Ləzgi Əhməd:Səndən xəbər alım, ay Dədə Qasım,Kim xəta eylədi, qaldı üstə suç?Kim kimə buyurub, kimdən gətirdi?Neçə yaşındaydı qurban gələn qoç?

Xəstə Qasım:Sənə cavab verim, ay Ləzgi Əhməd,Qabil xəta etdi, qaldı üstə suç.Cəbrayıldı İsmayıla gətirdi,Yetmiş yaşındaydı qurban gələn qoç.

Ləzgi Əhməd:Nə quşdu, ildə bir yumurta salar?Onun yumurtası qar üstə qalar?Hansı ölən zaman, hansı sağalar?Ona kimlər deyər, dur, buradan uç?

Xəstə Qasım:Simurq quş ildə bir yumurta salar,Onun yumurtası qar üstə qalar.Ana ölən zaman bala sağalar,Cəbrayıl der: ona, dur, buradan uç.

Ləzgi Əhməd:Ləzgi Əhməd, heç vəsfindən doymazlar,O nədir ki, götürərlər qoymazlar?Kimlərdir ki, məzarı yox, yumazlar?Bu nə qonhaqondur, bu nə köçhaköç?

Xəstə Qasım:Xəstə Qasım, heç vəsfindən doymazlar,O ölüdür, götürərlər, qoymazlar.Atəşpərəstlərin məzarı yox, yumazlar,Dünya qonhaqondur, ölüm köçhaköç.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri