Səhifə 2 / 4 · 25%

Canım Həmzə, gözüm Həmzə!..
Həmzə, incitmə Qıratı!..
Budu sənə sözüm Həmzə,
Həmzə, incitmə Qıratı!..

Qıratdı mənim dirəyim,
Əriyər, qalmaz ürəyim.
Sən olasan duz çörəyim,
Həmzə, incitmə Qıratı!..

Eşidər paşalar, bəylər,
Şadlıq xəbərini söylər,
Koroğlu iltimas eylər,
Həmzə, incitmə Qıratı!

Keçəl Həmzə dedi:
– Koroğlu, elə adın var imiş. Bir ay süfrənin qırıq-quruğundan
yedim, indi onu da dilinə gətirdin, başıma çaldın. Özün karvanlar soyursan,
mal-dövlət alırsan, indi bir at nədi ki, ondan ötəri bu qədər yalvarır,
yaxarır, yanıb hayıfsılanırsan?
Koroğlu dedi:
– Mən ondan ötəri hayıfsılanmıram. Ona yanıram ki, sən Qıratı
aparıb saxlayan, minən deyilsən. Gəl atı özümə sat. Bunu eləməsən
əylən, onda Qıratın qiymətini deyim, allanıb ucuz satma!
Aldı Koroğlu:

Əylən, deyim Qıratın qiymətini,
Səksən min sərkərdə mala da vermə!
Səksən min ağ tüklü qəmər öyəcə,
Səksən min xəzinə pula da vermə!

Səksən min ilxıya, səksən min ata,
Səksən min mahaldan gələn barata,
Səksən min kotana, səksən min cütə,
Səksən min kotanlı kala da vermə!

Koroğlu dövlətin endirsin düzə,
Say götür hamısın səksən min yüzə.
Səksən min gəlinə, səksən min qıza,
Səksən min ərgənə, dula da vermə!

Keçəl Həmzə dedi:
– Koroğlu, arxayın ol, qiymətinə sataram.
Koroğlu gördü keçəl Həmzə Qıratı verməyəcək, dedi:
– Barı qulaq as deyim, atı necə saxlamaq lazımdı. Aldı əlüstü, görək nə dedi:

Həmzə, atı yaxşı saxla,
At iyidin qardaşıdı.
Gündə muğayat ol yoxla,
At iyidin qardaşıdı.

Yaz olanda dağa yollat,
Yay olanda ifçin nallat,
Qış olanda məxmər çullat,
At iyidin qardaşıdı.

Atı sevib bəslə körpə,
Hayqıranda çıxsın sarpa.
Hər yeyəndə qırx tas arpa,
At iyidin qardaşıdı.

Uzaq-uzaq yollarınan,
Belə ipək çullarınan,
Hoqqa yarım nallarınan,
At iyidin qardaşıdı.

Məclis qurdum çoxlarınan,
Dava etdim oxlarınan,
Qara polad mıxlarınan,
At iyidin qardaşıdı.

Sərin-sərin yu suyunan,
Quyruğu bağlı muyunan,
Qoç Koroğlu çox öyünən
At iyidin qardaşıdı.

Keçəl Həmzə dedi:
– Koroğlu, nə zaman Qıratın dalınca Toqata gəlsəm özüm üzəngini
basıb səni mindirəcəyəm. Amma indi heç üz vurma, atı verməyəcəyəm.
Gərək aparıb Mahmud paşaya verib, Dona xatunu alam.
Keçəl Həmzə bunu deyib, Qıratı səyirtdi, gözdən itdi. Koroğlu
Düratı qaytarmağa gəlmişdi, Qıratı da əlindən verdi. Ona bu hamısından
ağır gəldi, dəyirmanın qapısında yerə oturdu, aldı görək nə dedi:

Çünki oldun dəyirmançı
Çağır gəlsin dən Koroğlu!
Verdin Qırı, aldın Dürü,
Döy başına, yan Koroğlu!

Qırat əldən getdi, barı,
Canda qaldı intizarı.
Üyüd arpa, buğda, darı,
Al şahadın sən, Koroğlu!

Uca dağlarda döşlətdin,
Ağır alaylar boşlatdın,
Yüz il lotuluq işlətdin,
Axır oldun xam, Koroğlu!

Özün allatdırdın büyün,
Sinəmə çəkildi düyün,
Gedin dəlilərə deyin,
İşə düşdüm mən Koroğlu!

Koroğlunun özü ac idi, atı da arpasız. Axşam düşdüyündən dəyirmana
gələn də olmadı. Koroğlu ac-susuz yatdı. Elə ki, sabah açıldı bir də
baxdı ki, budu bir kişi qabağında iki yüklü öküz gəlir. Kişi gəlib yetişdi.
Bir Koroğluya baxdı, bir paltar-maltarına, şəst-bəstinə baxıb dedi:
– A qardaş, hanı dəyirmançı?
Koroğlu dedi:
– Dəyirmançı yoxdu, indi dəyirmanda mən dururam.
Koroğlu özü öküzlərin üstündən çuvalları düşürdü, dəyirmana
apardı, sonra kişidən soruşdu:
– Qardaş, bunların içində heç arpa varmı? Mənim atım arpasızdı,
qorxuram damağ ola, bir az ona arpa verim yesin.
Kişi dedi:
– Çuvalların ikisi arpadı, ikisi buğda.
Arpa çuvalları yarımçıq idilər. Koroğlu bağlamaları bir-birinə boşaltdı,
bir çuval elədi, Düratın qabağına qoydu. Kişi istədi Koroğluya
mane olsun, Koroğlu gözünü elə bərəltdi ki, kişi qorxudan çıqqırını da
çəkə bilmədi, çəkilib bir tərəfdə durdu. Gördü yox, bu o dəyirmançılardan
deyil, bir az da o yan, bu yan eləsə çəkib cərcənəyini ayıracaq.
Koroğlu özü də yaman ac idi. Dürat arpasını yeyənə qədər buğda
çuvallarını töküb üyütdü. Unluğa da su buraxıb xamır qayırdı. Çəkib
dəyirmanın bir tərəfini sökdü, pərdilərdən ocaq çatdı, xamırı çörək
bişirdi. Öküzün də birini kəsdi, soydu, cəmdəyinin yarısını kabab
çəkdi, yarı çiy, yarı bişmiş yeyib toqqanın altını bərkitdi, sonra durub
Düratı minib, üzünü Çənlibelə çevirdi.
Bir də baxdılar ki, budu Koroğlu gəlir. Gəlir amma necə gəlir...
Hamı başını aşağı saldı. Nə bir salam, nə bir sabah. Heç keyfin, halın
da soruşmadılar.
Koroğlu atdan düşdü. Eyvaz onun qabağına çıxdı, aldı görək nə dedi:

Təzə sövdəyər olubsan,
Sövdan da mübarək olsun!
Alış-veriş öyrənibsən,
Sövdan da mübarək olsun!

Niyə girdin dəyirmana,
Bizi qoydun yana-yana,
Atı verdin Kaloğlana,
Sövdan da mübarək olsun!

Sən Eyvazı qoydun xəstə,
Get comərddən mətləb istə,
De bir neçə verdin üstə?
Sövdan da mübarək olsun!

Koroğlu neçə-neçə səfərlərə getmişdi, amma heç olmamışdı ki, qayıdanda dəlilər belə eləsinlər. Amma bu dəfə xanımlar onun üzünə baxmırdı, dəlilər salam vermirdi. Axırda Koroğlu aldı, görək nə dedi:

Keçər dövran belə qalmaz,
Şad ol könül, nə məlulsan?
Dəlilərim salam verməz,
Şad ol könül, nə məlulsan?

Geydiyim iyid kürküdü,
Dünya Süleyman mülküdü,
Dövlət ki var əl çirkidi,
Şad ol könül, nə məlulsan?

Koroğluyam deyim sənə,
Od tutub alışdı sinə.
Aşıqlığım bəsdi mənə,
Şad ol könül, nə məlulsan?

Bu sözdən dəlilər incidilər ki, çox yaxşı iş görübsən hələ danışırsan
da ki, “aşıqlığım bəsdi”. İndi ki belə oldu, indi ki sən bizi heçə
sayırsan, onda biz də çıxıb gedirik.
Koroğlu çox qəzəbli idi. Bir tərəfdən Qırat əldən getmişdi, bir
tərəfdən də Həmzə kimi keçəlin biri onu aldatmışdı. Öz dərdi özünə
bəs deyildi, indi də dəlilər belə deyirdilər. Elə ki, dəlilər dedilər biz də
çıxıb gedirik, Koroğlu qəzəbinin gücündən özünü saxlaya bilməyib
birdən qayıtdı ki:
– Əşi gedin də, nə eləyim gedirsiniz!
Bu söz dəliləri götürdü. Tay onların qabağını saxlamaq çətin iş idi.
Hamısı vəlvələyə düşdü. Hamı getmək üçün hazırlaşmağa başladı.
Nigar işdən xəbər tutub dəlilərin qabağını kəsdi, onları geri qaytardı.
Nigarın dəlilər arasında o qədər hörməti var idi ki, onun bir sözünü iki
eləməzdilər. Hamı qayıdıb oturdu. Nigar da onların arasında oturub
üzünü də o yana çevirdi. Koroğlu baxdı ki, Nigar da ondan üz çevirdi.
Bu, Koroğluya hamısından bərk yer elədi. Sazı döşünə basıb görək
Nigar xanıma nə dedi:

Ala gözlü Nigar xanım,
Üzün məndən niyə döndü?
Sənə qurban şirin canım,
Üzün məndən niyə döndü?

Qoyun otlar quzu ilə,
Ayağının tozu ilə.
Müxənnətin sözü ilə
Üzün məndən niyə döndü?

İyidin yatmasın baxtı,
Yana çevrilməsin taxtı,
Koroğlunun məlul vaxtı,
Üzün məndən niyə döndü?

Nigar heç bir söz deməyib sazı Koroğlunun əlindən aldı. Səmərqənd kağızı kimi ağ sinəsi üstünə basıb dedi:

Binadan gözəl olmayan
Telin qədrini nə bilər?
Çöldə gəzən boz sərçələr,
Gülün qədrini nə bilər?

Kal qoşub kotan əkməyən,
Nanın süfrəyə tökməyən,
Arının qəhrin çəkməyən
Balın qədrini nə bilər?

Utan, qoç Koroğlu, utan!
Dağların damənin tutan!
Sənin kimi başa çatan
Elin qədrini nə bilər?

Nigar sazla dediyi kimi sözlə də dedi:
– Sən ki dəlilərə belə söz dedin, daha mənim də səninlə işim yoxdu.
Deyirlər ki, Koroğlu heç bir söz deməyib düz durub getdi. Üç gün,
üç gecə tamam ac, susuz ağzı aşağı düşüb yatdı. Bir də yuxusunda gördü
ki, Toqatdadı. Qırat da altında. Diksinib qalxdı. Baxdı ki, Eyvaz başının
üstündə oturub ağlayır. Koroğlunun ürəyi alışdı, sazın götürüb dedi:

Eyvaz, məndən nə istərsən
Candımı, başdımı, nədi?
Axıdırsan ala gözdən
Qandımı, yaşdımı, nədi?

Məclisdə dolanmır sağın,
Sinəm üstdən getməz dağın,
Tökülübdü qaş-qabağın,
Boranmı, qışdımı, nədi?

Dayan, Qoç Koroğlu, dayan!..
Sözlərini elə bəyan.
Yatıbsan qəflətdən oyan,
Gördüyün duşdumu, nədi?

Eyvaz qalxdı, genə bir məclis qurdu. Xanımlar, dəlilər hamısı Koroğlunun
başına yığışdılar. Yedilər, içdilər, kefləri kökəldi, damaqlar
çağaldı, inciklik yaddan çıxdı, əvvəlki kimi şirin dost, mehriban yoldaş
oldular. Bu zaman Koroğlu sazı sinəsinə basdı aldı görək nə dedi:

Allahı çağırıb düşərəm yola,
Bu dərdi sinəmdə qala qoymaram.
Qıratım həsrətlə yolum gözləyir,
Düşmənin əlində qala qoymaram.

Ah çəkərəm hərdən köysüm ötürrəm,
Yola düşüb mətləbimi bitirrəm,
Ya ölərəm, ya Qıratı gətirrəm,
Ayı dolansa da, ilə qoymaram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Hasan paşanın Çənlibelə gəlməyi

Qasid qasidin dalına düzülmüşdü. Xotkara gündə bir xəbər gəlib çatırdı.Özü də bir-birindən qara, bir-birindən bəd xəbərlər:

17 dəq
Mərcan xanımın Çənlibelə gəlməyi

Deyillər Həsən xanın üç oğlu, bir qızı qalmışdı. Böyük oğlununadı Əhməd, ortancılın adı Hümmət, kiçiyinin adı Mahmud, qızının da adı Mərcan xanımıydı.Aradan xeyli vaxt keçmişdi. Vaxt o vaxt olmuşdu ki, Mahmud böyüyüb girri bir cavan olmuşdu.

1 saat 50 dəq
Koroğlunun qocalığı

Koroğlu qocalmışdı. Dəlilər başından dağılmışdı. Davadan, vuruşdan yorulmuşdu.Yanında bircə vəfalı alagöz Nigar qalmışdı.

13 dəq
Koroğlu ilə Abdul xocanın görüşü

Sizə haradan xəbər verim, çardağlı Çənlibeldən. Çənlibeldə Qoç Koroğlu başında da yeddi min yeddi yüz yetmış yeddi dəlisi ilə məskən salmışdır. Heç bir tacir, bəzirgan Çənlibeldən keçib karvan apara bilməzdi. Günlərin bir günü Abdul Xoca Ərzurumdan gəlib Dərbəndə keçməli olur. Yolu Çənlibeldən düşür. Koroğlu da aylarla Ağ qayanın üstündə Abdul Xocanın yolunu gözləyir. Abdul Xoca Çənlibeldən keçən zaman Koroğlu Qıratın belində karvanın başı üstünü alır. Karvan dayanır. Abdul Xoca irəli çıxıb cibindən nal boyda qara pul çıxardıb Korogluya uzadır ki, igid, al, bu sənin yol basman. Koroğlu pulu alır, bir əli ilə əzib Abdul Xocanın üstünə atır. Abdul Xoca işi belə görüb karvana hərəkətə gətirir. Koroğlu bir çovlan edib, götürür "Şahsevəri" havasında görək nə deyir:Çənlibeldən gəldim sənə,

5 dəq

Başqa şairlərin şeirləri