Ləzgi Əhməd:Səndən xəbər alım, ay Dədə Qasım,O nədir ki, dürlü-dürlü halı var?Nədən xəlq olundu ərşin arğacı?O nədir ki, toxunmamış xalı var?

Xəstə Qasım:Sənə cavab verim, ay Ləzgi Əhməd,Bahardır ki, dürlü-dürlü halı var.Nurdan xəlq olundu ərşin arğacı,O buluddur, toxunmamış xalı var.

Ləzgi Əhməd:O nədir ki, dayanıbdır dayaqsız?O nədir ki, boyanıbdır boyaqsız?O nədir ki, doğar əlsiz-ayaqsız?Üç ay keçər, ayağı var, əli var?

Xəstə Qasım:Göy bir çadır, dayanıbdır dayaqsız,Ayla gündür, boyanıbdır boyaqsız,Qurbağadır doğar, əlsiz-ayaqsız,Üç ay keçər, ayağı var, əli var.

Ləzgi Əhməd:Ləzgi Əhməd deyər, gələr dalalar,Nə qumaşdır, satan olmaz alalar?O nədir ki, dimdiyindən balalar?O nədir ki, qanadında xalı var?

Xəstə Qasım:Xəstə Qasım deyər, yaşdır dalalar,O ağıldır, satan olmaz alalar.O buğdadır, dimdiyindən balalar,Kəpənəkdir qanadında xalı var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri