Uçqun gördüm, heyrətimdən uçundum,Məzar saydım uçurumu bu yerdə.Lovğalanıb heç saymırdım dağları,Yaman açdı puçurumu bu yerdə.

Boz dumanlar oyur-oyur oynadı,Qara yellər gülmək güldü, nə güldü.Sel apardı ayağımın altını,Başım üstə şimşək güldü, nə güldü.

Daş əlimi dilim-dilim eylədi,Yıxılanda sıldırımdan yapışdım.Sağ əlimi dayaq verdim dağlara,Sol əlimlə ildırımdan yapışdım.

Çınqıllarda parçalandı heyrətim,Gözlərimi dərə çəkdi bu yerdə.Elə bildim dağ tərpəndi yerindən,Daşaltı bir nərə çəkdi bu yerdə.

Baxıb dedi: inad sənsən, yoxsa mən,Sərt qayalar inadımı saymadı.Havalanıb qartal olmaq istədim,Qarlı zirvə qanadımı saymadı.

İndi bildim nə deməkdir ucalmaq,Nələr çəkib zirvələrə çıxanlar.Neçə dəfə yıxılarmış, durarmış,Şöhrətiylə dağ şöhrəti yıxanlar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri