Məni bir şux bu gün xanə-xərab etdi yenə,Aldı aramımı, bitaqətü tab etdi yenə,Bürqə üzdən götürüb, kəşfi-niqab etdi yenə,Dili-məcruhü pərişanı kəbab etdi yenə,Didəmi əşki-dərun ilə pürab etdi yenə.

Gün kimi şölə verib sinədə əbyaz bədəni,Tazədən eşqə salıb məstü cünun etdi məni,

Saçı canlar yatağı, telləri dillər vətəni,Küfr zülfü talayıb Çinü Xətavü Xütəni,Ləşkəri-xalü xəti Hində cavab etdi yenə.

Keçdi əyyami-zimistan, yetişib fəsli-bahar,Eyləyib seyri-çəmən naz ilə ol türfə nigar,Dalısınca dəfü ney, saqiyu sağər – nə ki var,İçibən cami-məhobbətdən, olub məstü xumar,Açıban bəndi-qəba, tərki-hicab etdi yenə.

Yar hicr ilə “əlif” qəddimi “nun” etmiş idi,Arizusunda qara bağrımı xun etmiş idi,Ruzigarimi siyəh xalı zəbun etmiş idi,Gərçi əvvəl məni sərməstü cünun etmiş idi,Öldürüb, qoymadı, axırda səvab etdi yenə.

Müjəvü qəmzəvü göz, bir də kaman əbrulər,Hamı bir yanə və bir yanə haman əbrulər,Bir qatı yaydürür dananişan əbrulər,Zakiri-xəstədilin, gör, nə yaman əbrulərCismi-zarın hədəfi-tiri-şəhab etdi yenə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq