Bilsəydim qanımı qaraldacaqlar,Bilsəydim səbrimi daraldacaqlar,Min dəfə qəlbimdə su bulandırıb,Bir dəfə halımı duruldacaqlar,Heç enib gəlməzdim o ucalıqdan!

Qartalı sərçəyə döndərən də var,Zirvədən dərəyə endirən də var,Kişilər yurd salar, ocaq yandırar,Bilsəydim ocağı söndürən də var,Heç enib gəlməzdim o ucalıqdan!

Bazarın min adda nırxı varıymış,Hər nırxın bir cürə çarxı varıymış,Birsifət görmüşdüm mən adamları,Bilsəydim otuzu, qırxı varıymışHeç enib gəlməzdim o ucalıqdan!

Yalan boğaz olub doğa bilərmiş,Kül olub başlara yağa bilərmiş,Bilsəydim qeybətlər, dedi-qodularTutub adamları boğa bilərmiş,Heç enib gəlməzdim o ucalıqdan!

Ağlı kəsə-kəsə haqqı danan var,Bütöv ola-ola xırdalanan var,Bilsəydim papağı günə yandırıbElə boş-boşuna qurdalanan var,Heç enib gəlməzdim o ucalıqdan!

Dağlarda mərdliyin mülkü varıymış,Saflığın əzəli, ilki varıymış.Çöllərdə görmüşdüm, şəhər içində –Bilsəydim bu qədər tülkü varıymış,Heç enib gəlməzdim o ucalıqdan!

Əzdi, tapdaladı, əzildi insan,Əzilə-əzilə üzüldü insan.Ürək sındırmağa, könül qırmağaBilsəydim bu qədər rəzildi insan,Heç enib gəlməzdim o ucalıqdan!

Dağda daş olardım, zirvədə qaya,Qalxardım Günəşə, uçardım Aya.Bilsəydim bu qədər yerdə günah var,Göylərdən baxardım mən bu dünyaya,Heç enib gəlməzdim o ucalıqdan!

Bəlkə düz demədim... mən – sel axarı,Gəlmişəm, gedirəm üzü bahara.Gəlmişəm qəhr edim alçaqlıqları,Qaldırım yurdumu ucalıqlara!!!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri