Dördüncü məclis
Vaqe olur həmin otaqda. Cənnətəli ağa və Mirzə Əsgər danışa-danışa daxil olurlar.
Cənnətəli ağa. Bəs, Heydərqulu hesab eləyirdi ki, mən onun kimi küçüyün əlində məəttəl qalacağam?.. Sən öləsən, Mirzə, özü çıxdı qabağıma əl verdi... Qəribə oğlandır... Heç bir belə divanbəyi mən hələ görməmişdim... Şikayətimi elədim, buyurdu bu saat yazım pristava, onu qolubağlı göndərər. Dürüst xatircəm ol. Belə də dərd olurmu, ay kişi?.. Mirzə, meyitini görüm, o məni o qədər yandırıbdır ki, bundan sonra onu evə qoymaq istəmirəm.
Mirzə Əsgər. Ağa, elə deməyin, nə təhər olsa yenə baladır... Lazımdır ki, bir qulaqburması verib, sonra bir iş üstə qoyasız, bikar gəzməsin.
Cənnətəli ağa. Bir oğul ki, mənim üstümə tüfəng çəkə, bir oğul ki, məni döymək istəyə... Gədələr tutmasaydılar, hələ məni vuracaq idi... Onu bir də evə qoya billəm?
Mirzə Əsgər. Əlbəttə, siz buyurandır, amma gənə nə tövr olsa, gərək onu mənzur eləyəsən ki, cahilin beyni qan olar və lazımdır ki, camaat üzünə bir növ ilə dolanasınız. Yoxsa, özünüz bilirsiniz, bizim xalq bir sözün üstə beşini də qoyub adamı rüsvay elərlər...
Cənnətəli ağa. Allahdan gizlin deyil, bəndədən nə gizlin... Mən çox yaxşı bilirəm ki, qədim əsrlər keçibdir. İndi mən məhz bir mədaxilin ağasıyam, o da ki tarac olsun, onda bəs mən nə eləyim?
Xanpərvər bəyim (daxil olur). Ay kişi, getdin nə qayırdın? Bu şikayət nə idi? Gözüyün ağı-qarası bir oğlun var, istəyirsən onun da başını şişirdib çöllərə salasan? Heç bir utanmırsan? Belə də iş olarmı?
Cənnətəli ağa. Elə əvvəldən axıra sən deyilsənmi uşaqların başına daş salan? Gözümün ağı-qarası oğul gərək mənim var-yoxumu dağıdıb, yaxamı borclular əlində qoya?! Mən ki hələ ölməmişəm! Bəs mənim adım, sanım necə olsun? Külfətimdən əl çəkib, acından ki ölməyəcəyəm?
Xanpərvər bəyim. Ay kişi, bəsdir Allahı sevərsən, acıqlı başda ağıl olmaz, xalqı özünə az güldür!
Cənnətəli ağa. Mən ancaq dünən bilmişəm başıma nə daş düşübdür... Borc, borc kimi deyil ki! Mirzə, sən özgəsi deyilsən, evim yıxılıbdır.
Mirzə Əsgər. Ağa, sən Allah elə danışma. Sənə nə olubdur ki, evin yıxıla... Borcsuz düşmənin olsun. Onun üçün ki, deyirlər borcum var, etibarım var... Bu halda borcsuz kimdir? Tamam xanlar, bəylər boğazacan borca batıblar, bir siz deyilsiz.
Xanpərvər bəyim. Ay kişi, bəsdir sən Allah, onsuz da bu gün mənim kefim yoxdur... Allahqulu, Allahqulu, a gədə, bir qəlyan gətir... Kişi bir sözün ucundan tutub dəxi qurtarmaq bilmir... Pul yiyəsinin canı çıxsın, bizi də buradan köçürtməyəcəkdir.
Cənnətəli ağa. Köçürdər də, hələ desən adamın gözünə ağ da salar! Kafir uşaqları bilmirsən adamın başına nə iş gətirirlər... Biri deyir ki, ağa ola bilər ki, bizim o xırda-para hesabımızı görəsiz? O biri işarə vurur: bu il taxıl görəsən necədir? Barama ki, Allaha şükür, yaxşıdır. Birisi də şəst ilən qalxıb təvazö eləyir: ağa, salam əleyküm və elə də adama zənlən baxır ki, deyəsən gözü adamın o yanından keçəcəkdir və eləsi də var ki, qıpqırmızı, az qalır adamı yaxalasın. Doğrusu, xəcalətimdən istəmirəm dəxi bazara çıxam, adamı o qədər təngə gətirirlər.
Mirzə Əsgər. Qulaq asmayın, canları çıxsın.
Cənnətəli ağa. Kafir uşaqları istədikcə verdilər. Baqqal kor Əhməd üç yüz manat üstümə yazıbdır. Keçəl Hacı Mehdi doqquz yüz manat. İşə bax ki, nalbənd Poqus da on yeddi manat pul istəyir. Keçən vaxtlar olsaydı, belə borclar adamın gözünə muy qədri görünməzdi... Ay... hanı o günlər ki, on beş nökər ilə kəndin üstünə bulut kimi çöküb, bunu burada süpürləyirdim, onu orada... İndi qoyublar palajeniya. Rəiyyətə demək olmur buradan dur, orada otur... Bir yandan da saldat pulu, desyatin pulu, dəyirman pulu. Mən başıma nə çarə qılım? Vallah, az qalmışam dərdəcər olum...
Xanpərvər bəyim. Niyə, niyə, nə olubdur məgər? Padşahlıq pulu deyirlər manifest olub, bağışlanacaqdır. Baqqalların da canları çıxsın, verməyəydilər.
Cənnətəli ağa. Atamın ərvahına and olsun, arvad, səndə, bax bircə belə ağıl yoxdur.
Mirzə Əsgər. Ağa, doğrudan da zəmanə dəyişibdir. Keçən əsr hara, indi hara?.. Amma manifesti hamı danışır. Bəyim doğru deyir, heç qulaq asmayın... Sonra borclular özləri yalvaracaqlar ki, ağa, başına dönüm, heç olmasa, vaynaçar, ayda beşcə manat da olsa üstümüzə tollayın.
Xanpərvər bəyim. Ay kişi, borcdan gələsi nə var ki onun ucundan tutub bir belə sadalayırsan? Vallah, mənim gözümə bir zərrəcə görünmür... Bizim dərdimiz var ki, borc onun yanında toy-bayramdır... O dərd qızıvun dərdidir. Vallah, gecələr də yata bilmirəm... Mirzə də onun qaydına heç qalmır.
Mirzə Əsgər. İkinizin də başı üçün, mən elə gecə-gündüz o fikri çəkirəm. Bu nə sözdür ki, siz buyurursunuz? Mən bu evin çörəyi ilən dolanıram, necə ola bilər ki, Püstəbanu bəyimin qaydına qalmayım?
Xanpərvər bəyim. Hərgah sənin köməyin dəysə idi, mən onu çoxdan xoşbəxt eləmişdim.
Mirzə Əsgər. Mən başıma nə çarə qılım? Bir para adamı siz layiq bilmirsiz, deyirsiz nanəcibdir, nücəbada da elə münasib oğlan yoxdur... Ağa, başına dönüm, acığın tutmasın, deyim: sizin Cahannisa bəyimin oğlu ikicə qara pula dəyməz. Gündüz axşamacan gözünün suyu tökülə-tökülə qoduq-moduq ilən gəzir. Hərçənd mülk-maşı çoxdur, amma ona vallah heç qız rəğbət eləyib getməz.
Cənnətəli ağa. Qız uşağını özbaşına qoysan ya aşığa gedər, ya nağaraçıya... Cahannisanın oğlunu yaxşı tanımıram, amma mülkü çox olduğunu bilirəm.
Mirzə Əsgər. O ki Səfdərqulu ağanın oğludur, o da səfehin birisidir. Veyil-veyil gəzməkdən savayı bir işi yoxdur.
Xanpərvər bəyim. Məhəmmədkazım ağanın oğlu necədir?
Mirzə Əsgər. Ay başınıza dönüm, adam sözü danışın. O, xalis məktəbdən qaçmış Koroğlu dəlisidir. Ancaq bir çatması əskikdir. Ona qız vermək olar? Yenə bu təzə qoltuqdan çıxmalarda tək-tük layiq adam tapılar.
Cənnətəli ağa. Heç vaxt, heç vaxt! Elə adamlar ilə qohum olmaqdan isə, qızımın ikisinin də başını kəsməyə hazır varam.
Mirzə Əsgər. İndi, ağa, siz göstərin, mən də düşüm dalıncan... Birisi var, əgər mənim qızım olsa idi və o da müştəri olsa idi, mən yüz qurban kəsərdim. Ancaq bilirəm ki, qəbul etməyəcəksiz... Məhərrəm yüzbaşının oğlu... Bəy dəftərində adı var, artıq dövlətli. Bu halda da özü silistçi, çox kamil, gözəl oğlandır.
Xanpərvər bəyim. Mirzə, eyib deyil? Heç utanmırsan, bizim evdə elə adamların adını çəkirsən?
Cənnətəli ağa. Rəhmətlik oğlu edə söz danışır ki, bişmiş toyuğun gülməyi gəlir... Bu nə sözdür... İstəyirsən bizi şəhər içində rüsvay eləyəsən?
Mirzə Əsgər. Ay ağa, başına dönüm, söz idi, dedim. Dəxi sizin niyə acığuvuz tutsun?
Xanpərvər bəyim. Elə adamlardan isə, Cahannisanın oğlu yaxşıdır.
Mirzə Əsgər. Yaxşıdır, əgər qız getsə.
Cənnətəli ağa. Bayaq dedim, Mirzə, qızı özbaşına qoymaq olmaz... O da mənə Heydərqulu olmayacaq ki?.. Vallah, qoyaram ayağımın altına, çəkərəm, boğazı sərçə boğazı kimi üzülər.
Xanpərvər bəyim. O Cavadın oğlu Yusif də deyirlər buralarda çox hərlənir. O bilmirəm nəçidir, elə adamlara mən qızımın kəsinti dırnağını da qıymaram verim!
Mirzə Əsgər. Onu mən çox yaxşı tanıyıram. Onun veyil-veyil gəzməkdən savayı bir sənəti yoxdur... İtin birisidir: bir özü, bir darağı... Budur, iki ay olur ki, atası da evdən qovubdur... Ondan bəri dəllək Qəmbərin oğlu ilə yava-yava gəzir.
Güləndam (daxil olub). Xanım, bir tez bura zəhmət çək! (Xanpərvər bəyim ilə Güləndam gedirlər.)
Cənnətəli ağa. Bu qəziyyədən sonra, Mirzə, ola bilərmi ki, bir az pul tapasan, o xırda-para borcları verək?.. Mülkün birini də girov qoymağa hazıram.
Mirzə Əsgər. Nə deyim, ağa, ağlım kəsmir ki, elə adam tapılsın.
Cənnətəli ağa. Genə sən yaxşısan, mən buraya bələd deyiləm. Nə qədər neustoyka da qoysalar əlac yoxdur, qoysunlar.
Mirzə Əsgər. Görüm, ağa, papaqçı Məşədi Rəhimdən ala bilərəmmi. Onunla o günləri danışdım, qırışmal ildə manata üç abbası istəyir.
Güləndam tələsik daxil olub, otağın künclərini axtarır.
Cənnətəli ağa. Nə axtarırsan, ay qız?
Güləndam. Tüfəng, yaraq axtarıram... Nə bilim, ay başuva dönüm?.. Allah Şahqulunun atasına nələt eləsin! Mən min dedim bu qızın yanına az gir-çıx! (Tələsik bir tüfəng, bir tapança götürüb gedir.)
Mirzə Əsgər. Görəsən Şahqulu genə nə pəstah kök eləyibdir?
Cənnətəli ağa. Yox, xətadan xali deyil. Olmasa tüfəng-tapança nə lazımdır?
Xanpərvər bəyim (daxil olub). Ay qız, mənə bir az su!.. Su... Ürəyim getdi, ay, ürəyim getdi... Su, bir qurtum su! (Yıxılır.)
Cənnətəli ağa. Nə olub, ay arvad? Niyə belə eləyirsən?
Xanpərvər bəyim. Ay başınıza dönüm, bircə qurtum su! Ay, bircə qolumu tutun!
Cənnətəli ağa. Lal olmamısınız ha! Deyin görüm nə olubdur?
Güləndam (Xanpərvər bəyimin qolundan tutub). Püstəbanu bəyimi görüm şamı-çırağı qara yansın! Nə olacaq, biabırçılıq!
Cənnətəli ağa. Necə biabırçılıq? Nə danışırsan, ay qız? Ay gədələr, haradasız?!
Gədələr daxil olurlar.
Güləndam (Şahquluya). Sənə demədimmi, kafir oğlu, qız uşağının beyni olmaz, onun yanında çox artıq-əskik danışma?
Cənnətəli ağa. Xataya düşdük, camaat də! Ay murdar uşaqları, sizdən soruşuram, nə olubdur? Püstəbanu bəyim hansı cəhənnəmdədir?
Xanpərvər bəyim. Qolumu tut! Su! Su! Öldüm, Allah! Vaaay, vayy!..
Cənnətəli ağa. Əstəğfürullah rəbbi və ətubi ileyh! Niyə dinmirsiz, ay zalım uşaqları?
Güləndam. Ay başına dönüm, heç kimdə taxsır yoxdur, bütün işlərin başı, bu boğazından asılmalı Şahqulu kafir oğlundadır.
Allahqulu. Ağa, əvvəl-axır biləcəksiz... Cavad bəyin oğlu Yusif bəy Püstəbanu bəyimi götürüb qaçıbdır. İndi də buyurursuz əməl eləyək... Tellini də Məhəmmədəli aparıbdır...
Cənnətəli ağa (ayağa durub). Necə, necə? Səsini kəs, kafir oğlu, elə zad ola bilməz! Qanı qurşağa çıxardaram!..
Şahqulu (ağlaya-ağlaya). Ağa, ağa, o çörəyin haqqı üçün mənim xəbərim yoxdur...
Güləndam. Çörək gözünü tutsun yalan isə! Biqeyrət oğlu biqeyrət!
Cənnətəli ağa. Zalım oğlu zalım, qabaqcan məni öldürəydin, niyə evimi yıxdın?! Vay, vay! Heydərqulu, boynun sınsın, harada qalmısan?
Mirzə Əsgər. Ağa, bir az səbr eləyin, görək məsləhət nədir.
Cənnətəli ağa. Məsləhətdən keçibdir. Uşaqlar, durmaq yeri deyil. Bu saat xəbər verin mənim övladıma! Biriniz də çapsın el-obanın içinə. At belinə çıxan durmasın gəlsin! Vay, vay! Heydərqulu, səni görüm yaylım gülləyə rast gələsən! Şahqulu, ay çörəyim gözünə dursun, bu nə müsibətdir mənim başıma gətirdin?!
Şahqulu. Ağa, ağa! Mənim əgər xəbərim varsa, Allah boynumu sındırsın, evimiz uçsun, bacım-qardaşım qırılsın.
Cənnətəli ağa. Mənim tüfəngimi, qılıncımı buraya gətirin!.. Mən onların erkəyini də, dişisini də qırmasam, ürəyim soyumaz... Mirzə, Mirzə, görürsən mənim başıma nə gəlir?
Şahqulu (Cənnətəli ağanın ayağına yıxılıb). Ağa, istəyirsən qabaqcan məni öldür. Amma vallah, billah, tallah, mənim xəbərim yoxdur.
Cənnətəli ağa. Ayağa dur, mürtəd oğlu! Səni boğazından asacağam! Kəndir, süyürtmə! (Tutur boğazından.)
Xanpərvər bəyim. Allah, bu nə işdir biz düşdük? (Şahquluya.) Barı gözümün qabağında durma! Barı gözümün qabağında durma!
Güləndam. Ölümün çatıb, ay mürtəd oğlu, nə durmusan? Bir işdir eləmisən, barı boynuna al!
Şahqulu. Yalan isə sənin gözünə güllə dəysin!
Cənnətəli ağa. Tərpənmə, məlun oğlu! Ay gədələr, sizə demirəm süyürtmə gətirin? Tərpənmə, murdar oğlu! (Döyür.) Qanuvu içəcəyəm!.. Mənim başıma belə iş?! Mənim başıma bel iş?! Süyürtmə, süyürtmə!..
Mirzə Əsgər. Ağa, başına dönüm, bir az səbr eləyin, qohum-qardaş da yığılsın, görək nə tədbir elərlər.
Cənnətəli ağa. Ay, ay, Mirzə, nə qoyub, nə axtarırsan? Bu iş tədbirsiz işdir... Yəni bundan sonra mən adam olub, adam içinə çıxacağam?!
Mirzə Əsgər. Ağa, belə işdə səbr lazımdır. Adamın gərək tədbiri çaşmasın. Artıq cəzə-fəzə sizin adınıza layiq deyil.
Cənnətəli ağa. Adımız varsa da, qardaş özümüz yoxuq!.. Tərpənmə, tərpənmə, zalım oğlu! (Döyür.) Süyürtmə, süyürtmə!
Şahqulu. Ağa, məni öldürmə, taxsırım yoxdur, taxsırım yoxdur. Başına dönüm, ağa, vallah, taxsırım yoxdur. (Qaçır.)
Cənnətəli ağa. Ay gədələr, dalımca gəlin!.. Gərək dünyavü aləmi xaraba qoyam! (Gedirlər.)
Xanpərvər bəyim. Ay Allah bəndələri, ölürəm!..
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-adi-var-ozu-yox-dorduncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Üzüm tutdum sərvət əhlinə, əlaman etdim: Qardaşlarım! Yazıq balalarımız elmsiz, tərbiyəsiz küçələrdə bisərü pa qalıblar, kömək ediniz, qoymayınız ki, payimal olsunlar... Süründüm əsnaf qapısına, səsləndim: ay yoldaş, gəldim; tüccarə yalvardım: atam, rəhminiz gəlsin millətə, qoymayınız ayaq altında qalsınlar. Nalə etdim ki, ay qardaş:Qonşu köçdü, biz qaldıq,
Balaca mütəfərriqələr 44Doğru buyurursan, kərbəlayı, amma “bağa çanağından çıxıb, çanağın bəyənmir” – məsəlinin qeyri-mənası da var. Bizim ata-babalarımız bir çuğun aftafada darçın, zəncəfil çayı qaynadıb içiblər. Hətta bu növ çay çox adamlara məqdur olmayıb. Qəddin arxalıq, naşur tuman geyib, ayaqda başmaq ilə ömr keçirdiblər. O zamana keçib gedib. Atam, indi çal papaqlar başlarda, ayaqda cır-cır çəkmə, libas ala firəngi. Guya ki bu cənablar Paris darülfünunlarında elm təhsil edib kurs qurtarıblar.Bu sözləri ərz etməkdə mənzurum budur ki, sənə zəmanənin dəyişməyindən söhbət edim. Aşkar görünür ki, ömr və zəmanə insanı həmişə çanaq altında qalmağa qoymur.
Balaca mütəfərriqələr 45Keçən pəncşənbə günü dövrədən mənzilə qayıdan zaman bəndəyə bir cənab rast gəlib mənə hücum etdilər.– Ağa Dərviş! Nə tutmusan bizim yaxamızdan, qardaş, əl çəkmirsən? “Uşaqlarınızı oxudunuz, nicatımız elmdədir” – deyərək bizi təngə gətirdin... Atam, bəs deyilmi?!
Balaca mütəfərriqələr 46– Yenə nə olub, ağa Dərviş, əhvalını pərişan görürəm?– Əhvalım pərişandan pərişandır. Bu gecə sübhədək yatmamışam. Ancaq göz yaşına elə güc vermişəm.
Başqa şairlərin şeirləri
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
VarDemirəm qarı kasıbdı,Bir inək, bir danası var.
QayıtdıBir maral baxışlı, tərlan cilvəli,Gəldi məni gördü, baxdı, qayıtdı.
Ey həkimEşqdən qəlbimdə bir pünhan mərəz var, ey həkim!Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!