Sevgilim, qış gəlir, şaxta düşəcək,Yenə axar çaylar buz tutacaqdır.Yenə çapırdacaq atını külək,İsti ocaqları soyudacaqdır.

Ağzını qurd kimi ayıracaq qış,Bir də qıcayacaq ağ dişlərini.Dümağ geyindikcə o başı batmış,Yenə qar basacaq dağ döşlərini.

Sənsə cəbhədəsən belə bir gündə,Tüfəngin dabanda bir döyüşçüsən.Vətən məhəbbəti olan köksündəMənim də eşqimi yaşadarsan sən.

Bir corab, bir əlcək, bir isti köynək,Bir də ki, yun başlıq göndərirəm, al!Səni qılınc kimi kəsməsin külək,Sən də nərə çəkib, qılıncını çal!

Gey bütün bunları şaxtada, qarda,Gey ki, əl-ayağın üşüməsin heç.Əynin isti qalsın, fırtınalarda,Cəbhədən şir kimi sən atlanıb keç.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri