İkinci məclis
Səhifə 2 / 2 · 50%
Mələk xanım. Kifayətdir, kifayət olsun, eybi yoxdur. Dur gedək oğul. (Şahmar bəyə.) Allah barı səni mənə çox görməsin, dur gedək...
Şahmar bəy. Bəli, fəziləti-axund məlum şüd!.. Buyur, gedək, ana. (Gedirlər.)
Fəxrəddin bəy (tək). Qəribə işə düşmüşəm, and olsun Allaha, bu kəsafəti-mədə ilən mənə ağıl öyrətmək istəyirlər... Canım, beş gün deyil bu vəhşi tayfanın içinə gəlmişəm, az qalıbdır ki, məni cəllad eləsinlər. Xudaya, gör mən nə dərdi çəkirəm, bunların fikri nədir! Bədbəxt müsəlman, şəriətdən bixəbər, avam müsəlman. Fəqir-füqəralar yaddan çıxıb, yetimlərə rəhm kəsilib, elm yox, sənət yox. Girmişik meydana, əldə qılınc, hərif axtarırıq. Bismillah buyurun görək kim artıq bihəyadır, kim cəbr etməkdə, baş kəsməkdə qoçaqdır. Tfu, xaraba qalasan, ölkə! Heyf sənə, gözəl şəriət! Heyf sənə, gözəl islam! Hər bir şeydən mənə təəccüb o gəlir ki, anam, qardaşım bilə-bilə ki, mən Səadətsiz dünyada bir gün də ömür eləmək istəməzdim, onunla belə o təmənnaya düşüblər ki, Səadətin adını çəkməyim... Afərin məhəbbətinizə! (Hürü kişi libasında daxil olur.)
Fəxrəddin bəy (xoflu). Kimsən, nəçisən? Burada nə işin var?
Hürü. Qorxma, Hürü nənə sənə qurban! Mənəm, mən. Belə sənin qoca Hürü nənən!
Fəxrəddin bəy. Gecənin bu vaxtında, bu libasda? Nə olub, Hürü nənə? Allah xatirinə, tez məni hali elə.
Hürü. Qorxma, canım sənə qurban, hələ qoy bir nəfəsimi alım... Səndən savay yaxında adam yoxdur ki?
Fəxrəddin bəy. Heç kim yoxdur. Bircə de görüm Səadət salamatdırmı, nə iş ittifaq düşüb?
Hürü. Salamatıq, a başına dönüm... Bizim o mürdəşir üzün yumuş Rüstəm bəy, məlun oğlu məlun, hazırlaşıb sizin evə od vursun gecə vaxtı və çölə çıxanı yanğın işığına gülləbaran eləsin. Bir dəli qudurmuş Cahangir bəy də var, bilmirəm onu tanıyırsan, ya yox, o da Səadətdən ötrü dəli-divanədir, kişi istəyir onu da gətirib köməyə bu evin adamlarını cəmən qırsın... Rüstəm bəyin tədbirini Səadət xanım və Gülbahar xanım bilib təşvişə düşüblər, məni də göndəriblər xəbərə.
Fəxrəddin bəy. Nahaq təşvişə düşüblər... Rüstəm bəy mənə heç zad eləyə bilməz; ancaq təəccüb burasıdır ki, mən hazırlaşmışdım gedim Rüstəm bəyin qulluği-şərifinə, bu düşmənçiliyi aralıqdan götürməkdən ötrü... İndi ki, belə oldu, neyləmək. Lazımdır sərhesab olmaq... Məni xəbərdar eləməkdə yaxşı iş görmüsüz... Biçarə Səadət yəqin əziyyət çəkir.
Hürü. Səadət xanım biçarə özünü öldürür, deyir: Fəxrəddin bu vilayətdən baş götürüb getsin, aman günüdür, qoy, deyir: dünyayi-aləmin hər nə müsibəti var, mən çəkim, Fəxrəddinin başından bir tük əksik olmasın. Fəxrəddin, and olsun sənin əziz canına, mən dünyada belə qız görməmişəm, eşitməmişəm! Allah özü birliyi xatirinə, onu səndən ayırmasın!.. Gülbahar gecə-gündüz qardaş deyib ağlayır. Səadət xanım bir dəqiqə Gülbahardan əl çəkmir, quzu kimi onu yalayır. Belə bacı da olmaz, ana da olmaz.
Fəxrəddin bəy. Mən bir işdə çox böyük səhv eləmişəm, Hürü nənə. Gərək Səadəti düz aparaydım Almaniyaya. Qalardıq orada və bir belə zəhmət çəkməzdik, bu vəhşi tayfanın nahaq, biinsaf, bimürüvvət işlərin görməzdik. İndi görək Allah nə istəyib!
Hürü. Fəxrəddin, canım sənə qurban, mənim buraya gəlməyimi gərək heç kim bilməsin, çünki məlun oğlu məlun bizi diri-diri boğar, dar ağacına çəkər. İndi mən gedim, qurban sənə, Səadət xanım təvəqqe eləyirdi ki, burada qalmasın və gedən vaxt məni görməmiş getməsin.
Fəxrəddin bəy. Mən buradan heç bir yana gedə bilmərəm. Əvvəla, ondan ötrü ki, dəxi hicrana tabım yoxdur, mənim Səadətdən uzaq düşməyə taqətim ola bilməz. İkinci, o işləri ki, mən başlamışam, ondan əl çəkə bilmərəm. Doğrudur, mən adam öldürən deyiləm, amma onu mənim əlimdən Allahdan savayı heç kim ala bilməz. Hərgah bilsəm ki, Səadət məhəbbətini bir dəqiqə məndən kəsibdir, ikinci dəqiqə mənim bu dünyada axır nəfəsimdir. Bu sözləri təvəqqe eləyirəm, Hürü nənə, Səadətə deyərsən. Hər nə istəsəm, bu dünyada hamısını o məhəbbət gücü ilə eləyə bilərəm.
Hürü. Səadət özü çox yaxşı bilir sən kimsən ondan ötrü, sən də bilirsən Səadət kimdir səndən ötrü. Allah hər ikinizi salamat eləsin, xətadan-bəladan uzaq... Gecə keçir, nənən sənə qurban, dəxi mən gedim.
Fəxrəddin bəy. Get, Allah səndən razı olsun! Gəl üzündən öpüm. (Öpüşürlər.)
Hürü. Sənə gələn dərd-bəla mənim sağ gözümə! Oğul-uşağım da sənə qurban, Fəxrəddin!
Hürü gedir.
Fəxrəddin bəy (tək). Rüstəm bəy intiqam almaq istəyir... Neyləmək! Belə vay, ellik ilə gələn vaydır. Rüstəm bəydə günah yoxdur. Elmdə, sənətdə geri qalan millət bizim günümüzə düşər... Bitərbiyət, qanmaz, bihəya, yalançı, oğru, başkəsən, nainsaf, bimürüvvət... Neyləmək gərək?! İşimiz bel düşüb... Ağsaqqal, büzürgüvarımız Rüstəm bəy! Mənim taxsırım nədir ki, məni öldürtmək istəyirsiniz, bitaxsır? Görək bu şəriətimizdə var, Quranımızda var, ya belə işə insaf yol verə bilər?.. (Uzun səktə.) Xudaya, mən ölümdən qorxmuram, qüdrət sənin əlindədir, amma rəva deyil ki, mən bir belə zəhmətdən sonra öz mətləbimə çatmamış, arzularıma yetməmiş cavan, bir gədasifət adamın əlində bitaxsır bada gedəm. Həvəs ilə başladığım işin aqibətin görməyib tələf olam! Mənim canıma qəsd eləyən şəxs, məgər Allahdan qorxmaz, xəyal eləməz?.. Məgər cavanlıq, nakamlıq zalımın qabağın kəsməz! Məgər Səadətin naləsindən qorxmaz?.. (Fikrə gedir.)
Sədayi-qayibanə oxuyur:
Sındırdı çərx zülm ilə balü pərim, haray!
Döndərdi tez xəzanə fələk güllərim, haray!
Ey ruzigar, neyləmişəm bilmənəm sənə,
Ümmanə döndü qan ilə çeşmi-tərim, haray!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-musibeti-fexreddin-ikinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Yer üzünün cənnəti, bimisl gözəl vətən! Laləzar çəmənlərində, soyuq bulaqlarında, laylay çalan meşələrində bir qarış yer yoxdur ki, balaların orada şad olub, dərd-qüssəyə düçar olmasınlar! Baxınız Dağıstana, uca dağlara, insanı valeh edən tamaşaya, görüz nə hala düşüb! Məzlum, yetim sifətində, kasıb, əlsiz-ayaqsız, naçar ləzgi qardaş! Hanı sənin bir yaxşı mərdanə gəzən günlərin, at belində naz və cürətlə cədəl oynadan günlərin?! Qonaq qabağına şad-xürrəm çıxan günlərin?! Can qardaş! Bəs bir sən söylə görüm nə oldu, siz hansı bəlaya düçar oldunuz?– Köçən köçdü, qocalar getdilər, adət pozuldu, yerlər əldən çıxdı, insan sifətindən bizi çıxardılar... Dərdimiz çoxdur! Hansını söyləyim? Dini-islamın, şəriətin bir tək adı qalıb. Can qardaş! Yaralarıma sən od basdın, bu nə sual idi sən etdin?
Balaca mütəfərriqələr 33Bir amerikalının sualına cavab**Keçənlərdə “İrşad”da bir amerikalı müsəlmanlardan soruşmuşdur ki, həqiqət nədir? İştə cavabını ağa Dərviş verir:
Balaca mütəfərriqələr 34Badkubənin şiddətli istisi məni vadar elədi üz qoydum vətənə sarı. Orada bir balaca alaçığım da var idi. Dedim həm ziyarət, həm ticarət... Vaqondan düşdüm, əyləşdim dilicana... Yüz verst yolun tozu o mərtəbədə məni təngnəfəs etmədi, nə qədər ki ərrabə sürənlərin bəd hərəkətləri və nalayiq danışıqları... Atlarla tövlədə bəslənmiş adamlardan nə gözləməli?.. Varid oldum şəhərə, bərbad olmuş imarətləri gördüm, səbəbin evi elə-belə bərbad olsun, necə ki bu gözəl şəhər bərbad olub!.. Onunla belə bu bərbad olmuş şəhərdə gecə-gündüz fikrimdə olan qaydaları gördüm, şükürlər etdim...Cavanlarımız camaat işinə məşğul, balalarımız oxumaqda, məscidlər camaatla dolu... Şükür xudavəndi-aləmə!.. Bu şadlığımdan sonra... kaş... o “ticarət”... cəhətini açmayaydım, onda yəqin ki, ikinci vətənə şad-xürrəm qayıdardım. Nahaq yerə pul məsələsini gətirdim araya, əlac yox idi... Mən və qeyriləri nə qədər səy, təlaş etdik, mümkün olmadı... İlan yeyib, əjdaha olmuş ələlxüsus... Pah, pah, pah, onun həmşirəsi heç bir təklifimə yaxın gəlmədilər... Naçar qalıb iclas qurdum... Biri oldu dəstxoşçu, biri oldu kərbəlayı, biri məşədi, biri hacı, biri qızıltəkbənd... Kərbəlayı mərd-mərdanə buyurdular:
Balaca mütəfərriqələr 35Dərviş:– Salam əleyküm, kərbəlayı Pirverdi.