Mənə dost demədi dostum bircə yol,Nə də gətirmədi çoxlu hədiyyə.Evimdə can-başla açmadı əl-qolPaltomu tutmadı: – dostunam! – deyə

Stol arxasında oturan zamanDili dolaşmadı, əli əsmədi.Demədi: “yolunda sənin qurbanam”.And içib, min dəfə çörək kəsmədi.

Gəldi evimizə həftədə, aydaŞerdən, sənətdən danışdıq qoşa.Bəzən bumbuz oldu məxməri çay da,Uzun gecələri bir vurduq başa.

Evdə uşaqlarım onu soruşdu,Ötəndə həftəsi darıxdım özüm.Get-gedə evimə məhrəm olmuşdu,Ürəkdən sevirdim onu mən düzü.

Mənə dost demədi, dostum bircə yolNə də gətirmədi çoxlu hədiyyə.Evimdə can-başla açmadı əl-qol,Paltomu tutmadı dostunam deyə.

Bir gün cəbhə bizi aldı qoynuna,Yenə bir səngərə düşdük yanaşı.Burda da o mənə, nə də mən onaDost sözü demədik hər kəlmə başı.

Bir səhər üfüqdə söküləndə danDöyüş meydanına axışdı qoşun.Burulub göylərə qalxdı toz-duman.Yerə yağış kimi yağdı qurğuşun.

Düşmən səngərinə yeridik qoşa,Düşmən məni aldı əvvəl nişana.Bu yerdə neyləsin qardaş-qardaşa?Həyat bir yanadır, ölüm bir yana!

Dostum pələng kimi atıldı birdənO, öz sinəsini verdi qabağa.Düşməni süngüylə vurduğu yerdə,Büküldü dizləri, düşdü torpağa.

Əyildim, soruşdum: söylə nədir bu?!Mənim qismətimdi o qara güllə?!Dedi: – aman, mənə bircə damcı su,Sonra ürəyimin sözünü dinlə.

Mənim bir zamanlar çörək kəsdiyimEvdə, gözü yolda balaların var.Dedim qoy mən ölüm, sən ölmə dostum,Yetim qalmasınlar qoy sənsiz onlar.

Dedi, gözlərini əbədi yumdu!İstər qərinələrə, əsrlər ötə.Əsl dostluq budur, sədaqət budur,Alqış bu dostluğa, bu sədaqətə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri