Səhifə 3 / 3 · 67%

At belinə, dəlilərim,
Sizə qurban can, yerisin!..
Tutulubdu Dəmirçioğlu,
İyid, pəhlivan yerisin!..

Yağılar çəksin amanı,
Gözüm görməsin yamanı,
Leş-leşə verək düşmanı,
Axsın, qızıl qan yerisin!..

Qoç Koroğlu gələr coşa,
Polad qalxan tutar başa,
İyidlər dursun savaşa,
Qıraq sultan, xan yerisin!..

Dəlilər işi belə görəndə yaraxlanıb atlandılar. Koroğlu özü də Misri
qılıncını belinə bağladı, qalxan asdı, nizə götürdü, sıçrayıb tərlan quş
kimi Qıratın belinə qondu. Çənlibeldən ildırım kimi endilər. Üz tutub
Ərzurum sənsən getdilər. Dağları, daşları üz elədilər, dərələri, təpələri
düz elədilər. Özlərini Ərzuruma yetirdilər.
Koroğlu yenə də düşmanı yoxlamaq üçün aşıq paltarını geyinib,
dəliləri Ərzurumun dağlarında qoyub özü tək şəhərə girdi. Gəzə-gəzə
gəlib çıxdı meydana. Gördü Cəfər paşa başının adamları ilə buradadı.
Cəfər paşa onu görcək yanına çağırtdırıb dedi:
– Aşıq, Koroğlunun bir dəlisini tutdurub dərisini soydururam.
Deyirlər o dəli çox iyiddi, bir ondan oxu qulaq asaq.
Koroğlu belə baxanda gördü ki, Pəhlivan meydanının bir tərəfində
Dəmirçioğlunu zəncirə bağlayıblar. Cəlladlar ayaq tərəfindən soyub
dərisinə saman təpirlər. Cəfər paşa onun yanına gedib soruşdu:
– Hə dəli, necəsən, inciyirsən? Qorxursanmı?
Dəmirçioğlu paşanın cavabında dedi:
– Qoç Koroğlunun dəlisi heç qəm çəkib qorxarmı?
Koroğlu Dəmirçioğlunun bu sözünü eşidib aldı görək nə dedi:

Dəmirçioğlu, dəlilərim
Qisasını alar indi.
Sultana, paşaya, xana
Misri qılınc çalar indi.

Olum mən sənin qurbanın,
Mərd iyidsən qıydın canın,
Comərd dəlilər düşmanın
Yanar oda qalar indi.

Uymaz yağılar felinə,
Gərək Koroğlu bilinə,
Qızıb Ərzurum elinə,
Bir vəlvələ salar indi.

Koroğlu gördü Dəmirçioğlunun yarasından qan axır, taqətdən düşüb.
Məlul-məlul baxır, aldı əl üstü görək nə dedi:

Məlul-məlul nə baxırsan,
Dəmirçioğlu, Dəmirçioğlu?!
Canım odlara yaxırsan,
Dəmirçioğlu, Dəmirçioğlu?!

Dost dostdan aralı gərək,
Qovğaya varalı gərək,
İyidlər yaralı gərək,
Dəmirçioğlu, Dəmirçioğlu!..

Qoç Koroğlu eylər savaş,
Kəsər, tökər çox qanlı baş,
Telli xanım sənə peşkaş,
Dəmirçioğlu, Dəmirçioğlu!..

Koroğlu üzünü Dəmirçioğluna tutub oxuyurdu. Cəfər paşa dedi:
– Aşıq, onun indi boynunu vurduracağam, onda baxarsan, oxu.
Deyirlər Koroğlu nərə çəkəndə nərəsindən dağ-daş titrəyir. Koroğlu
kimi nərə çəkə bilərsənmi?
Koroğlu dedi:
– Çox yaxşı nərə çəkə bilərəm.
Aldı görək nə dedi:

Qul deyərlər qulun boynun burarlar,
Qullar qabağında gedən tirəm mən.
Hesablıya dağ da olsam əyilləm,
Bədhesaba yaman kinligirəm mən.

Qırram qoşununu xaki-pay kimi,
Bir qılınc vuraram Əmiray kimi.
Mən coşmuşam boz bulanıq çay kimi,
İnanma ki, neçə ilə sönəm mən.

Koroğlu da yatıb-yatıb oyanmış,
Misri qılınc qızıl qana boyanmış,
Mən poladam, dəmirçidə dayanmış,
Şüşəyəmmi əl dəyəndə sınam mən?

Koroğlunun nərəsinə dəlilər dağlardan tökülüb hər yandan qoşunu
qırmağa başladılar. Koroğlu Cəfər paşanı yerə vurub sinəsinə çökdü.
Misri qılıncı çəkib başını kəsmək istəyəndə Telli xanım özünü atasının
üstünə saldı, başından yaylığını açıb Koroğlunun ayağının altına atıb
dedi:
– Koroğlu, iyid basdığın kəsməz. Bu dəfə atamı mənə bağışla.
Koroğlu Cəfər paşanın sinəsinin üstündən qalxdı. Dedi:
– Get, səni Telli xanıma bağışladım. Ancaq bir də qabaqlaşsaq
əlimdən can qurtara bilməyəcəksən.
Cəfər paşanın qoşunu qırılan qırıldı, qırılmayanları qaçıb dağıldı.
Koroğlu davadan əl çəkib Telli xanımı, Dəmirçioğlunu götürüb Çənlibelə
yola düşdı.
Koroğlu ilə Eyvaz dəlilərin qabağında gedirdi. Yolun çoxunu getmişdilər,
azı qalmışdı. Çənlibelə yaxınlaşmışdılar. Bir də Koroğlu
üzünü Eyvaza tutub dedi:
– Eyvaz, get gör Dəmirçioğlunun yarası necədi, sağalırmı?
Eyvaz Dəmirçioğlunun yanına gəldi. Gördü yarasından qan o qədər
axıb ki, rəngi ağappaq ağarıb, elə zəifləyib ki, dili yoxdu danışa.
Nəfəsi zorla gedib-gəlir. Koroğlunun yanına qayıdıb dedi:
– Dəmirçioğlunun yarası çoxdu, sağalası deyil, bunu bu halda
Çənlibelə niyə aparırsan? Gəl buralarda bir yerdə qoyaq, rahat ölsün.
Eyvazın cavabında aldı Koroğlu görək nə dedi:

Binadan gözəl olmayan
Telin qədrini nə bilər?
Göydə uçan boz sərçələr
Gülün qədrini nə bilər.

Kəl qoşub kotan əkməyən,
Nanın süfrəyə tökməyən,
Arının qəhrin çəkməyən
Balın qədrini nə bilər.

Utan, Eyvaz xan, bir utan,
Dağların damənin tutan,
Namərdliklə başa çatan,
Elin qədrini nə bilər.

Koroğlu saz ilə dediyi kimi söz ilə də dedi:
– Eyvaz, mən dəlilərin hərəsini bir yerdə atıb getsəm, onda başımda adam qalmaz. Dəmirçioğlunu Çənlibelə aparacağam. Həkim tapacağam.
Yarasına dərman qoyub yağlayacağam. Əgər sağalsa bir yaxşı toy eyləyib Telli xanımı ona verəcəyəm. Sağalmayıb ölsə, onda da
Çənlibeldə basdıracağam.
Eyvaz səhvini başa düşüb dinmədi. Gəlib Çənlibelə çatdılar. Nigar xanım qabağa çıxdı. Dəmirçioğlunu yaralı, rəngi qaçmış görəndə özünü saxlaya bilməyib ağladı. Nigarı ağlar görən Koroğlu aldı görək nə dedi:

Ağlama alagöz Nigar!
Dəmirçioğlu sağalacaq.
Bağrıma basma köz, Nigar!..
Dəmirçioğlu sağalacaq.

Çənlibeldi mənə pənah,
Köksün ötürüb çəkmə ah,
Tapdıracam həkim, cərrah,
Dəmirçioğlu sağalacaq.

Koroğlu heç əyməz boyun,
Tutacam Telliynən toyun.
Kəsəcəm tuncu, qoç, qoyun,
Dəmirçioğlu sağalacaq.

Koroğlu bir həkim tapdırıb gətirtdi.
Dedi:
– Həkim, Dəmirçioğlunun yarasına yaxşı məlhəm eylə sağalsın.
Sənə xələt verəcəyəm. Yaxşı baxmasan, Dəmirçioğlu sağalmasa yəqin bil ki, səni onun yerinə öldürəcəyəm.
Həkim bilirdi ki, Koroğlunun sözü sözdür. Canı dilnən Dəmirçioğlunun yarasına əlindən gələn qədər yaxşı dava-dərman eləməyə başladı. Bir qədər keçdi, Dəmirçioğlu sappasağ olub ayağa qalxdı.
Koroğlu həkimə xələt verib yola saldı.
Koroğlu Çənlibeldə gözəl bir məclis düzəltdirib bir yaxşı toy qurdurub, Telli xanımı Dəmirçioğluna verdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri