Bəkir Çobanzadənin qərib ruhu
Bəkir Çobanzadə — elmin sultanı,
Sultanlar taxtına yaraşan alim.
Oğuzun, qopuzun ruhundan gələn,
Böyük zəkalarla yarışan alim.
Bəkir Çobanzadə — çağlayan, axan,
Qəfil fitnələrə tuş gələn alim.
Taleyi hamını yandırıb-yaxan,
Şöhrəti hamıya xoş gələn alim.
Bir türk oğlu kimi gəldi dünyaya,
Bir millət oğlutək ucaldı getdi.
Qoca İstanbula, qədim Krıma,
Sevdalı Bakiya ün saldı getdi.
Krım doğulduğu müqəddəs məkan,
Krım sığındığı mehriban ana.
Onu töhvə kimi verdi Yaradan,
Verdi qoca Şərqə, Azərbaycanal
Əsrin zəlzələsi, vaxtın tufanı,
Onu da sındırdı, apardı getdi.
Kökü min illərə söykənən ruhu,
Sağlam bir bədəndən qopardı getdi.
Göyün Allahını unutmuşdular,
Göyün altındakı yer ilahlarıf.
İblislə, şeytanla əlbir, əməl bir,
Fitnə ilahları, şər ilahları.
Mərmi yağışıydı sorğu-suallar,
Hər gün baş gedirdi, bədən gedirdi.
Hər gedən oğulla bir ocaq sönür,
Hər gedən atayla Vətən gedirdi.
Səkkiz dil bilirsə bir dil sahibi,
Bir də danışmasın, dilini kəsin.
Yüz əsər yazırsa bir əl sahibi,
Qoy bir də yazmasın, əlini kəsin.
Krım türklərinin düşünən başı,
Krım türklərinin yazan əliydi.
O baş bir gecədə ağarmalıydı,
O əl bir gecədə kəsilməliydi.
Kürəyə sancılan qanlı nizəydi,
Ürəyə sancılan ox idi böhtan.
Səhranın qumundan dağın daşından,
Göyün yağışından çox idi böhtan.
Qarışıq yuxular görürdü dünya,
Bayquş nəfəsitək əsirdi yellər.
Bakıda qılınclar itilənirdi,
Sibirdə qılınctək kəsirdi yellər.
İz saldı alim tək yaddaşlarda o,
Dindi nəğmə kimi, ötdü sim kimi.
Zamanın amansız ittihamları,
Onu da dindirdi müttəhim kimi.
Müstəntiq:
Qəlbindən nə keçir, nə düşünürsən,
Ovcumun (çitək bilirəm bunu.
Birdi, gizləsən də, gizləməsən də,
Bilirəm mən sənin kim olduğunu.
Çobanzadə:
Mənim kimliyim də, nəçiliyim də,
Hamıya aydındı, hamıya bəlli.
Həqiqət hər şeydən ucadır, uca,
Budur dar ayaqda mənə təsəlli.
Müstəntiq:
Onsuz da nə varsa dedirdəcəyəm,
Ancaq həqiqəti demirsənsə, sus.
Vurub öz möhrünü səni satanlar,
“Türkiyə agenti”, “iranlı casus”l
Çobanzadə:
Mənim duyğularım nur içindədir,
Sən orda nə cürə yazırsansa, yaz.
Böyük ideallar adamıyam mən,
Elmlə şeytanlıq bir yerə sığmaz.
Müstəntiq:
Krım firqəsinə rəhbər olmusan,
Maskadı qazanıb çatdığın ad-san.
Sovet dövlətini dağıtmaq üçün,
Turan dövlətinin xəyalındasanl
Çobanzadə:
Vəzifəm olubsa məmləkətimdə,
Burda xoşagəlməz bir cəhətmi var?
Türkəmsə, türklərə bağlıyam demək,
Milləti sevməkdə qəbahətmi var?
Müstəntiq:
Pantürkist, millətçi, Turançı, türkçü,
Tutduğun işləri danmaq çətindir.
Dövlət əleyhinə iş aparmısan,
Bu, sənin ən böyük cinayətindir.
Çobanzadə:
Sevmişəm milləti, torpağı, yurdu,
Sevmək cinayətsə, cinayətkaram.
Məni öldürsən də, güllələsən də,
Bir həqiqət kimi dünyada varam.
Müstəntiq:
Sənin varlığını yox etmək üçün,
Mənə bir saat yox, bir an bəsdi, bəs.
Barmaqdı, tətikdi, başdı, güllədi,
Alnında açılan nişan bəsdi, bəs.
Çobanzadə:
Nə tətik çatandı, nə güllə batan,
Alnım üfüqlərdə ulduzdu, Aydı.
Millətəm, dövlətəm, Türkəm, Turanam,
Qəlbim dünya boyda geniş saraydı.
Uzandı aylarla, həftələr ilə,
Ruhu şikəst edən sorğu-suallar.
Nə qədər insanın ömrü tükəndi,
Bitib-tükənmədi bu qilü-qallar.
Pantürkist damğası, ölüm maşını,
Endi nur üstünə bir qara pərdə.
Bağlandı kitablar, kitabxanalar,
Alimlər can verdi məhkəmələrdə.
İblis libasına, şeytan donuna,
Cəllad sifətinə girdi o dövlət.
Krımda doğulan Çobanzadəni,
Bakıda güdaza verdi o dövlət.
Ən dəhşətli ağrı, ən acı güllə,
Krım türklərinin oğluna dəydi.
Böyük bir ürəyi deşən güllələr,
Türkün ürəyinə, ağlına dəydi.
Allahı yoxdumu arxasızların,
Güdaza gedənlər tənhamı, təkmi?
Özünə bir sual vermədi cəllad,
Bir də Çobanzadə yetişəcəkmi?
Bəkir əfəndiyə güllə dəyəndə,
Krımda ay tərsə, gün nəsə döndü.
Daraldı alimin, elmin göyləri,
Zindana, məzara, məhbəsə döndü.
Baş əydi bu dərdə qoca zirvələr,
Yeddi qat büküldü haça zirvələr.
Endi ucalardan uca zirvələr,
Dağ düzə çevrildi, zil pəsə döndü.
Dərmansız dərd ilə öldü dədələr,
Dildə zəhər oldu dolu badələr.
Getdi neçə-neçə Çobanzadələr,
Türk üçün gen dünya qəfəsə döndü.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bekir-cobanzadenin-qerib-ruhu
← → düymələri ilə keçid, R — təsadüfi şeir