFatma xanım tək, evi süpürə-süpürə.*Fatma xanım**. Keçən zamana necə gözəl zamana idi... Biz dörd gəlindik evdə... Hamımız qayınanamızın qabağında əli bağlı, satın alma qul kimi... Əlimiz-əlimizin üstə, üzüörtülü buracan. (Döşünü göstərir.) Kimsənin cürəti nəydi bir kəlmədən artıq danışsın! Bəli, xeyr. (Süpürgələyir.) O zamanda xeyr var idi, bərəkət var idi. Bir kəlmədən artıq danışanda deyirdi:. Ay hey, yolunu itirmə, düz tərpən!.. Gəlinlər də dinməz-söyləməz (əlini vurur ağzına), guya ki, laldılar... İndi gəl, tamaşa elə. (Süpürgələyir.) Bu zamananın gəlinləri belə otur kaftar, elə dur biiman, axıratsız! Tumanlarını elə fırladırlar, az qalır ki, göz tökələr... (Süpürgələyir.) Odu ki, bərəkət qalmayıb da... Bəs bu çiçək, qızılcıq, boğazağrısı nədəndi?.. Hamısı tamam onnandı ki, böyüyün üzünə ağ olurlar. Bu zamanın gəlinlərinin üzdərinə daş yamansın, üzdərini qara yer örtsün. (Qapıdan Səlman bəyin səsi gəlir.) Ələkbər, Ələkbər! (Fatma xanım süpürgəni atıb küncə, tez oturur bikef, iki əlləri ilə başını tutur.)
Üçüncü məclisSəlman bəy** (tək, gəzinə-gəzinə). Dünyada əvvəlinci düşmən odu ki, qeyrətə, namusa dəymiş ola, rahatlığa və güzarana mane ola. Həzərat, and olsun Allaha, mən elə işi düşmənə də arzu eləmərəm. Bu gündü, hansı ki, mən çəkirəm?.. Düşmüşəm od-yalovun içinə. Öz evimdə nə insaf görmürəm, nə mürvət, nə ehtiram, nə məhəbbət və nə də mədara. Qalmışam naçar... Vurub özümü öldürsəm, namazıma da duran olmaz, goruma söyərlər. Öldürməzsən, başına nə çara qılasan? Bir tərəfdən bir yetimi götürüb külfət olmuşam, boşarsan, olu bədbəxt və bitəqsir, onu necə boşayasan, o biri tərəfdən ana... İnsan oluncan at olaydı adam, heç olmasaydı nə olurdu... (Başını tutub oturur. Səttar və Şamama xanım daxil olurlar.)Şamama xanım** (yıxılır Səlman bəyin ayağına). Səlman bəy, atam-anam sənə qurban, məni başına çevir, mənə bir əlac elə, mən tab eləyə bilmirəm, canım gəlib boğazıma. (Ağlayır.)
Başqa şairlərin şeirləri
Necə rəhmlidir, necə amansız,Necə mehribandır qadın ürəyi!
Yedəkdə gələn qayıqMingəçevir dəryaçasında bizi gəzdirən gəminin yedəyində bir qayıq gəlirdi.*Suları sənmi yarırsan
DostumMənə dost demədi dostum bircə yol,Nə də gətirmədi çoxlu hədiyyə.
GüləSevdim bir nazlı dilbəri,Üzü bənzər qızılgülə.