Bizim Qafqaz dağlarından şırıl-şırıl süzülən,Çəmənlərin gərdəninə inci kimi düzülən,Uca dağlar camalına güzgü tutan bu çayın,Sağlığına saz tutaraq söz deyirəm bu gün mən.

Hansı könül ilham almaz bu mənalı gözəldən?Bir tamaşa yaranmışdır onun hüsnü əzəldən.Bu gün mənəm Samurçayın sahilində dayanıb,Xəyalımın dünyasında söz dastanı düzəldən.

Mən bilirəm bu çöllərin güzgü kimi üzü var,Çaylarının hər daşında at nalının izi var.Dağ başında tüstülənən qəhrəmanlar yurdudur,Hər ananın ürəyində bir dünyanın sözü var.

Samur çayın dörd tərəfi bəzəkli bir gül bağı,Ceyranların, turacların, kəkliklərin ovlağı.Nədir o dağ döşündəki cərgələnmiş alaçıq?Kiçik Qafqaz dağlarıdır, ləzgilərin yaylağı.

Samur çayı, sən axdıqca susuz yanan çöllərə,Dalğaların baş əydikcə bizim ağır ellərə,Boz təpələr çiçəklənir, atlas geyir yamaclar.Bu şöhrətin dastan olur, ağızlara, dillərə.

Sən bəzəkli gəlin kimi, nazlı-nazlı keçəndə.Susuz çöllər şadlanacaq şərbətindən içəndə.Al qumaşa bürünəcək ana yurdun qızları.Güllərindən dəstə tutub, sünbülünü biçəndə.

Samur çayı, gözlədiyin gün tezliklə gələcək.Hər ağacın kölgəsində bir gözəl dincələcək.Dilimizdə qəlbimizin ürək açan nəğməsi.Səsimizdən yer tərpənib, ağır göylər güləcək.

Qızıl alma sallanacaq yaşıl donlu budaqdan,Yasəmənin ağ bənizi, göz qırpacaq uzaqdan.Bu gözəllik dünyasının şairanə seyrinə,Hər insanın öz ürəyi çıxacaqdır otaqdan.

Bollanacaq yurdumuzun bağçaları, bağları.Sarmaşacaq bostandakı şamamanın tağları.Səhər-səhər bağ içində qoşa gözən gənclərə:— Gəl üzümdən öp deyəcək ömrün gözəl çağları.

Boz çöllərin ciyərinə işlədikcə axar su,Yayılacaq reyhanların, nanələrin qoxusu.İnsan oğlu öyünəcək göstərdiyi hünərlə,Təbiətin gözlərindən çəkiləcək yuxusu.

Sahilində çimişəcək yaşılbaşlı sonalar,Qapısında gül görəcək ömrü keçmiş analar.Samur çayı əks edəcək elektrik işığı.Duma kimi düzüləcək aynabəndli binalar.

Dolanacaq Abşerona Samurçayın kəməri.Al yaşıla bürünəcək bizim Bakı şəhəri.İlk səhərin şəfəqiylə yuyunacaq səhralar.Qızıl güllər qoxuyacaq ana yurdun səhəri.

Gözəl Bakı! Gözəl şəhər! Sən ey ana torpağı,Pəncərəndən sallanacaq çinarların yarpağı.Bülbüllərə dil verəcək, tutilərə kamança,Qucağında bəslədiyin sənət bağı, söz bağı!

Hər meydançan olacaqdır yeniyetmə gülüstan,Qalmayacaq təbiətdən zövq almayan bir insan.Yaşıllıqda boy atacaq Nizaminin heykəli,Tarixlərə səs salacaq qızıl xətli bu dastan.

Ayna sular hər qapıdan şırıl-şırıl axacaq,Bizim qızlar sinəsinə qızıl güllər taxacaq.Axşam üstü kölgə salan sarmaşıqlar içindənBu eyvandan o eyvana nə cananlar baxacaq.

Güldən biçsin öz donunu qoy Abşeron adası,Qucaqlasın bu gülşəni biz Xəzər dəryası.Gündən-günə şəfəqlənib işıq saçsın aləmə.Bu azadlıq, bu səadət, bu gözəllik dünyası.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar