İkinci məclis
Vaqe olur həmin otaqda. Allahqulu, Şahqulu ayaq üstə söhbət edirlər.
Şahqulu. Allahqulu dayı, sən öləsən, meyitini görüm, qara köpək dərinin üstündən azacıq yırtmışdı, yağı elə xakriz elədik ki, kefin gələ... İndi Şahqulu, vur ki, bacının toyudur. Düyü əldə, yağ əldə, ağaları ver yuxuya, döşən pilov üstə...
Allahqulu. Bu evdə it yeyəsini tanımır, nə vecinizə, kef aparın, Allah sizə baxıbdır.
Şahqulu. Allahqulu dayı, mən ölüm acığın tutmasın, sənin özünün kefi heç padşahda da yoxdur. Xanpərvər bəyimin sənə o qədər şəfaəti var, demək olar, sən süd gölündə üzürsən.
Allahqulu. Nə yava söyləyirsən, ay gədə? Başına at təpibdir, nədir? Heç qanırsanmı nə deyirsən? Bir elə qələt elə ki, atan-baban duzun dadmış olalar.
Şahqulu. Sən öləsən, meyitini görüm, Allahqulu dayı, heç o yan-bu yan eləmə. Bax, bu gözlərimlə görmüşəm... Amma, sən öləsən, heç kimə demərəm.
Allahqulu. Sarsaq oğlu sarsaq, nə danışırsan? Ağzını qulağının dibinəcən cıraram, axmaq oğlu axmaq!..
Şahqulu. Meyitini görüm, mən heç sarsaq deyiləm... Bircə de görüm, gecələr bizi yuxuya verib bəyimin otağında nə qayırırsan?
Allahqulu. Veyil oğlu veyil! Mən də deyirəm bəs nə deyir... Belə qəlyan istəyir, qəlyan aparıram. Deyir ayağımı ov, ayağını ovuram... Deyir quluncumu sındır, quluncun sındırıram. Bundan nə çıxar?
Şahqulu. Allah atana rəhmət eləsin! Dəxi bundan artıq nə istəyirsən?..
Allahqulu. Gələn var, ay gədə, səsini kəs. Allahı sevirsən bizi nahaq qana çalxama! (Səfiqulu qaçaraq otağa daxil olur, dalınca da Güləndam ona bir bərk yumruq vurur.)
Güləndam. Ay mürtəd oğlu mürtəd! Adamı da elə çimdiklərlərmi? Yandım töküldüm, ətim kömür kimi qaralıbdır.
Şahqulu. Ay Səfiqulu dayı! Doğru deyir dayna! Niyə elə üsulluca çimdikləmirsən ki, özünün də xoşuna gələ? (Gülüş)
Güləndam. Ağrım hamınızın ürəyinə! Azğın uşaqları azğın! (Gülüş)
Səfiqulu. Artıq danışsan, vallah səndən dişdək allam ki, saf ürəyin gedər, qəşş elərsən.
Güləndam. Yavaş, boğazında qalar. Kül başına!
Səfiqulu. Mən ölüm, uşaqlar qoymayın! Şahqulu, tut, qoyma! Allahqulu, o yandan gəl!
Güləndam. Mürdəşir yusun üzünüzü, murdar uşaqları! (Qaçır.)
Allahqulu. Ay uşaqlar, birdən gedər deyər, vallah, Cənnətəli ağa dərinizə saman təpər, farağat oturun.
Şahqulu. Xasiyyətinə bələdəm, qorxma deməz. Sən öləsən, özünün ürəyindəndir... Siz öləsiz, özü məni gündə min qapazlayır. Qızlar da qoşulurlar ona. Sən öləsən, mənə qapaz, yumruq. Mən də, sən öləsən, meyitini görüm (uzada-uzada) həllənirəm, həllənirəm... Xülasə, qardaş, bu evə Allah min bərəkət versin, hamının kefi kökdür.
Heydərqulu ağa (o biri otaqdan). A gədələr! Şahqulu! Allahqulu! Ay murdar uşaqları, sizi çağırmıram? Biriniz bura gəlsənizmi!
Şahqulu. Hər kim qapaz yemək istəyir, buyursun! Mən qələt elərəm, getmərəm. (Qaçır.)
Səfiqulu. Ay gədə, Şahqulu! Ağa səni çağırır, hara qaçırsan? (Bunlar da qaçırlar.)
Telli (daxil olub). Sənə qurban olum, ay Allah! Səni and verirəm öz birliyin hörmətinə, məni bu evdən tez xilas elə! Yoxsa canım boğazıma yığılıbdır, dəxi dözə bilmirəm... Bir yandan ömrü gödəlmiş Heydərqulu ağa mənə göz verir, işıq vermir, elə fikrə düşür, elə qələt eləyir ki, it yesə gözü ağarar... Bəyimlər də biri deyir corabımı çıxart, birisi də papiros gətir, od gətir, gör saqqızım hardadır... Özləri yerlərindən tərpənməzlər. Bilmirsən hara gedəsən...
Heydərqulu ağa (daxil olub). Yaxşı düşmüsən əlimə, dovşan çomağa rast gələn kimi... Dünəncə məni niyə söyürdün?.. İndi necəsən?
Telli. Sürün cəhənnəmə! Min yol sənə demişəm mənə sürtüşmə, xeyir aparmazsan. Vallah, qarnına bir bıçaq soxaram ki, bağırsağın ayağına dolaşar... Bihəya oğlu bihəya!
Heydərqulu ağa. Adın nədir Daşdəmir, yumşalısan, yumşalı...
Telli. Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli.
Heydərqulu ağa. Vallah əlimdən qurtara bilməyəcəksən... Nahaq yerə məni əzaba salma.
Telli. Ağlın özününkülərə getməsin... Bu bıçağı görürsənmi? Yaxşı olar ki, məndən əl çəkəsən... Dünən də atan, saqqalından utanmayır, əlimi sıxır... Yox bu xalq özünü çöldə qoyubdur... Kökünüz kəsilsin. (Gedir.)
Heydərqulu ağa. Görək Telli! Qalsın səninkilə mənimki. (Gedir o biri otağa. Püstəbanu bəyim tələsik yüyürür pəncərə tərəfə, dişində papiros.)
Püstəbanu bəyim. Güləndam, Güləndam, bir tez gəl! Tez ha, Güləndam, getdi, gəl! (Oxuyur.) Getmə, qurbanın olum...
Güləndam. Kimdir, xanım, kimdir? Hanı, necə oldu?
Püstəbanu bəyim. Belə Yusif bəydir, Cavad bəyin oğlu.
Güləndam. Zalım oğlu zalım, xalis Yusifdir... Allah saxlasın gözdən-nəzərdən... Ay kafir oğlu, bir bəri bax, dayna!..
Püstəbanu bəyim. Bilsə ki, baxan var, gözün buradan kəsməz... Xa, xa, xa! (Yalandan gülür.) İndi getməzsən.
Güləndam. Bax! Bax! Bax! Tərlanım... Bax, qızlar səni yesinlər!
Püstəbanu bəyim. Zalım oğlunun gərdəni bir qarışdır... Yerişinə bax! Səkir... Quş kimi səkir kafir oğlu.
Güləndam. Ayağında çəkmə, arxalıq da məxmər... Bax, indi də papağın əyri qoydu.
Püstəbanu bəyim. Hələ çox büsat düzəldəcəkdir lotu... Deyəsən gələn var. (Gedir, oxuyur.) “Getmə, yesirin oldum”.
Şahqulu (daxil olub). Gördünüzmü Yusif bəyi? Gördüz necə gözəldir?.. Havaxt məni görəndə deyir: a kafir oğlu, mürtəd oğlu, bəyimin kefi necədir?
Püstəbanu bəyim. Yəni məni də soruşur? A səni yesinlər, Şahqulu! Göyçəkdirmi? Uzaqdan çox gözəl görünür.
Şahqulu. Yaxından baxanda ki, sağ adam valeh olur... Allah bir xeyir iş düzəldə idi, nə oynardım, nə oynardım!..
Püstəbanu bəyim. Nə cür oynardın, a gədə?.. Elə indi bu saat oyna görüm... Mən ölüm başla... hm, tez!
Güləndam. Qara geyəsən, oynasana!.. Hə, durma, başla görək.
Püstəbanu bəyim. Sən Yusif bəyin ölmüşü oyna!..
Şahqulu. Yusif bəy ölüncə, qoy dünya-aləm dağılsın... Siz çalın, mən də oynuyum.
Püstəbanu bəyim (pəncərə taxtasında ləzginka çalır). Güləndam, əl vur! Ha qoçaq, ha qoçaq. Bərəkallah, afərin, Güləndam, yeri di, qoyma! (Şahqulunu qapazlayır.)
Şahqulu. Vurun, sizə qurban olum! Vurun, əzizlərim, sizə qurban!.. Dəxi bəsdir! Dəxi bəsdir, başınıza dönüm, öldüm axı... Bəsdir, vallah, dişlərəm.
Püstəbanu bəyim. Ağzına bax qoduğun! Gör nə deyir: dişlərəm! Güləndam, yeri di! (Şahqulu qaçır, qızlar gülüşürlər.) Xa, xa, xa... (Gedirlər o biri otağa, o yandakı otaqdan Cənnətəli ağanın səsi gəlir.)
Cənnətəli ağa. Nə var, a gədə? Genə nə olubdur? Bəri gəl görüm! Niyə qaçırsan?
Cənnətəli ağa, Kərbəlayı Məhəmmədvəli və Şahqulu daxil olurlar.
Şahqulu. Ağa, başına dönüm, hansı otağa girirəm məni qapazlayırlar. Canımın dərdindən bir yerdə dura bilmirəm. canım cəhənnəmə, papağımın şiltiyin atıbdırlar.
Cənnətəli ağa (oturub). Qırışmal oğlu, nadürüstlük sənin özündəndir. Papağın yırtılar birini də allam. Get, böyük ağaya ərz elə ki, Kərbəlayı Məhəmmədvəli gəlibdir. (Gədə gedir.) Kərbəlayı, indi söylə görüm kənddə nə var, nə yox?
Kərbəlayı Məhəmmədvəli (yanında xurcun, içində bir kəllə qənd, bir sərnic qatıq). Ağa, başına dönüm, sənin ki, adın bizim üstümüzdədir, şükür Allaha, kefimiz çox kökdür. Allah sənin kölgəni bizim üstümüzdən əskik eləməsin.
Cənnətəli ağa. Olsun, olsun... Söylə görüm, dəxi nə var, nə yox, özün necə dolanırsan?
Kərbəlayı Məhəmmədvəli. Ağa, dövlətindən kefim çox kökdür. Ancaq bu qış səkkiz gamuşum, on dörd inəyim, xırda-paradan başqa, tələf olubdur.
Cənnətəli ağa. Paho, nə böyük ziyanlıq olubdur!
Kərbəlayı Məhəmmədvəli. Ağa, dövlətindən qalanı da çoxdur... Mən bura gələndə qulluqçunuz bir az tədarük görmüşdü, ancaq bir elə qəza üz verdi ki, hamısını gətirə bilmədim. Yolda düşdüm Səmədbəygilə. Orada sənin dövlətindən mənə çox hörmət elədilər... Səfiqulu ağa da orada idi. Dedi ki, Kərbəlayı, gərək oturub mənim ilən bir yerdə çörək yeyəsən. Dedim, ay ağa, necə ola bilər? Mən elə qələt eləyə bilmərəm... Olmadı, oturdular, bir az çörək yedik. Sonra durdum ki, yola düşüm, gördüm sovqatımın çoxu gedibdir. Bilmədim motalı kim apardı, yağ necə oldu, qaymağı kim yedi. Qalanı bir sərnic qatıq oldu, heç açıb ağarda da bilmədim. Əlim boş olmamaqdan ötrü burada bir kəllə qənd alıb gətirdim.
Cənnətəli ağa. Dəxi nə var, nə yox?
Kərbəlayı Məhəmmədvəli. Dəxi sağlığınız, nə var ki. Bir də, ağa, qubernator camaatdan ağsaqqal istəmişdi. Bir on nəfər cəm elədim, getdik... Buyurdu niyə dinc oturmursunuz, oğurluq eləyirsiz? Bilirsizmi ki, oğurluq eləyən gərək binamusluğu da gözaltı eləsin? Ondan ötrü ki, onun arvad-uşağı yasavullar və kazak əlində yesir kimi həlaka gələr... Çox söylədi... Burada mən nə cür danışdımsa, dürüst yadımda deyil, amma onun elə xoşuna gəldi ki, oradan buyurdu mənə bir midal gəlsin nəlbəki böyüklüyündə.
Cənnətəli ağa. Paho! Kərbəlayı, hər sözün doğru isə, amma burada çox artırdın. Onun üçün ki, nəlbəki böyüklüyündə midal olmaz; o böyüklüyündə yasavul nişanı olar.
Kərbəlayı Məhəmmədvəli. Başın üçün elə idi ağa! O günü də bir əhvalat oldu. Sarı Əhməd bəhrənin üstə bir az artıq-əskik danışdı. Üstümdə yaraq yox, elə əlimə bir paya keçdi. Bir balaca qulunuz da var, elə onu gördüm ki, Əhmədi bayaq alıb altına... İndi o, başı qanlı şikayətə gedibdir. Dövlətindən, heç zad bacara bilməz... Nə qədər canımda can var oğlunuza heç kim cürət eləyib, dil tərpədə bilməz.
Xanpərvər bəyim və Şahqulu daxil olurlar.
Xanpərvər bəyim. Kərbəlayı, kefin yaxşıdırmı? Nə qayırırsan, nə eləyirsən?
Kərbəlayı Məhəmmədvəli (baş əyib). Şəfaətiniz artıq olsun, xanım, ömrünüzə dua eləyirəm, kölgənizdə dolanıram.
Cənnətəli ağa. Deməzsənmi kərbəlayının on dörd gomuşu, altı inəyi bu qış tələf olubdur.
Xanpərvər bəyim. Ay, vay, vay! Nə pis iş olubdur!
Şahqulu. Kərbəlayı, sənin bir elə malın harada idi? Rəhmətliyin oğlu, köhnə peşəni əldən qoymayıb goplayırsan
Kərbəlayı Məhəmmədvəli. Sən mənə havaxt naxırçı olmusan ki, mənim malımın sayını biləsən, qoçaq?
Şahqulu. Niyə, biz sizə qonşu deyilik, Kərbəlayı? Çığırmağa dəyirman, öyünməyə yad ellər. Belə gopu get elə yerdə işlət ki, səni orada tanıyan olmasın.
Xanpərvər bəyim. İtil buradan, vələdüzina! Sən heç ağzının sözünü bilmirsən! Kərbəlayı dəxi nə var, nə yox?
Şahqulu. Kərbəlayı, başla görək.
Cənnətəli ağa. İtil sənə deyirlər buradan, simitən oğlu simitən! İndi biz ilən həmsöhbət olacaqdır.
Şahqulu. Kərbəlayı, bağışda, bəlkə xatırına dəydim.
Xanpərvər bəyim. Ay gədə, itilib getməzsən?
Şahqulu. Bəli, gedim. (Gülə-gülə gedir.)
Kərbəlayı Məhəmmədvəli. Əliboş bu qapıya gəlmək mənə layiq deyil. Mən bu evin çörəyi ilə adam olmuşam. Çünki yolda sovqatımı əngələ saldılar, naəlac qalıb bu qəndi aldım ki, ağa özünə mürəbbə bişirtsin. (Qəndi çıxardıb kənara qoyur.)
Cənnətəli ağa. Kərbəlayı, bizə nə çox xəcalət verirsən?
Kərbəlayı Məhəmmədvəli. Allah qoysa, gör, ağa, mən bu evə nə cür nökərçilik edəcəyəm... Mənim, ağa, ikinizdən də bir təvəqqem var... Mənim malım bu il elə ələfsizlikdən tərk oldu. Deyirəm hərgah şəfaətiniz olsa, o sizin aşağıdakı evin yanında, arxın altındakı yeri mənə bərat buyurasız, artıq yer də deyil, beş-altı çuvalın yeri ancaq olar, dana-bizo çəpəri qayıram.
Cənnətəli ağa. Hə, yadımdadır... Oranı mən, orada olanda, istəyirdim bağ saldıram. İndi ki, sənə lazımdır, bağışladım sənə, sənin qulluğun mənim yanımda çoxdur. Hələ sənə çox zad verəcəyəm.
Kərbəlayı Məhəmmədvəli. Şəfaətiniz artıq olsun, Allah sizin kölgəvüzü bizim üstümüzdən əskik eləməsin, onsuz biz ayaq altında itərik. İndi, ağa, rüsxət versəz, gedib o bacım qızı Güləndamı da görüb gedərəm, yolum uzaqdır, bəlkə qaranlığa düşməyəm.
Cənnətəli ağa. Yaxşı, Kərbəlayı, mən özüm də gedəcəyəm, bir yerdə gedərik... Təliqəni də mirzə gələr, yazdıraram. (Kərbəlayı Məhəmmədvəli Xanpərvər bəyimə baş vurub çıxır. Cənnətəli ağa da gedir.)
Xanpərvər bəyim. Xoş gəldin. (Onlar gedəndən sonra çağırır.) Allahqulu, Allahqulu, bir qəlyan.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-adi-var-ozu-yox-ikinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Ağacun!Yetişdim bu fəna dünyadə qəmdən canə, ya mövla,
Balaca mütəfərriqələr 19– Ağacun!Duş budəm dər xərabətəm güzar,
Balaca mütəfərriqələr 20– Ağa Dərviş, əhvalını genə pərişan görürəm, nə olub məyər?– Heç soruşma, kərbəlayı, əhvalım qolaydı.
Balaca mütəfərriqələr 21– Ağa Dərviş! Salam əleyküm! Oğlan, bu nə vaxtın namazıdır?– Hacət namazı qılıram, əfəndim, əz bərayi-rəf bəlayi-büzürg.
Başqa şairlərin şeirləri
Şükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
ای دیده در آن شکل و شمایل نظری کنگر زآنکه تو را آرزوی دیدن جانست
Müstəzad: Ey dil, gecələr sübhə dəkin yar eşiyindəEy dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin