Onun qızı
O mənə yoldaş oldu hər yerdə, hər davada;
Bizi birgə izlədi min işkəncə, min qada.
Mən ona çox söylədim, o məni çox dinlədi;
O mənimlə gülüşdü, o mənimlə inlədi.
Bəzən qarlı, dumanlı günlər bizi haqladı,
O mənimlə qorxulu yolları ayaqladı.
Bir axşamdı, səngərə çökdü yenə qaranlıq,
Vətən, külfət həsrəti, qəriblik, nigaranlıq
Fikrimizdə dolandı.
Gah üzümüz tutuldu, gah gözümüz bulandı...
Xeyli çəkdi qazmada, bu lal sükut, doymadıq,
Hər nə vardı düşündük, daha bir şey qoymadıq...
Beləliklə keçirdik bu lal, dilsiz anları:
“Onu bircə dəfə də görə bilsəydim barı!...” –
Deyərək, dostum məni yenə dilə gətirdi;
Qəlbimin kamanını çəkdi, zilə gətirdi.
Dedim: – Nədir nisgilin,
Anan, yoxsa sevgilin?..
Dedi: – Anam da vardı; onu əcəl apardı,
Sevgilimi evimdən odlu cəbhə qopardı.
Onun da taleyindən xəbər verən olmadı,
Nə yerini söyləyən, nə də görən olmadı...
Təkcə bunlar deyildir incidən, üzən məni,
Aparma onun həsrəti yandırır bəzən məni!..
– O kimdir!.. Balanmıdır?
– Balamdır, bəli, dostum,
Bizə qıyan fələyin düşəydi əli, dostum!..
Xeyli çəkdi söhbəti qızından, bircəsindən.
Qəlbini oxuyurdum onun titrək səsindən
Səngərimdə söndü şam,
Sözümüz, söhbətimiz belə bitdi bu axşam...
O söykədi belimə qızınmaqçın belini,
Sağ ol, – dedi, başına çəkdi öz şinelini.
Mərmilərin alovu qızartdı üfüqləri,
Yenə dostumla açdıq bu tufanlı səhəri,
Dostumun hər gülləsi bir yağını haqladı,
Əllərinə keçəni tapdadı, ayaqladı!
Biz onunla vuruşduq yenə o gün bərabər,
Amma birgə gülmədi bizə daha bir səhər.
Bircə yara, dostumu əlimdən aldı, neylim!?.
O mənimlə gəlmədi, orada qaldı, neylim?!.
Vuruşlarda düşündüm, bütün yollar uzunu,
Bir vəfalı dostumu, bir də onun qızını!..
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-cabbarzade-onun-qizi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
ای خوشا سودای دل از دیده پنهان داشتنمبحث تحقیق را در دفتر جان داشتن
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Qurbanın olum, getmə, Əli, bircə dayan, durQurbanın olum, getmə, Əli, bircə dayan, dur,Göz yaşıma bax, gör necə ardınca rəvandır.